HPV testi nədir, Pap-smear testini əvəz edə bilərmi?

Bu məqalədə
Serviks xərçəngi, digər adı ilə uşaqlıq boynu xərçəngi, dünyada qadınlarda ən çox rast gəlinən 4-cü xərçəng olmaqla yanaşı, xərçənglə əlaqəli həyat itkilərində də dördüncü yerdədir. Aşağı və orta gəlirli ölkələrdə daha çox rast gəlinən serviks xərçəngi yüksək gəlirli ölkələrdə daha az görülür. Bunun iki səbəbi var; Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi strategiyalarda birincili (primer) qorunma və ikincili (sekonder) qorunma adlandırılan iki növ qorunma yer alır.
Birincili qorunmanın məzmununu xərçəng yaradıcı təsirləri məlum olan mikroorqanizmlərdən və ya kanserogen maddələrdənqorunmağı hədəfləyən işlər təşkil etdiyi halda, ikincili qorunmanı xərçəngin səbəbinə deyil, onun erkən diaqnostikasına yönələn işlər təşkil edir.
Buna əsasən inkişaf etmiş ölkələrdə ilk növbədə qoruyucu peyvəndlənmə səviyyəsinin yüksək olması (birincili qorunmanı təşkil edir) və qadınların müntəzəm müayinədən keçərək PAP smear testi və HPV DNT testi etdirməsi (ikincili qorunmanı təşkil edir) serviks xərçənginin daha az rast gəlinməsini təmin edib.
- Pap smear testini kəşf edərək milyonlarla qadının həyatını xilas edən George Papanicolaou
Dünyada serviks xərçənginin ən çox görüldüyü yer: Malavi
Malavi dünyada ən yüksək uşaqlıq boynu xərçəngi göstəricisinə malikdir. Cənubi Malavidə Queen Elizabeth Mərkəzi Xəstəxanasında (QECH) aparılan bir tədqiqatda yeni diaqnoz qoyulmuş uşaqlıq boynu xərçəngi xəstələrinin xəstəxanaya müraciəti, xəstələrin idarə olunması və qısamüddətli nəticələr müşahidə edilib.
Malavidə qadınlarda ən çox rast gəlinən xərçəng serviks xərçəngidir və qadın xərçənglərinin %40-dan çoxunu təşkil edir. Bu səbəbdən həyat itkisinin və xəstəliyin yaranmasının əsas səbəbi HPV virusudur. Malavidə bir çox xərçəngin qeydə alına bilməməsi və milli ölüm bildirişi sisteminin olmaması səbəbindən bu xəstəlikdən təsirlənən qadınların dəqiq sayı məlum deyil. İki qurum — Malavi Xərçəng Qeydiyyatı (MCR) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) GLOBOCAN proqramı — bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən təxminlər verib. Buna əsasən uşaqlıq boynu xərçənginin rastgəlmə tezliyi 100.000 nəfərdə 75,9-dur və bu, dünyada ən yüksək uşaqlıq boynu xərçəngi göstəricisidir. Eyni zamanda ölüm göstəricisi də 100.000 nəfərdə 49,8 olmaqla yenə dünya üzrə birinci yerdədir. 5 illik sağqalım yalnız %2.9-dur. Bu göstəricinin nə qədər diqqətçəkən olduğunu göstərmək üçün ABŞ-da serviks xərçənginə bağlı 5 illik sağqalıma baxsaq, bütün mərhələlər üzrə %68 kimi yüksək uğur göstəricisi görə bilərik.
Malavi və oxşar bölgələrdə effektiv skrininq proqramlarına çıxış çətindir, əhalinin və xərçəng sahəsində çalışanların xərçəng barədə məlumatlılığı zəifdir. Bundan başqa, təlim keçmiş mütəxəssislər, onkologiya işçiləri, müalicə müəssisələri və avadanlıq çatışmazlığı var. Bütün bu amillərə görə Malavidə uşaqlıq boynu xərçəngi çox vaxt irəli mərhələdə diaqnoz edilir. Bu bölgələrdə səhiyyə xidmətlərindəki gecikmələrlə yanaşı, “ənənəvi şəfaçıların” mövcudluğu da mütəxəssisə müraciətin qarşısındakı maneələrdən biridir.
- Uşaqlıq boynu xərçənginin əlamətləri və müalicəsi (ətraflı)
Uşaqlıq boynu xərçənginin geniş yayılmasına səbəb olan amillərdən digərinin də AIDS olduğu bildirilir və yenə Malavi nümunəsini götürsək, yetkin əhalinin (15-64 yaş arası) yüzdə 10.6-sının HIV virusuna malik olduğunu görə bilərik (kişilərdə %12.8, qadınlarda %8.2). Digər mühüm risk amillərinə insan papilloma virusu (HPV) infeksiyası, siqaret çəkmək və ilk cinsi əlaqənin erkən yaşda olması daxildir.
Tədqiqatların, səbəblərin və testlərin də göstərdiyi kimi, birincili və ikincili qorunma xərçəngin qarşısının alınmasında və xərçənglə bağlı ölümlərin önlənməsində əhəmiyyət daşıyır. ASCO (Amerika Klinik Onkologiya Cəmiyyəti) və WHO (Ümumdünya Səhiyyə Təşkilatı) 2014-cü ildə eyni vaxtda HPV peyvəndiniserviks xərçəngində birincili qorunma kimi tövsiyə edib və peyvənd təlimatlarda yer alıb. Yenə həmin təlimatlarda ikincili qorunma olaraq aşağı və ya yüksək gəlir fərqi olmadan HPV testininəsas xərçəng skrininq testi kimi müəyyən edilməsi tövsiyə olunub. Lakin HPV testi yüksək xərc tələb etdiyinə görə aşağı və orta gəlirli ölkələrdə lazım olan səviyyədə tətbiq edilə bilməyib. Aşağı və orta gəlirli ölkələrdə aparılan genişmiqyaslı araşdırmalar sirkə turşusu ilə vizual müayinənin (VIA) serviks xərçənginin erkən mərhələdə aşkar edilməsini asanlaşdırdığını, həyat itkilərini azaltdığını ortaya qoyub. Bu inkişaflarla birlikdə ASCO ikincili qorunma tövsiyəsini aşağı və orta gəlirli ölkələrə uyğun yenidən tənzimləyib və bu ölkələrdə səhiyyə infrastrukturu möhkəmləndirilənədək HPV testi aparıla bilmirsə, VIA-nın əsas test kimi istifadə oluna biləcəyini bildirib.
- HPV peyvəndinin kəşfinin arxasındakı hekayə
HPV DNT testi nədir? Pap-smear testi nədir?
Pap-smear testi nədir?
Pap smear testi Papanicolaou-nun tapdığı və öz adının ilk hərfləri ilə adlandırılan, bu gün də ən geniş istifadə olunan xərçəng skrininq üsullarından biridir. Uşaqlıq boynu xərçəngini çox erkən, hətta hələ xərçəng yaranmamış xərçəngönü zədələnmələri aşkar edə bilən, xərci olduqca aşağı, tətbiqi asan olan bu üsul vagina və ya serviksdən götürülən normal və anormal smearların (yaxma nümunələrinin) mikroskop altında görülməsini və düzgün təsnif edilməsini təmin edir. Pap smear testi tətbiq olunmağa başladığı 1940-cı illərdən bəri erkən diaqnoz və ya hələ xərçəng yaranmadan müdaxilə imkanı yaradaraq milyonlarla qadını uşaqlıq boynu xərçənginin mənfi nəticələrindən qoruyub. Pap smear testi olduqca asan bir üsuldur. Uşaqlıq boynu nahiyəsindən yumşaq fırça və ya spatula ilə yaxma nümunəsi götürülür və lam adlanan nazik şüşənin üzərinə yayılır. Daha sonra yayılmış bu nümunə mikroskop altında araşdırılır. Pap Smear uşaqlıq boynu xərçəngindən qorunmanı və/və ya erkən diaqnozu təmin edən bir testdir.
HPV DNT testi nədir?
Uşaqlıq boynu xərçəngi üçün ən mühüm risk amili HPV ilə yoluxmaqdır. HPV DNT testi serviks xərçənginə səbəb olma ehtimalı yüksək olan HPV üçün (yüksək riskli və ya xərçəngönü tiplər üçün) serviks nahiyəsinin hüceyrələrində virusun DNT hissələrinin axtarılması prosesidir. HPV DNT testi xəstəlik olan nahiyədən götürülmüş kiçik toxuma parçasında və ya yaxma nümunəsində aparıla bilər. Dəridə və ya genital nahiyədə olan ziyildən götürülən, ölçüsü millimetrlərlə məhdud bir parça test üçün kifayət edəcək. Test normal toxumadan yaxma götürməklə də aparıla bilər. Yaxma nümunəsində HPV-yə aid DNT materialı polimeraza zəncirvari reaksiyası kimi üsullarla araşdırılır.
Pap smear testi üçün götürülən yaxma nümunəsində də HPV DNT araşdırıla bilər.
Aşağıdakı şəkildə HPV testinin mümkün nəticələrinə görə hansı addımların izlənməli olduğu izah edilib.

- Anormal smear testi nəticələrinin mənaları
- Konizasiya və kolposkopiya nədir, necə aparılır?
HPV testi gələcəkdə smear testini tamamilə əvəz edə bilər
Gynecologic Oncology jurnalında dərc olunan iki tədqiqata görə HPV DNT-nin araşdırılması Pap smear testinə nisbətən daha dəqiq nəticələr verir. HPV testi Pap smear testindən üstün görünür. Uşaqlıq boynu xərçənglərinin böyük əksəriyyəti bu virusun mövcudluğu ilə birbaşa əlaqəli olduğundan virusun DNT-sinin aşkar edilməsi diaqnoz üçün daha yaxşı yol göstərici olacaq. Bu səbəbdən mümkün olan yerlərdə HPV DNT testinin aparılmasına üstünlük verilə bilər. Kanadada 19 min qadının iştirakı ilə aparılmış yeni tədqiqat HPV testinin xərçəngi Pap smear testindən daha erkən və daha dəqiq aşkar etdiyini ortaya qoyub.
Bu gün uşaqlıq boynu xərçənginin erkən skrininq testləri hansı hallarda və nə qədər tezliklə tövsiyə olunur?
Amerika Xərçəng Cəmiyyəti 20-30 yaş arasındakı hər qadının uşaqlıq boynu xərçəngini və xərçəngönü törəmələri aşkar etmək üçün 3 ildən bir Pap smear testi, 30-65 yaş aralığında isə 5 ildən bir birgə test (HPV DNT testi + Pap smear) skrininqindən keçməsini tövsiyə edir.

Hüceyrə dəyişiklikləri çox yavaş baş verdiyindən adətən bu müddətlər kifayət edir. Əksər hallarda bir hüceyrənin dəyişərək xərçəngə çevrilməsi 10 il çəkir. HPV testinin Pap smear testi ilə birlikdə aparılmasının tövsiyə edilməsinin əsas səbəblərindən biri Pap ilə 3 ildən bir test aparmaq əvəzinə birgə testlə 5 ildən bir test aparıldıqda daha az testə, daha az nəzarət ziyarətinə və daha az müalicəyə ehtiyac duyulmasıdır. Co-test adlandırılan bu iki testi birlikdə etdirən qadınların nəticələri normaldırsa, onların 5 il ərzində uşaqlıq boynu xərçənginə tutulma ehtimalı demək olar ki, yoxdur.
HPV DNT testinin tövsiyə olunduğu hallar bunlardır:
- 30 yaşdan yuxarı olmaq
- Pap smear testi nəticəsinin anormal olması; qeyri-müəyyən əhəmiyyətli atipik yastı epitel hüceyrələrini göstərən, ASCUS adlandırılan xərçəngönü zədələnmənin görülməsi
200-ə yaxın alt növü olan HPV yalnız serviks xərçənginə səbəb olmur, baş-boyun xərçənglərinin də əsas səbəblərindən biridir. Bununla belə, xərçəngin erkən diaqnostikası məqsədilə HPV testi hazırda yalnız qadınlara tövsiyə olunur. Digər hallarda və ya kişilərdə HPV testi rutin aparılmır; həkimin və ya şəxsin istəyinə əsasən ziyillərdən, bədən mayelərindən və ya götürülmüş toxuma nümunələrindən HPV DNT testi aparıla bilər.
Mənbələr
Effect of Screening With Primary Cervical HPV Testing vs Cytology Testing on High-grade Cervical Intraepithelial Neoplasia at 48 Months, The HPV FOCAL Randomized Clinical Trial.
Journal of the American Medical Association, July 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.