Denosumab nəhəng hüceyrəli sümük xərçəngi üçün təhlükəsiz və effektiv dərmandır

Bu məqalədə
Lancet Onkologiya jurnalında dərc olunan beynəlxalq klinik tədqiqatın nəticələri denosumab (Xgeva®) adlı dərmanın nəhəng hüceyrəli sümük xərçənginin müalicəsində təhlükəsiz və effektiv olduğunu göstərir.
Gündən-günə yeni təkan qazanan tibb elmi bəşəriyyət üçün müalicəolunmaz xəstəliyin olmadığını göstərmək məqsədilə böyük səy göstərir. Xərçəng isə son illərdə tibb elminin böyük mübarizə apardığı və çox müsbət nəticələr əldə etdiyi xəstəliklərdən biri olaraq aktuallığını qoruyur. Erkən diaqnoz qoyulmadıqda və ya müalicə edilmədikdə, xüsusilə bəzi növlərində həyati risk daşıyan xərçəng xəstəliyi üçün həll yolları axtarılmağa davam edərkən, nəhəng hüceyrəli sümük xərçəngində effektiv ola biləcəyi düşünülən denosumab aparılan tədqiqatın nəticəsində müalicəyə müsbət cavab vermişdir.
Lancet Onkologiya jurnalında dərc olunan ilk tədqiqat nəticələrinə görə, denosumab (Xgeva®) olduqca aqressiv xərçəng növü olan nəhəng hüceyrəli sümük xərçəngində təhlükəsiz və effektiv olduğunu sübut etmişdir. Belə ki, cərrahi müdaxilə olunmuş xəstələrin %96-ında aparılan orta hesabla 13 aylıq müşahidənin sonunda xəstəliyin heç bir irəliləyiş göstərmədiyi müəyyən edilmişdir.
Sümük kütləsi skeletin bütövlüyünü və hərəkət qabiliyyətini təmin etməsi, əzələlər üçün dayaq, mineral ionları üçün isə depo rolunu oynaması baxımından əhəmiyyətlidir. Sümük toxuması sümükdağıdanlar (osteoklastlar) tərəfindən dağıdılır və onun yerində sümükəmələgətirənlər (osteoblastlar) tərəfindən yeni sümük yaradılması ilə ömür boyu yenilənir. Bu yenidənqurma sümük yaranması və dağılması, eləcə də hüceyrələr arasındakı müxtəlif əlaqələr vasitəsilə təmin olunur. Buna görə hüceyrələr arasında ötürülən siqnalların və protein vasitəçilərinin quruluşu vacibdir.
Əvvəlki illərdə aparılan tədqiqatlar RANK liqandı kimi tanınan proteinin sümük dağılmasında mühüm rol oynadığını göstərmişdir. Nəhəng hüceyrəli sümük xərçəngi isə sümük dağılmasını təmin edən RANK liqandı ilə birbaşa əlaqəlidir. Bu xərçəng növü adətən yaşları 20 ilə 40 arasında olan gənc yetkinlərə təsir edir. Keçmişdə nəhəng hüceyrəli sümük xərçəngi olan xəstələr üçün yeganə müalicə seçimi kimi tətbiq edilən cərrahi müdaxilədən sonra xəstəlik ya təkrarlanmış, ya da xəstələr amputasiya (ətrafın kəsilməsi) kimi dağıdıcı nəticələrə qatlanmalı olmuşlar. Hətta bu xəstələrin %25-30’u-i növbəti mərhələ olaraq oynaq dəyişdirilməsi (itirilmiş ətrafın yerinə protez qoyulması) əməliyyatı keçirmişlər.
Denosumab nə üçün istifadə olunur?
Denosumab monoklonal anticisim olan dərmandır və hədəfə yönəlmiş müalicələrdə istifadə olunur. Bu dərman RANK liqandı proteinini hədəf alaraq sümük dağılmasının qarşısını alır və potensial nəhəng hüceyrələri aradan qaldırır. Denosumab xərçəng səbəbilə sümüyə yayılma müşahidə olunan xəstələrdə sümükdə yaranan ağırlaşmaların qarşısının alınması üçün istifadə olunur.
Histoloji olaraq nəhəng hüceyrəli sümük xərçəngi olan 282 xəstənin iştirak etdiyi tədqiqatda iştirakçılar üç qrupa bölünmüşdür;
- I qrup: Cərrahi müdaxilə ilə xilas edilə bilən nəhəng hüceyrəli sümük xərçəngi olan xəstələr
- II qrup: Cərrahi müdaxilə nəticəsində oynaqlı ətrafın itirilməsi kimi ciddi nəticələrlə üzləşmiş, cərrahi müdaxilə ilə xilas edilə bilən nəhəng hüceyrəli sümük xərçəngi olan xəstələr
- III qrup: Əvvəlki denosumab tədqiqatında iştirak etmiş nəhəng hüceyrəli sümük xərçəngi olan xəstələr
İlk iki qrupdakı xəstələrə ilkin mərhələdə hər ay 8 və 15 günlük intervallarda dərialtı yolla 120 mg denosumab verilmişdir. Üçüncü qrup isə əvvəlki tədqiqatda verilən denosumab dozasını qəbul etməyə davam etmişdir. Tədqiqatın ilkin sonlanma nöqtəsi denosumabın təhlükəsizlik profili, ikinci sonlanma nöqtəsi isə altı ay ərzində heç bir cərrahi müdaxilə tələb olunmayan xəstələrin nisbəti və xəstəliyin irəliləmə müddəti olmuşdur.
Orta hesabla 13 aylıq izləmə müddətinin sonunda birinci qrupdakı xəstələrin %96-ında (yəni 169 xəstədən 163 xəstədə) xəstəlik heç bir irəliləyiş göstərməmişdir. İkinci qrupdakı xəstələrin %74-ində (yəni 100 xəstədən 74 xəstədə) heç bir cərrahi müdaxiləyə ehtiyac olmamış, eyni qrupda cərrahi müdaxilə olunan xəstələrin %62-i (yəni 26 xəstədən 16 xəstədə) planlaşdırıldığından daha az zərər görmüşdür. Ümumilikdə bütün xəstələrin %72-i denosumaba obyektiv cavab vermişdir.
Tədqiqata daxil edilən xəstələrin yalnız %1-ində çənədə sümüklərə qan axınının pozulması nəticəsində çökmə (osteonekroz), %5-ində isə qanda kalsium miqdarının azalması (hipokalsemiya) müşahidə edilmişdir. Ən çox rast gəlinən əlavə təsirlər aşağı fosfat səviyyəsi, bel ağrısı, əl və ayaqlarda ağrı, skelet əzələsi ağrısı və anemiya olmuşdur. Xəstələrin %9-unda daha ciddi əlavə təsirlər müəyyən edilsə də, bu müalicə ilə əlaqəli hər hansı həyati risk aşkarlanmayıb.
Nəticə
Əldə olunan ilk nəticələrə nəzər saldıqda, denosumabın nəhəng hüceyrəli sümük xərçənginə qarşı verdiyi müsbət cavabı və cərrahi müdaxilə nəticəsində yaranan dağıdıcı fəsadları azaltmadakı təsirini nəzərə alaraq, gələcəkdə yeni müalicə seçimi olacağına ümid edirəm. Xüsusilə müalicəsi çətin olan xərçəng növlərində müalicə seçimlərinin belə artması qarşıda duran daha bir maneənin aradan qalxması, daha bir həll yolunun tapılması deməkdir. Bunu həmişə xatırlamağınız arzusu ilə..
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.