Kimyaterapiyaya bağlı neyropatiyanın (sinir zədəsinin) diaqnozu və müalicəsi

Bu məqalədə
Kimyaterapiyaya bağlı periferik neyropatiya (əl-ayaq uclarında sinir zədəsi) xərçəng müalicəsində geniş rast gəlinən yan təsirdir. Kimyaterapiya prosesində müxtəlif dərəcələrdə yüzdə 70-ə qədər yaranır. Xəstələrin məruz qaldığı sinir zədəsinin (neyrotoksiklik) dərəcəsi dərman və dozadan asılıdır və bəzən kimyaterapiya dozasının azaldılmasına və ya müalicənin dayandırılmasına səbəb ola bilər.
Periferik neyropatiyanın əlamətləri nələrdir?
- Əl və ayaq barmaqlarında keyimə, yanma, iynələnmə, ağrı, hissiyyat itkisi
- Soyuğa və ya istiyə həddən artıq həssaslıq
- Əşya götürmə, tutma və ya düymə bağlama kimi hərəkətlərdə çətinlik
- Qulaqda küy, tarazlıq pozuntusu, yerimədə çətinlik, qan təzyiqi dəyişiklikləri, qəbizlik
Necə diaqnoz edilir və müalicə olunur?
Sinir-əzələ (neyromuskulyar) xəstəliklərinin diaqnoz və müalicəsində nevroloq və fizioterapiya mütəxəssisləri iştirak edir. Kimyaterapiyaya bağlı periferik neyropatiya müxtəlif amillərə əsasən diaqnoz edilə bilər. Bunlar xəstənin fiziki şikayətlərindən, verilən kimyaterapiya dərmanlarından və verilmə vaxtından asılıdır. Periferik neyropatiyanın digər mühüm səbəbləri olan diabet və alkoqolla əlaqəli sinir zədəsi, vitamin çatışmazlıqları bu amillərdən istisna edilir. Tövsiyə olunan laborator skrininq testləri tam qan sayımı, metabolik profilin bütöv araşdırılması, Hemoqlobin A1 (HbA1c) və serum qlükoza, serum zülal elektroforezi, B12 vitamini, eritrosit çökmə sürəti, C-reaktiv zülal, HIV/AIDS və Lyme xəstəliyi testlərini ehtiva edir. Kimyaterapiyaya bağlı neyropatiya yaranan xəstələrdə uyğun laborator testlərin seçilməsi üçün klinik mühakimədən istifadə edilir.
Periferik sinirlər beyin və onurğa beynini əzələlərə, dəriyə və daxili orqanlara bağlayan mürəkkəb şəbəkədir. Bu sinirlər onurğa beynindən çıxıb dermatomları ilə bədənin uc nöqtələrinə yayılır. Bəzi kimyaterapiya dərmanları periferik sinirlərin bu yolunda müxtəlif nöqtələri zədələyə bilər. Zədə periferik sinirin onurğa beynindən çıxdığı nahiyədə sinir düyünü, uzun quyruğu boyunca mikrotubullar, sinirləri bürüyən qişalar və kiçik sinir ucları səviyyəsində ola bilər. Beyin və bədən əlaqəsini pozan bu hal əzələ hərəkətində pozulma, qol və ayaqlarda hissiyyat itkisi, anormal hisslər, ağrı və hərəkətlərdə çətinlik yaradır.
Nevroloqlar və fizioterapiya mütəxəssisləri (fiziatr) adətən elektrodiaqnostik tibb tətbiqləri sertifikatına malikdir. Elektromioqrafiyanı (EMG) ehtiva edən elektrodiaqnostik müayinə kimyaterapiyaya bağlı neyropatiyanın diaqnozunda geniş istifadə edilir.
Kimyaterapiyaya bağlı periferik neyropatiyanın yaratdığı problemlər (ağırlaşmalar) yerimə pozuntuları, yıxılma, əzələ zəifliyi və dəri pozuntusunu ehtiva edir. Bunlar fizioterapiya mütəxəssisinin müəyyən etdiyi multidissiplinar reabilitasiya komandası ilə yaxşı idarə edilə bilər. Yıxılmaya səbəb olacaq tarazlıq problemi olan xəstələrin skrininqi vacibdir. Tarazlıq və yerimə pozuntularının aydın, təsdiqlənmiş və klinik uyğun qiymətləndirilməsi xəstənin oturmuş vəziyyətdən nə qədər sürətlə qalxmasının və təxminən 10 addım yeriməsinin ölçülməsini ehtiva edir. Yerimə pozuntularının qiymətləndirilməsi addım genişliyi, yerimə sürəti, ayaqda ağrı və güc testini əhatə etməlidir.
Tarazlığı inkişaf etdirmək və yıxılmanın qarşısını almaq strategiyaları
Mütəxəssislərin kimyaterapiyaya bağlı neyropatiyalı xəstələrdə yıxılma riskini önləmək üçün çoxsaylı strategiyası var. Əksəriyyəti hədəf əzələ qruplarına xüsusi məşqlərdir. Digər üsullar tarazlıq problemi olanlarda yeriş vasitəsi və əsa istifadəsini, evdə xalçaların və boş döşəmə materiallarının götürülməsini, hamama gedən dəhlizin yaxşı işıqlandırılmasını ehtiva edir. Bu, gecə qaranlığında xəstələrin yıxılmasını önləyə bilər.
Əzələ gücünü artırmaq üçün məşqlərə əlavə olaraq ayaq biləyi ortezinin istifadəsinin yerimə və tarazlığı yaxşılaşdırdığı müşahidə edilib. Ayaq biləyi ortezi ayağın aşağı hissəsinə taxılan və düzgün vəziyyətdə qalmasını təmin edən lent və ya şindir.
Ayaq xoralarının (yara) qarşısının alınması
Kimyaterapiyaya bağlı periferik neyropatiyalı xəstələrdə ayaqlarda hissiyyat itkisinə görə ayaq xoraları yarana bilər. Riski azaltmaq üçün xəstələrin ayaqları müntəzəm yoxlanmalı, dəri pozuntuları yara qulluğu və təzyiqi aradan qaldıran vasitələrlə müalicə edilməlidir. Ayaqları zədədən və açıq yaradan qorumaq üçün xəstələr ayaqyalın yeriməməli, boş pambıq corablar və ya uyğun, xüsusi hazırlanmış ayaqqabı geyinməlidirlər. Hissiyyat itkisi olanlar çimməzdən əvvəl ayaqlarını yanıqdan qorumaq üçün suyun temperaturunu yoxlamalıdırlar.
Neyropatiyanın ilə müalicəsi & farmakoloji seçimlər
Hazırda kimyaterapiyaya bağlı periferik neyropatiyanın yaranmasının qarşısını alan sübut olunmuş vasitə olmasa da, şikayətləri azaltmaq üçün təsirli dərmanlar var. Bu məqsədlə Duloksetin kimi antidepressantlar və Gapabentin, Pregabalin kimi antiepileptiklər istifadə edilir. Həmçinin steroid, lidocaine lentləri, ağrılı nahiyəyə çəkilən keyidici kremlər kimi dərmanlar şikayətləri azaltmağa kömək edə və sistemik yan təsir yaratmaya bilər. Çoxsaylı dərman seçiminə baxmayaraq xəstələrin yalnız farmakoloji ağrı idarəsi ilə tam rahatlaması bəzən mümkün olmur. Neyropatiya üçün ağızdan dərmanlar yuxululuq və başgicəllənmə yarada bilər, buna görə ehtiyatla istifadə edilməlidir.
Əlavə müalicələr
Akupunktur istifadəsinin kimyaterapiyaya bağlı neyropatiyalı xəstələrdə tarazlığı yaxşılaşdırdığı və ağrını azaltdığı tədqiqatlarda göstərilib. Bir tədqiqatda akupunktura bənzər işləyən elektrik sinir stimullaşdırıcı terapiya ilə müalicə olunan xəstələrin yüzdə 70-ində deşici ağrıların azaldığı görülüb.
Yerli anesteziya dərmanı olan olan lidokaininvenadan (intravenoz infuziya) tətbiqi kimyaterapiyaya bağlı neyropatik şikayətlərin aradan qaldırılmasında ümidverici üsullardandır. Məhdud klinik tədqiqatlara baxmayaraq bəzi hesabatlarda xəstələrin ağrısının 2 həftə və ya daha uzun müddət tam aradan qalxdığı bildirilib. Bu müalicənin riskləri var və mütləq təcrübəli şəxslər tətbiq etməlidir. Ağırlaşmalar infuziya prosesində görünür, başgicəllənmə, ürəkbulanma, ağız ətrafında hissiyyat itkisini ehtiva edir. Əvvəldən aritmiyası (ürək ritm pozuntusu) olanlarda tətbiq edilməməlidir.
Kimyaterapiyaya bağlı periferik neyropatiya üçün yeni seçim Scrambler terapiyası da adlanan Calmare ağrı terapiyasıdır. Dəri üzərindən elektrik stimulyasiyası ağrı siqnallarının ötürülməsini əngəlləyən cihazla ağrı mesajı alan sinir liflərinə ağrı ilə əlaqəsiz siqnalların ötürülməsini təmin edir. Araşdırmalarda xərçənglə əlaqəli və ya əlaqəsiz neyropatik ağrılarda Calmare terapiyasının davamlı xroniki ağrını yüzdə 74 azaltdığı bildirilib. Calmare ilə xərçənglə əlaqəli ağrının azaldılması tədqiqatlarında ağrı ballarında çox az azalma müşahidə edilib. Səbəb xəstə ağrısının çoxamilli xüsusiyyətləri ola bilər. Başqa tədqiqatda xüsusi olaraq kimyaterapiyaya bağlı periferik neyropatiya diaqnozlu xəstələrdə Calmare ağrı ballarını yüzdə 59 azaldıb. Lakin cihaz bahalı olduğundan az sayda mərkəzdə istifadə edilir.
Ağrını aradan qaldırmağın başqa üsulu onurğa beyninin stimullaşdırılmasıdır. Bunun üçün dərialtı yerləşdirilən (implantasiya edilən) cihaz elektrik siqnallarını onurğa beyninə ötürərək ağrı mesajının beyinə çatmasını əngəlləyir. Onurğa beyni stimulyatorları xroniki neyropatik ağrı və bəzi əzələ-skelet pozuntularını müalicə etmək üçün istifadə edilir. Kimyaterapiyaya bağlı neyropatiyalı xəstələrdə istifadəsinə dair hesabatlar var. Birində stimulyatorun iki xəstədə yerimə formasını və ayaq elastikliyini yaxşılaşdırdığı, ağrılarını azaltdığı müəyyən edilib.
Nəticə olaraq xərçəng müalicələrinə bağlı yarana bilən periferik neyropatiya yaxşı klinik qiymətləndirmədən sonra çoxsaylı müalicə seçimi olan yan təsirdir. Bu sahədə qabaqcıl ixtisası olan nevroloq və fizioterapiya mütəxəssisləri xəstələrə kömək edir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.