Beyin metastazlı HER-2 müsbət süd vəzi xərçəngində təsirli müalicə: Tucatinib

HER-2 müsbət metastatik süd vəzi xərçəngi olan xəstələrin əhəmiyyətli hissəsində xəstəliyin gedişi ərzində beyin metastazı görülə bilər. Bu xəstələrdə yaranan beyin metastazının idarə edilməsində sistemik müalicəyə əlavə olaraq yerli hədəflənmiş müalicələrdən (cərrahiyyə, stereotaktik radiocərrahiyyə və/və ya bütün beynin radioterapiyası) istifadə edilir. Ancaq bu müalicə yanaşması, ASCO 2020də təqdim olunan tədqiqatla dəyişəcək kimi görünür. Tucatinibin trastuzumab və kapesitabin ilə üçlü kombinasiyada istifadəsinin bu xəstələrdə klinik fayda verdiyini göstərən elmi sübut, HER2CLIMB klinik tədqiqatının alt qrup analizinin nəticələri ilə ortaya qoyuldu.
HER2CLIMB tədqiqatı və tucatinib
Ümumilikdə 612 xəstənin iştirak etdiyi HER2CLIMB çoxmərkəzli, randomizə edilmiş nəzarətli, ikiqat kor faza-III klinik tədqiqatdır. 2019 San Antonio Süd Vəzi Simpoziumunda əvvəllər trastuzumab, pertuzumab və ado-trastuzumab emtansine (T-DM1) ilə müalicə olunmuş, yerli irəliləmiş və ya metastatik HER2 müsbət süd vəzi xərçəngi olan 612 xəstədə tucatinibin trastuzumab və kapesitabin ilə kombinasiyasının nəticələrini qiymətləndirən tədqiqat təqdim edildi. Sonra bu tədqiqatın nəticələri FDA-nın 17 aprel 2020-də tucatinib üçün verdiyi təsdiqin sübutunu təşkil etdi (baxın).
Alt qrup analizinin dizaynı və nəticələri
- HER2CLIMB-a daxil edilən 612 xəstənin 291-ində başlanğıcda beyin metastazı və ya beyin metastazı anamnezi vardı (tucatinib qolunda 198 xəstə, nəzarət qolunda 93 xəstə).
- Müalicə edilmiş, stabil beyin metastazı olan xəstələrin sayı başlanğıcda tucatinib qolunda 80, nəzarət qolunda 37 idi. Aktiv irəliləyən beyin metastazı tucatinib qolunda 118 xəstədə, nəzarət qolunda 56 xəstədə vardı. Hər iki qoldakı xəstələrin demək olar hamısında (hər iki qol üçün təxminən %97) beyindən kənarda eyni vaxtda müşayiət edən xəstəlik vardı. Göründüyü kimi, xəstəlik xüsusiyyətlərinin paylanması ümumi tədqiqat randomizasiyasına (təsadüfi bölgüyə), yəni 2:1 nisbətinə uyğun idi.
- Mərkəzi sinir sistemi (MSS) üçün 1 illik proqressiyasız sağqalım müddətinin (PFS, yeni müalicədən xəstəliyin pisləşməsinə, irəliləməsinə qədərki müddət) müşahidə edildiyi xəstələrin nisbəti tucatinib qolunda %40,2 (%95 CI; %29,5–%50,6), nəzarət qolunda isə %0 idi. Median MSS-PFS tucatinib qolunda 9,9 ay, nəzarət qolunda 4,2 ay idi.
- İntrakranial (kəllədaxili) xəstəliyin irəliləməsi və ya ölüm riski tucatinib qolunda %68 daha az aşkarlandı (HR, 0,32; %95 CI; 0,22–0,48).
- Ölüm riski tucatinib qolunda %42 az aşkarlandı (OS üçün HR, 0,58; %95 CI; 0,40–0,85). Median ümumi sağqalım tucatinib alan xəstələrdə 18,1 ay, nəzarət qrupunda 12 ay idi.
- Tucatinib qolunda intrakranial müalicə cavabı (ORR-IC) nəzarət qolundan yüksək idi. Tucatinib qolunda xəstələrin %5,5-ində tam ORR-IC, %43,6-sında qismən ORR-IC görüldü.
- Həm aktiv beyin metastazı, həm də stabil beyin metastazı olan xəstələrdə tucatinibin MSS-proqressiyasız sağqalım və median ümumi sağqalım baxımından fayda verdiyi görüldü. Lakin yalnız median ümumi sağqalım stabil beyin metastazı olan xəstələrdə statistik əhəmiyyətə çatmadı (stabil metastazlı xəstələrdə hesablanmış 1 illik OS tucatinib qolunda %67,6; nəzarət qolunda isə %55,6 [HR, 0,88; %95 CI; 0,45–1,70; p= .696]).
Tədqiqatın mənası
Xülasə olaraq, bu alt qrup analizi əvvəllər müalicə almış (T-DM1, pertuzumab, trastuzumab) beyin metastazı olan HER-2 müsbət süd vəzi xərçəngi xəstələrində tucatinibin transtuzumab və kapesitabinə əlavə edilməsinin intrakranial müalicəyə cavab nisbətini ikiqat artırdığını, MSS proqressiyası və ya ölüm riskini 3-də 2 nisbətində azaltdığını və ölüm riskini təxminən yarıya endirdiyini göstərdi. Tucatinib yuxarıda qeyd edilən xüsusiyyətlərə malik xəstələrdə şişə qarşı effektivliyi randomizə edilmiş nəzarətli klinik tədqiqatla göstərilən ilk müalicə vasitəsi oldu.
Tucatinibin təsir mexanizmi necədir?

HER-2 (insan epidermal böyümə faktoru reseptoru-2), EGFR (epidermal böyümə faktoru reseptorları) ailəsinin üzvü olan tirozin kinaz reseptorudur. Bu ailənin üzvlərinə EGFR (HER 1/erbB1), HER2 (neu/erbB2), HER-3 (erbB3) və HER-4 (erbB4) daxildir. Hüceyrə membranındakı bu reseptorlara müxtəlif liqandların (müvafiq siqnalı hüceyrədən kənarda daşıyan molekul) bağlanması nəticəsində reseptorlar dimerləşir və hüceyrədaxili bir sıra siqnal molekullarının aktivləşməsi başlanır. HER-2 hüceyrə membranında digər HER-2 (homodimer) və ya HER-3 (heterodimer) ilə dimer (ikili struktur) yarada bilər.
Hazırda istifadə olunan trastuzumab və pertuzumab bu reseptora qarşı hazırlanmış monoklonal anticisimlərdir (Trastuzumab bir HER-2-yə bağlanaraq təsir göstərərkən Pertuzumab reseptorun dimerləşməsini pozur). Beləliklə, həm bu reseptorların vasitəçilik etdiyi yollar bloklanır, həm də anticisimdən asılı hüceyrə sitotoksikliyi–immun cavab yaradılır. Ado-trastuzumab-emtansin isə sitotoksik dərman olan DM1-in trastuzumaba bağlandığı böyük molekullu dərmandır.
Bunlardan başqa, tirozin kinaz reseptorlarının aktivliyini pozan dərmanlar mövcuddur. Tucatinib məhz HER2 reseptor tirozin kinazına yüksək spesifikliklə təsir edən reversibil (geridönən), kiçik molekullu inhibitordur. Tucatinibin EGFR ailəsindəki digər epidermal böyümə faktorları ilə müqayisədə HER-2-yə yüksək spesifiklik göstərməsi vacibdir (HER-2 üçün digər EGFR-lərə nisbətən 1000 dəfədən çox effektivlik göstərir). Tucatinib HER-2 aktivliyini əngəlləyərək MAPK və PI3K/AKT kimi aşağı istiqamətli hüceyrədaxili siqnal yollarının fəaliyyətini dayandırır. Beləliklə, şiş hüceyrələrinin nəzarətsiz bölünməsi, sağqalım qabiliyyəti və metastaz ehtimalı azalır.
Mənbələr
Kulukian, A., et al. (2020). "Preclinical Activity of HER2-Selective Tyrosine Kinase Inhibitor Tucatinib as a Single Agent or in Combination with Trastuzumab or Docetaxel in Solid Tumor Models." Mol Cancer Ther 19(4): 976-987.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.