İrəliləmiş mərhələli melanomada hədəfə yönəlmiş kombinə müalicələr daha üstündürmü?

İngilis Tibb Jurnalında dərc edilmiş tədqiqata görə irəliləmiş mərhələli melanomada tək vasitə ilə müalicəyə nisbətən kombinə müalicələrin daha üstün olduğu ortaya qoyulmuşdur.
Metastatik (irəliləmiş mərhələli) melanomanın müalicəsində son illərdə çox ciddi inkişaflar əldə edilmişdir. Xüsusilə BRAF genində yaranan mutasiyaların melanomaların inkişafında təsirli olduğu müəyyənləşdirildikdən sonra bu hədəfə yönəlmiş müalicə strategiyaları ciddi əhəmiyyət qazanmışdır. Bu müalicələrin hədəfindəki BRAF mutasiyaları MAPK adlı yolu aktivləşdirir və bu yol da hüceyrələrin nəzarətsiz böyüyüb çoxalmasına səbəb olur. Buna görə bəzi vasitələrlə bu genin məhsulları əngəlləndikdə hüceyrələrin nəzarətsiz çoxalmasının da qarşısı alına bilər. Bu müalicədə vemurafenib və dabrafenib kimi BRAF-ı bloklayan vasitələr və ya trametinib kimi MAPK yolunu bloklayan vasitələr istifadə olunur. Lakin bir müddət sonra MAPK yolunun yenidən aktivləşməsi ilə BRAF əngəlləyici vasitələrə davamlılıq yaranır və xəstəlik yenidən irəliləyir. Bu məqamda BRAF əngəlləyici dərmanlarla MAPK yolunu əngəlləyən dərmanların birlikdə istifadəsi ilə daha yaxşı nəticələr alına biləcəyi düşünülür. Buna görə bu günlərdə aparılmış tədqiqatda metastatik melanomada yalnız vemurafeniblə müqayisədə dabrafenib və trametinibin birlikdə istifadəsinin daha effektiv olub-olmayacağı araşdırılmışdır.
Tədqiqatda əvvəllər müalicə almamış, BRAF mutasiyalı təxminən 700 metastatik melanoma xəstəsinin bir hissəsinə yalnız vemurafenib, bir hissəsinə dabrafenib və trametinib müalicəsi tətbiq edilmiş və izlənilmişdir. Nəticədə dabrafenib və trametinib tətbiq olunan xəstələrdə 12 aylıq sağqalma nisbəti %72, yalnız vemurafenib tətbiq olunan xəstələrdə %65 müəyyən edilmişdir. Bununla yanaşı, xəstəlikdə irəliləmə olmadan keçən müddətlər müvafiq olaraq 11,4 aya qarşı 7,3 ay; müalicəyə cavab nisbətləri yenə müvafiq olaraq %64-ə qarşı %51 olmuşdur. Dabrafenib və trametinib tətbiq olunan qrupda müalicəyə tam cavab verən 47 xəstəyə qarşı vemurafenib tətbiq olunan qrupda bu say yalnız 27 olmuşdur. Həmçinin bu hal yaş, cinsiyyət, mutasiya növü kimi amillərə görə də fərqlənməmişdir.
Nəticə olaraq, əvvəllər aparılan tədqiqatlarla dabrafenib-trametinib kombinasiyasının yalnız dabrafenibə, vemurafenib-cobimetinib kombinasiyasının yalnız vemurafenibə nisbətən daha üstün olduğu göstərilmişdir. Həmçinin bu tədqiqatda dabrafenib-trametinib kombinasiyasının vemurafenibdən üstünlüyünün göstərilməsi irəliləmiş mərhələli melanomada tək vasitə ilə müalicəyə nisbətən kombinə müalicələrin daha üstün olduğunu ortaya qoyur. Bu hal irəliləmiş mərhələli melanomanın müalicəsində qarşıdakı dövrlərdə hədəfə yönəlmiş kombinə müalicələrin daha çox yer almalı olduğuna güclü işarədir. Lakin tapıntıların yeni tədqiqatlarla dəstəklənməsinə ehtiyac var.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.