BioNTech peyvəndinin yan təsirləri ilə Covid-19 infeksiyasının ağırlaşmalarının müqayisəsi

2019-cu ildən bu günədək bütün dünyanın ortaq probleminə çevrilən ağır kəskin respirator sindrom koronavirusu–2-yə (SARS-CoV-2) qarşı hazırlanmış və ötən günlərdə FDA (ABŞ Dərman və Qida İdarəsi) tərəfindən təsdiqlənən yeganə Covid-19 peyvənd növü olan mRNA peyvəndinin nə dərəcədə təhlükəsiz olduğu və yan təsirləri maraq doğururdu. Bununla bağlı bəzi sualları cavablandırmaq üçün aparılan və 25 avqustda NEJMjurnalında dərc edilən tədqiqatda BioNTech tərəfindən istehsal edilən BNT162b2 peyvəndininyan təsirləri ilə SARS-CoV-2 virusuna yoluxduqda yarana biləcək ağırlaşmalar müqayisə edildi. Yəni peyvəndin yan təsirləri daha risklidir, yoxsa Covid-19-a bağlı ağırlaşmalar?
İsraildən 1.7 milyondan çox iştirakçının yer aldığı bu tədqiqatda BNT162b2 peyvəndinin təhlükəsizlik məlumatları ətraflı təhlil edildi.
SARS-CoV-2-yə yoluxmaq, yoxsa mRNA peyvəndi (BioNTech) ilə qorunmaq?
Tədqiqatda göstərilən hər yan təsir üçün əvvəllər həmin yan təsirlərə dair heç bir diaqnoz qoyulmamış şəxslər seçildi. Həmçinin peyvənd olunan və olunmayan şəxslər klinik dəyişənlərə görə uyğunlaşdırıldı. Eyni yan təsirlər həm peyvənd olunma, həm də SARS-CoV-2-yə yoluxma zamanı ayrı-ayrılıqda təhlil edildi.
İnfeksiyaya bağlı miokardit (ürək əzələsinin iltihabı) riski peyvəndlə müqayisədə 6 dəfə çoxdur
Peyvənd olunan hər 100 min nəfərdə müşahidə edilən yan təsirlər və risk nisbətləri belədir;
- Miokardit = Hər 100 min nəfərdə 3.24 nəfər
- Limfadenopatiya = 2.43
- Appendisit = 1.40
- Herpes zoster infeksiyası = 1.43
SARS-CoV-2 infeksiyası nəticəsində əhəmiyyətli artan yan təsirlərin bəziləri bunlardır;
- Miokardit = Hər 100 min nəfərdə 18.28 nəfər
- Perikardit (ürək qişasının iltihabı) = 5.39
- Aritmiya (ürək ritminin pozulması) = 3.83
- Dərin vena trombozu (venanın tutulması) = 3.78
- Ağciyər emboliyası = 12.14
- Ürək tutması = 4.47
- İntrakranial (kəllədaxili) qanaxma = 6.89
Aşağıda peyvəndləmədən və ya SARS-CoV-2 infeksiyasından sonra müxtəlif yan təsirlərin riskini görmək olar

Qrafikin izahı: Seçilmiş yan təsirlər üçün risk fərqlərinin nöqtəvi hesablamaları göstərilir. Hesablamalar Kaplan-Meier qiymətləndiricisindən istifadə etməklə peyvəndləmədən və ya SARS-CoV-2 infeksiyasından 42 gün sonra əldə edildi. Risk fərqləri 100.000 nəfər üçün göstərilir və ən yaxın tam ədədə yuvarlaqlaşdırılır. Mənfi fərqlər (azalan risk) y oxunda mənfi qiymətlər, müsbət fərqlər (artan risk) isə y oxunda müsbət qiymətlər kimi göstərilir.
BioNTech Covid-19 mRNA peyvəndinin araşdırılmış yan təsirlərinin çoxunun yüksək tezliyə malik olmadığı görünür. Peyvəndlə əlaqəli yan təsirlər arasında ən yüksək riskli miokardit 100.000 nəfərdə 1 ilə 5 nəfər arasında görünür. Lakin miokardit və digər yan təsirlərin risk nisbətləri SARS-CoV-2-yə yoluxmadan sonra əhəmiyyətli artmışdır.
Nəticədə Covid-19 keçirmək peyvəndlə müqayisədə daha çox sayda və növdə problem yaradır; hətta müqayisəolunmaz dərəcədə çox.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.