Böyük asanlıq – Evdə aparılan testlər uşaqlıq boynu yaxma testini əvəz edəcək

Gələcəkdə qadınlar serviks (uşaqlıq boynu) xərçəngi üçün müntəzəm skrininqlərini klinikada Pap-yaxma testi etdirmək əvəzinə evdə tətbiq edəcəkləri testlə apara biləcəklər. İngiltərədə 600 qadın iştirakçı ilə aparılmış tədqiqatda prekanseroz (xərçəngönü) lezyonlar (mərhələ 3 və daha irəli servikal intraepitelial neoplaziya, CIN3+) iştirakçıların özlərinin topladığı sidik və ya vaginal nümunələrdən istifadə edilərək aşkarlana bilmişdir. S5 kimi tanınan, evdə tətbiq edilən və xəstənin özünün topladığı nümunələrlə işləyən test xərçənglə əlaqələndirilmiş 4 növ HPV virusu və EPB41L3 adlı insan geni haqqında nəticə verir.
Tədqiqatın nəticələri, Milli Xərçəng Tədqiqatı İnstitutunun 2019 Xərçəng Konfransındatəqdim edilmişdir.
Bu tədqiqatın nəticələri başqa alim qrupları tərəfindən də təsdiqlənərsə, evdə aparılan bu testlərin tətbiqi həm skrininqdən keçiriləcək qadın sayını artıra, həm də skrininqlərin xərcini azalda bilər. Müalicə tələb edən halların daha tez aşkarlanması və potensial olaraq lazımsız ola biləcək testlərdən yayınmaqla bu skrininqlərin aparılması mümkün ola bilər.
Qeyd: Hazırda erkən diaqnoz və xərçəngin qarşısının alınması məqsədilə serviks xərçəngi skrininqinə qadınlarda 21 yaşda başlanması və 21-29 yaşlı qadınların hər 3 ildən bir Pap-yaxma testi etdirməsi tövsiyə olunur. 30-65 yaş arasında skrininq hər 5 ildən bir HPV testi və Pap testi ilə birlikdə (üstün tutulan) aparılmalı və ya hər 3 ildən bir yalnız Pap testi ilə davam edilməlidir. 66 yaş və yuxarı qadınlar ardıcıl 3 mənfi Pap testi və ya son 10 ildə 2 mənfi HPV və Pap testi nəticəsinə malikdirsə, serviks xərçəngi skrininqini dayandıra bilərlər.
Bu tədqiqatın maliyyə vəsaitlərini təmin etmiş Cancer Research UK (İngiltərə Xərçəng Tədqiqatları Təşkilatı) tədqiqatı qiymətləndirərkən ehtiyatlı olmaq lazım olduğunu da əlavə etmişdir. Təşkilat tədqiqatın həyəcanverici olmasına baxmayaraq xəstələrin özlərinin nümunə toplayıb evdə aparacağı bu testin hələ gündəlik praktikada istifadəyə hazır olmadığını bildirmişdir. İndiyədək bu yeni testlər artıq istifadə edilən skrininq testləri ilə aşkarlana bilmiş irəli mərhələli servikal hüceyrə dəyişiklikləri olan şəxslərdə sınanmışdır.
Tədqiqatın təfərrüatları
Onilliklərdir serviks xərçəngi skrininqləri Pap Smear adlı testlə aparılır (baxın Pap yaxması ilə milyonlarla qadının həyatını xilas edən George Papanicolaou). Bu test serviksdən (uşaqlıq boynundan) yaxma nümunəsi götürülərək həmin nümunədəki hüceyrələrin araşdırılmasına əsaslanır. Nümunə götürülərkən serviksə çatmaq üçün spekulum adlı tibbi cihazdan istifadə edilir və bəzi qadınlar bu testi narahatedici, hətta bəzən ağrılı hesab etdikləri üçün testdən yayınırlar. Evdə özünə tətbiq edilən testlərin ilk mərhələdə Pap-yaxma testi etdirmək istəməyən qadınlarda və servikal xərçəng skrininqi proqramı olmayan ölkələrdə istifadəsi ehtimal olunur. Uzun müddətdə qeyd olunan bu "ev testlərinin" standart üsula çevrilməsi mümkündür, çünki qadınların çoxu ev şəraitində aparacaqları testi klinikada etdirəcəkləri testdən üstün tutmağa meyillidir.
Tədqiqatdakı iştirakçılar anormal yaxma nəticəsi və/və ya HPV nəticələri müsbət olub kolkoskopiya klinikasına gələn qadınlar üzərində tətbiq edilmişdir.
Ümumilikdə 600 qadın vaginal, 503 qadın isə sidik olmaqla özlərinin topladıqları nümunələri araşdırılmaq üçün təhvil verdi. Sonra bu nümunələr S5 adlı testlə qiymətləndirildi. Eyni zamanda müqayisə aparmaq məqsədilə eyni nümunələr BD Onclarity HPV Assay adlı dəstlə də qiymətləndirildi.
Nəticələrə baxıldıqda S5 testinin HPV testi ilə birlikdə olub-olmamasından asılı olmayaraq sidik və vaginal nümunələrdə yaxşı işlədiyi müəyyən edildi. Prekanseroz lezyonları olmayan qadınlarla CIN3 və daha irəli lezyonları olan qadınları ayıra bilmişdir.
S5 testinin istifadə edilə biləcəyi 2 aşkar yol qiymətləndirilmişdir. Birincisi, S5 testi HPV müsbət aşkarlanmış qadınlardan hansılarının kolkoskopiyaya ehtiyacı olacağını qiymətləndirmək üçün sekondar (ikincili) test kimi istifadə edilmişdir. Sidik nümunələri ilə aparılmış S5 testinin prekanseroz (xərçəngönü) lezyonları olan qadınları HPV 16 və 18 testindən daha yaxşı aşkarladığı müşahidə edilmişdir (Həqiqi CIN 3 aşkarlanma göstəriciləri S5 üçün %96 olduğu halda HPV 16 və 18 üçün %73 idi).
S5 testinin ikinci qiymətləndirilən istifadə yolu onun tək test kimi tətbiqidir. Burada əvvəlcə HPV testi aparılmamışdır. Həqiqi müsbətlərin ən az %85-nin aşkarlanması hədd dəyəri kimi müəyyən edilmişdir. Sidik nümunələri və özünə toplanmış vaginal nümunələr də bu meyarlara cavab vermişdir.
Daha yaxşı markerlərin hazırlanması üzərində işləmək olduqca vacibdir; digər tərəfdən bu yeni test üsullarının ümidverici olduğunu demək olar.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.