Döş xərçənginin müalicəsində ilk dəfə immunoterapiya FDA təsdiqi aldı

Bu məqalədə
8 mart 2019-da ABŞ Qida və Dərman İdarəsi (FDA), PD-L1 müsbət, əməliyyatla çıxarıla bilməyən yerli irəliləmiş və ya metastaz vermiş üçlü neqativ döş xərçənginin birinci sıra müalicəsi üçün, nab-paklitaksel kimyaterapiyası ilə birlikdə bir immunoterapiya dərmanı olan atezolizumaba (Tecentriq) sürətləndirilmiş təsdiq verdi.
Qeyd: Döş xərçənglərinin % 15 qədəri triple (üçlü) neqativ döş xərçəngidir.
Atezolizumab döş xərçənginin müalicəsi üçün təsdiq alan ilk immunoterapiya dərmanı oldu.
Yeni təsdiq nəticələri ESMO 2018də təqdim olunan IMpassion130 adlı klinik tədqiqatın proqressiyasız (irəliləməsiz) sağqalım (progression-free survival, PFS) nəticələrinə görə verildi.
Araşdırmaya şişi əməliyyatla çıxarıla bilməyən yerli irəliləmiş və ya metastatik triple neqativ döş xərçəngi olan 902 xəstə daxil edildi; xəstələr təsadüfi iki qola ayrıldı, 451 xəstəyə atezolizumab üstəgəl nap-paklitaksel, digər 451 xəstəyə isə plasebo üstəgəl nab-paklitaksel verildi.
IMpassion130 araşdırmasının nəticələri
Araşdırma nəticəsində bütün xəstə qrupunda kimyaterapiyaya atezolizumab əlavə edildikdə median proqressiyasız sağqalım müddətinin 7.2 ay, plasebo üstəgəl kimyaterapiya qolunda isə 5.5 ay olduğu görüldü.
Atezolizumab median ümumi sağqalımı da artırdı, lakin aralıq təhlildə statistik əhəmiyyətlilik əldə edilmədi (21.3 və 17.6 ay).
Tədqiqatçılar həmçinin şişi infiltrasiya edən immunitet sistemi hüceyrələrində PD-L1 səviyyəsi ≥ % 1 olan xəstələr arasında alt qrup təhlili apardılar. Üçlü neqativ döş xərçəngli xəstələrin təxminən % 40-ında PD-L1 müsbətliyi aşkar edildi. Bu təhlildə atezolizumab qrupu 185 xəstədən, plasebo qrupu 184 xəstədən ibarət idi.
Araşdırmanın ən diqqətəlayiq nəticələri olaraq bu PD-L1 müsbət qrupda;
- Atezolizumab xəstəliyin irəliləməsi və ya ölüm riskini əhəmiyyətli dərəcədə azaltdı.
- Median proqressiyasız sağqalım müddəti immunoterapiya qolunda 7.5, plasebo qolunda isə 5.0 ay müəyyən edildi.
- Kimyaterapiyaya immunoterapiya əlavə edilməsi proqressiya riskini % 38 azaltdı.
- Obyektiv cavab göstəricisi immunoterapiya qolunda % 53, plasebo qolunda isə % 33 idi.
- İmmunoterapiya median ümumi sağqalım müddətini də uzatdı: 25.0 aya qarşı 15.5 ay.
Bu təsirli məlumatlardan sonra immunoterapiya üstəgəl kimyaterapiya PD-L1 müsbət üçlü neqativ döş xərçəngi müalicəsinin yeni standartına çevrilə bilər, lakin bu mövzuda qəti hökm vermək hələ tezdir, çünki bu kombinasiyanın ümumi sağqalım məlumatları hələ tam yetişməyib.
Tətbiq qaydası və dozası:
Atezolizumab xəstəlik irəliləyənədək və ya qəbuledilməz yan təsir yarananadək hər 28 günlük dövrün 1 və 15-ci günlərində venadaxili (IV) infuziya ilə 840 mg sabit dozada 60 dəqiqədə verildi. İmmunoterapiyadan sonra nab-paklitaksel hər 28 günlük dövrün 1-ci, 8-ci və 15-ci günlərində IV infuziya ilə 100 mg / m2 başlanğıc dozasında verildi.
Araşdırma müddətində atezolizumab qrupundakıların 358-ində (% 79,4) və plasebo qrupundakıların 378-ində (% 83,8) proqressiya və ya ölüm baş verdi.
Yan təsirlər
Tədqiqatçılar yan təsirlərin araşdırma dərmanlarının təhlükəsizlik profillərinə uyğun olduğunu bildirdilər; atezolizumab üstəgəl nab-paklitaksel kombinasiyası yeni təhlükəsizlik xəbərdarlıqlarına səbəb olmadı.
Atezolizumab qrupunun % 23-ündə, plasebo qrupunun % 18-ində ciddi (3-cü və 4-cü dərəcəli) yan təsirlər bildirildi. Ən geniş yayılmış ciddi yan təsirlər neytropeniya (% 8); periferik neyropatiya (% 6); yorğunluq (% 4); və anemiyadır (% 3).
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.