Erkən mərhələli seminomanın əməliyyatdan sonrakı müalicəsi üçün adyuvant karboplatin, yoxsa aktiv müşahidə?

15 aprel 2016-cı ildə Oncology jurnalında dərc edilmiş tədqiqata görə, əməliyyatdan sonra xəstəliyin təkrarlanma ehtimalı aşağı olan erkən mərhələli seminomalı (xaya xərçəngi) xəstələrdə adyuvant (qoruyucu) kimyaterapiya əvəzinə dərmansız aktiv müşahidə aparıla bilər.
Xaya xərçəngi nadir olsa da, 15-35 yaşlı kişilərdə ən çox rast gəlinən xərçəng növüdür. Bu xərçənglərin çoxu (%90-dan artıq) germ hüceyrələr kimi tanınan, sperm istehsal edən hüceyrələrdə inkişaf edir. İki növ germ hüceyrəli şiş var:
- Seminoma
- Qeyri-seminoma (seminoma olmayan)
Bu iki növün hüceyrələri mikroskop altında olduqca fərqli görünür və müalicə yanaşmaları da bir-birindən fərqlənir.
Seminoma növlərinin %95-dən çoxu klassik seminoma adlanır və ən çox 25-45 yaşlı kişilərdə görülür.
Bu keçiddən xaya xərçənginin əlamətlərihaqqında oxuya bilərsiniz.
Xaya xərçənginin müalicəsi xəstəliyin növündən (seminoma, qeyri-seminoma və qarışıq germ hüceyrəli şişlər) və mərhələsindən asılıdır.
Mərhələ-1 (erkən mərhələ) seminomanın standart müalicəsi orxiektomiya adlanan əməliyyatın ardınca adyuvant (qoruyucu məqsədli) kimyaterapiyanın tətbiqidir. Bu xəstələrdə xəstəliyin təkrarlanma ehtimalının aşağı olduğu bilindiyindən qoruyucu kimyaterapiyanın zəruriliyi uzun müddətdir sorğulanır. Məhz bu məqamda yazımızın mövzusu olan tədqiqatın bu suala mühüm cavablar verdiyi görünür. Çoxmərkəzli, prospektiv tədqiqat klinik olaraq mərhələ-1 seminomalı (erkən mərhələli xaya şişi) 897 xəstəni əhatə edir.
Tədqiqata aktiv xəstə qəbulu 2007-2010 illərində olmuş; xəstələr median 5.6 il izlənmiş; xəstələrin 469-na karboplatin adlı kimyaterapiyanın tək dozası tətbiq edilmiş, 422-si isə dərmansız aktiv müşahidə edilmişdir.
Xaya xərçəngi hüceyrələrinin rete testis adlanan sahəyə invaziyası (sirayət etməsi) və şiş diametrinin 4 cm-dən böyük olması xəstəliyin təkrarlanmasının (residiv) göstəriciləri olaraq müəyyən edilmiş və bunlara “residivi göstərən risk amilləri” deyilmişdir.
Risk amilləri olmayan xəstələrdə xəstəliyin təkrarlanma nisbəti müalicəsiz müşahidə qrupunda %4, tək dozalı adyuvant karboplatin adlı kimyaterapiya alan qrupda isə %2,2 olmuşdur; bir və ya iki risk amili olan xəstələrdə residiv nisbətləri müalicəsiz müşahidə qrupunda %15,5, kimyaterapiya qrupunda isə %9,3 olmuşdur.
Nəticə olaraq, risk amilləri olmayan erkən mərhələli (klinik mərhələ-1) seminomalı xəstələr bu xəstəliyin əməliyyatdan sonrakı standart müalicəsi olan adyuvant kimyaterapiya karboplatindən əhəmiyyətli fayda görmürlər və bu xəstələrdə residiv ehtimalı daha aşağıdır.
Mənbələr
Treatment of stage I seminoma, with one course of adjuvant carboplatin or surveillance, risk-adapted recommendations implementing patient autonomy, a report from the Swedish and Norwegian Testicular Cancer Group (SWENOTECA).
Ann Oncol. 2016 Apr 6. pii: mdw164.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.