Artrit (oynaq iltihabı) nədir? Artritli xəstələrin çəkinməli olduğu 5 qida

Bu məqalədə
Artrit oynaqlarda yaranan iltihabi vəziyyətlə xarakterizə edilən xəstəliklər qrupudur. Artrit oynaqlarda ağrı, şişkinlik və sərtliyə səbəb olur. Xüsusilə uzun müddət davam edən və bəzən çox şiddətli olan ağrı artrit xəstələrinin ən böyük şikayətidir. İstifadə olunan ağrıkəsicilərlə ağrı azala bilər. Bununla yanaşı, qidalanma tərzinin də artrit əlamətlərinin artmasında və yüngülləşməsində təsirli rol oynaya biləcəyi iddia edilir. Xüsusilə doymuş yağ və şəkər kimi iltihabyaradıcı qidaları və purin tərkibi yüksək qidaları pəhrizdən çıxarmağın simptomları yüngülləşdirməyə kömək edəcəyi düşünülür.
Artritin ən yayılmış növü osteoartritdir. Digər artrit növləri isə bunlardır:
- Revmatoid artrit (RA)
- Psoriatik artrit
- Yuvenil idiopatik artrit
- Podaqra
- Lupus
- Ankilozlaşdırıcı spondilit.
Qidalanma tərzi artrit əlamətlərini azaldırmı?
Artrit zamanı düzgün qidalanma
- Orqanizmdə iltihab səviyyələrini azaltmağa kömək edir
- Çəkiyə nəzarəti təmin edir
- Toxumaların sağlamlığını və sağalmasını dəstəkləyir
Normal şəraitdə iltihab orqanizmin bakteriyalara qarşı müdafiəsinə və yaraların sağalmasına kömək edir. İltihab lazım olduğundan uzun davam etdikdə isə xroniki simptomlar yarana bilər.
İstehlak edilən qidaların iltihab səviyyəsinə təsirləri var. Bəzi qidalar iltihabyaradıcı təsir göstərir, bəziləri isə iltihabəleyhinə təsirə malikdir. Amerika Birləşmiş Ştatlarında artritlə yaşayan insanların ehtiyaclarını qarşılamaq üçün çalışan qeyri-kommersiya təşkilatı Artrit Foundation-a görə:
- İltihabəleyhinə qidalar artrit ağrılarını azalda və xəstəliyin irəliləməsini ləngidə bilər.
Artrit xəstələrində çəkiyə nəzarət olduqca faydalıdır. Səbəb yağ hüceyrələrinin iltihabı artıran və sitokin adlandırılan immun hüceyrələrini artırmasıdır. Buna görə artrit xəstələri çəkilərinə nəzarət etməklə ağrıların azalmasına töhfə verə bilərlər.
Artrit zamanı uzaq durulmalı qidalar
1. İltihabi cavabı artıran yağlar
Bəzi yağ növləri orqanizmdə iltihabı artıra bilər. Buna görə pəhrizdə bu yağları məhdudlaşdırmaq lazımdır.
- Omeqa 6 yağ turşuları: Qarğıdalı, saflor, günəbaxan və bitki yağları. Orta miqdarda istehlak edildikdə zərərli olmasalar da, çox istehlak simptomları artıra bilər.
- Doymuş yağlar: Kərə yağı, süd və süd məhsulları, qırmızı ət kimi heyvani qidalar, xurma yağı, kokos yağı və palma yağında doymuş yağ var. Doymuş yağlardan mümkün qədər uzaq durmaq faydalıdır. Lakin gündəlik ümumi kalori qəbulunun %10-undan az olmaqla məhdudlaşdırıldıqda istehlakı zərərli olmayacaq. Məsələn, gündəlik enerji tələbatı 2000 kalori olan şəxsin gündəlik doymuş yağ qəbulu 200 kaloridən, yəni 20 qram doymuş yağdan çox olmamalıdır.
- Kokos yağı: yüksək miqdarda doymuş yağ ehtiva etsə də, iltihabyaradıcı təsir göstərmədiyi, hətta iltihabın azalmasına kömək edə biləcəyi düşünülür. Lakin tam sübuta yetirilmədiyindən daha çox tədqiqata ehtiyac var.
- Trans yağlar: Maye yağların bərk formaya çevrilməsi ilə alınan trans yağlar (məsələn, marqarin) sağlamlıq üçün ən zərərli yağ qrupu kimi tanınır. Trans yağlar yaxşı xolesterin kimi tanınan “HDL” xolesterinini azaldır, pis xolesterin kimi tanınan “LDL” xolesterinini isə artırır. Trans yağları pəhrizdən tam çıxarmaq faydalıdır. Tövsiyə olunan gündəlik trans yağ həddi gündəlik kalorinin %1-i qədərdir.
2. Şəkər
Çox şəkər istehlakı iltihabı artırmaqla yanaşı, piylənmə və digər xroniki xəstəliklər riskini də artırır. Bu il “Nutrients” jurnalında dərc edilmiş tədqiqat müntəzəm olaraq yüksək şəkərli içkilər içən şəxslərdə revmatoid artrit yaranma riskinin daha yüksək olduğu nəticəsinə gəlib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik sadə şəkər qəbulunu gündəlik kalori tələbatının %10-undan az, sağlamlığı daha da yaxşılaşdırmaq üçün isə %5-dən aşağı saxlamağı tövsiyə edir.
- Sadə şəkər: İstehsalçı, aşpaz və ya istehlakçı tərəfindən qidalara əlavə edilən bütün monosaxaridlər və disaxaridlər sadə şəkərdir. Bununla yanaşı, sadə şəkərlər balda, şərbətdə və meyvə şirələrində təbii şəkildə də mövcuddur. Meyvə, tərəvəz və ya süddəki şəkərlər sadə şəkər deyil.
Marketdən alınan qablaşdırılmış məhsullar yüksək miqdarda şəkər ehtiva edə bilər. Buna görə səhər yeməyi yarmaları, sərinləşdirici içki, sous və s. məhsulların şəkər tərkibini yoxlamaq üçün qida dəyəri etiketlərini oxumaq faydalıdır.
3. İrəliləmiş qlikasiyanın son məhsulları (AGE)
AGE-lər toxumalarda toplana bilən iltihabyaradıcı birləşmələrdir. 2017-ci ildə “Patient Education” jurnalında dərc edilmiş tədqiqat revmatoid artriti olan insanların orqanizmində AGE səviyyələrinin artdığı nəticəsinə gəlib. Buna görə orqanizmdə AGE səviyyələrini azaltmağın iltihabı azalda biləcəyi düşünülür.
Şəkər və yağ istehlakı orqanizmdə AGE səviyyələrini artırır. Bununla yanaşı, qidaların yüksək temperaturda bişirilməsi və emal üsulları da orqanizmdə AGE səviyyələrini yüksəldir.
4. Badımcançiçəklilər fəsiləsi
Badımcançiçəklilər fəsiləsi solanin adlı birləşmə ehtiva edən tərəvəzlər qrupudur. Bu tərəvəzlərin artrit simptomlarını artırdığına dair sübut yoxdur. Lakin onları pəhrizdən çıxarmağın simptomları yüngülləşdirməyə kömək edə biləcəyi düşünülür.
Badımcançiçəklilər fəsiləsinə aid tərəvəzlər:
- Pomidor
- Bibər
- Pul bibər
- Badımcan
- Kartof
Artrit Foundation bu fəsiləyə aid tərəvəzlərin istehlakının ağrını artırdığını müşahidə edən şəxslərə bir neçə həftə bu qidaları yeməməyi, sonra isə onları bir-bir pəhrizə daxil etməyi tövsiyə edir.
5. Purinlə zəngin qidalar
Purin normal pəhrizin bir hissəsi olan qida və içkilərdə mövcud birləşmədir. Orqanizm purinləri metabolizə edir və sidik turşusu adlanan tullantı məhsul yaradır.
Podaqra zamanı həkim adətən dərman müalicəsi ilə yanaşı, purini məhdudlaşdırılmış pəhriz tövsiyə edir. Səbəb sidik turşusunun qan dövranında toplanaraq podaqra tutmalarını artıra bilməsidir.
Amerika Birləşmiş Ştatlarında ictimai sağlamlıq və təhlükəsizliyin təmin edilməsi üzrə çalışan “Centers for Disease Control and Prevention (CDC)” qurumu purinlə zəngin qidaları belə müəyyən edib:
- Qırmızı ət
- Qaraciyər kimi içalat ətləri
- Pivə və digər alkoqollu içkilər
- Sucuq, sosis, salam kimi emal edilmiş ət məhsulları
- Midiya kimi dəniz məhsulları.
Göbələk, ispanaq, gül kələmi, qulançar kimi tərəvəzlərin və quru paxlalıların da purin tərkibi yüksəkdir. Lakin podaqra tutmalarını alkoqol və heyvani qidalar qədər artırmadığı düşünülür.
Artrit zamanı istehlakı tövsiyə edilən qidalar
İltihabəleyhinə yağlar
- Doymamış yağlar: Zeytun yağı, avokado yağı, fındıq və fındıq yağında iltihabəleyhinə təsirə malik “oleokantal” adlı birləşmə mövcuddur.
- Omeqa-3 yağ turşuları: Qızılbalıq, sardina və siyənək kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ehtiva edir. Vegetarian və veqan şəxslər isə qoz və ya qoz yağı istehlak etməklə omeqa-3 qəbulunu artıra bilərlər. Həkim nəzarəti ilə qəbul edilən balıq yağı kapsulları ilə də omeqa-3 qəbulu artırıla bilər. Tədqiqatlar gündə 600mg-1000mg balıq yağı qəbulunun oynaqlardakı sərtliyi, şişkinliyi və ağrını yüngülləşdirə biləcəyini bildirir.
Tərəvəz və meyvələr
Sağlamlığa faydaları saysız olan tərəvəz və meyvələr artritli şəxslərdə simptomları azalda bilər.
Artrit Foundation-ın artrit zamanı istehlakını tövsiyə etdiyi tərəvəz və meyvələr:
- Soğan, sarımsaq və kəvər: Bu tərəvəzlər iltihabəleyhinə birləşmə olan kversetin ehtiva edir.
- Şirin kartof, balqabaq və yerkökü: Narıncı və qırmızı tərəvəzlər antioksidant olan karotenoid ehtiva edir.
- Yaşıl yarpaqlı tərəvəzlər: Kələm, brokoli, pazı və ispanaq kimi tərəvəzlərin antioksidant tərkibi yüksəkdir. Həmçinin sümük sağlamlığı üçün lazım olan kalsium ehtiva edirlər.
- Sitrus meyvələri, kivi və çiyələk: Bu meyvələr antioksidant vitamin olan C vitamini ilə zəngindir. C vitamininin sümük və qığırdağı qorumağa kömək edə biləcəyi düşünülür.
İltihabəleyhinə pəhriz nədir?
İltihabəleyhinə qidalanma modeli həm sağlamlığın yaxşılaşmasına, həm də artrit xəstələrində simptomların azalmasına kömək edəcək. Aralıq dənizi pəhriz modeli iltihabəleyhinə təsir göstərən pəhrizlər arasında ən çox araşdırılmış modeldir.
- Əlaqəli mövzu: Aralıq dənizi pəhrizinin sağlamlığa faydaları və metabolik təsirləri – Necə dünyanın ən yaxşı pəhrizi oldu?
Aralıq dənizi pəhriz modeli əsasən tərəvəz, meyvə, tam taxıl, quru paxlalı, balıq, yağsız ağ ət, zeytun yağı və çərəz istehlakını tövsiyə edir. Bununla yanaşı, süd və süd məhsullarının orta miqdarda istehlakını, şəkər, alkoqol və qırmızı ət istehlakının isə məhdudlaşdırılmasını müdafiə edir.
Arthritis Foundation Aralıq dənizi pəhriz modelinin osteoartritli şəxslərdə iltihabı və ağrını azalda, sınıq riskindən qoruya biləcəyini bildirir. Tətbiqi və davam etdirilməsi ən asan pəhriz modellərindən biri olan Aralıq dənizi pəhrizinə əməl edən şəxslər çəkilərinə də nəzarət edə bilirlər.
2018-ci ildə Arthritis Research and Theraphy jurnalında dərc edilmiş, 1721 revmatoid artrit xəstəsi və 3667 nəfərlik nəzarət qrupunun daxil olduğu genişmiqyaslı tədqiqat
- Aralıq dənizi pəhrizinə əməl edən şəxslərdə revmatoid artrit yaranma riskinin daha aşağı olduğu nəticəsinə gəlib.
2018-ci ildə The Open Rheumatology jurnalında dərc edilmiş başqa tədqiqat isə Aralıq dənizi pəhrizinin yüksək antioksidant tərkibinin
- revmatoid artritli xəstələrdə ağrını azalda biləcəyini bildirir.
Artrit xəstələrinə kömək edə biləcək digər tövsiyələr:
- Yüngül intensivlikli məşq: Gəzinti, üzgüçülük və velosiped sürmə kimi aşağı templi məşqlər oynaqları zədələmədən aktiv qalmağa kömək edir.
- Bişirmə üsulları: Bişirmə zamanı istifadə olunan üsullar qida dəyəri itkilərini artıra və ya azalda bilər. Qaynatmaq əvəzinə buxarda bişirmək, yaxud bol yağda qızartmaq əvəzinə az yağla sotə etmək və ya qrildə bişirmək qida dəyəri itkilərinin qarşısını almaq və qidaları daha sağlam şəkildə istehlak etmək üçün faydalıdır.
- Günəşlənmək: Bəzi qidalarda az miqdarda D vitamini var. Lakin bu qidaları istehlak etmək tələbatı qarşılamaq üçün yetərli olmayacaq. Buna görə yetərli D vitamini qəbulu üçün gündə 15-20 dəqiqə günəşlənmək lazımdır. Günəşdən alınan D vitamini kalsiumun sorulmasını artıraraq sümük sağlamlığını yaxşılaşdırır.
Xülasə / Şərh
Artrit xəstələrinin orqanizmdə iltihabı artıran təsirlərə malik şəkər, trans yağ və doymuş yağ kimi qidaları pəhrizdən çıxarması və ya məhdudlaşdırması lazımdır. Purinlə zəngin qidalar da simptomların pisləşməsinə töhfə verə bildiyindən, onların da pəhrizdə məhdudlaşdırılması faydalıdır. Tərəvəz, meyvə, doymamış yağ və omeqa-3 yağ turşularının istehlakı isə orqanizmdə iltihabəleyhinə təsir göstərir. Bu tövsiyələrə baxdıqda bir çox xəstəliyin qarşısının alınması və müalicəsində olduğu kimi yenə Aralıq dənizi pəhrizinə yönəlirik. Bu pəhrizin sağlamlığı yaxşılaşdırdığını və iltihabı azaltmağa kömək etdiyini bildirən çoxlu tədqiqat var. Buna görə ümumi sağlamlığı yaxşılaşdırmaq, artrit riskini azaltmaq və artrit simptomlarını yüngülləşdirməyə kömək etmək üçün Aralıq dənizi pəhrizinə əməl etməyi tövsiyə edə bilərik.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.