Krioablasiya + immunoterapiya + Lenvatinib: öd yolu xərçəngində yeni üçlü sinergiya

Bu məqalədə
İsti nəticələr doğuran soyuq başlanğıc
Öd yollarından yaranan xərçənglər, xüsusilə intrahepatik xolangiokarsinoma (qaraciyərdaxili öd yolu xərçəngi) uzun illər onkologiyanın ən davamlı sahələrindən olub. Bu şişlər adətən gec mərhələdə aşkarlanır və cərrahi çıxarıla bilsə də, yüksək təkrarlanma riski daşıyır. Yaxın zamanadək müalicə seçimləri çox məhdud idi: 2010-cu illərdə gemcitabin + sisplatin (GemCis) rejimi yeganə standart idi.
Lakin son beş ildə mənzərə dəyişməyə başladı. TOPAZ-1 və KEYNOTE-966 kimi tədqiqatlar bu xərçənglərdə immunoterapiyanı ilk müalicə xəttinə gətirdi və sağqalmada ilk dəfə əhəmiyyətli yaxşılaşma təmin etdi. Bununla belə, kimyaterapiyadan sonra irəliləmə olan xəstələrdə ikinci müalicə xətti seçimləri böyük boşluq olaraq qalırdı — xüsusilə FGFR2 füzyonu və ya IDH1 mutasiyası kimi hədəflənə bilən genetik dəyişiklikləri olmayan əksəriyyət üçün.
Məhz bu məqamda nəticələri 1 noyabr 2025-ci ildə Nature Cancer jurnalında dərc edilmiş CASTLE-01 tədqiqatı yeni pəncərə açır. Tədqiqatçılar irəliləmiş intrahepatik xolangiokarsinomada ( ICC) yerli müdaxilə (krioablasiya) ilə immun sistemini “oyatmağın” mümkün olub-olmadığını yoxlayıblar.
Krioablasiya son illərdə qaraciyər, böyrək və ağciyər kimi orqan şişlərində getdikcə genişlənən minimal invaziv ablasiya üsuludur. Əsas fikir budur: şişi donduraraq məhv etməklə yanaşı, şiş antigenlərini “üzə çıxarıb” immun sistemində bir növ təbii peyvənd təsiri yarada bilir.
Bu “soyuq” başlanğıc isti nəticələr doğurdu: CASTLE-01 krioablasiyadan sonra verilən anti-PD-1 anticismi sintilimab və VEGFR inhibitoru lenvatinib kombinasiyasının immunoterapiyaya davamlı sayılan ICC-də belə qeyri-adi cavablar yarada bildiyini göstərib. Beləcə tədqiqat yeni müalicə modeli ilə yanaşı, xərçəng immunologiyasının gələcəyi haqqında güclü mesaj verir: “Uyğun kombinasiyalar hətta səssiz şişləri də danışdıra bilər.”
Üçlü kombinasiya: krioablasiya + Sintilimab + Lenvatinib
Çində aparılan bu tək qruplu faza 2 tədqiqatında əvvəllər kimyaterapiya almış 28 irəliləmiş və ya metastatik ICC xəstəsi krioablasiyadan sonra iki həftə ərzində anti-PD-1 anticismi sintilimab (200 mg, hər 3 həftədən bir) və VEGFR inhibitoru lenvatinib (8–12 mg/gün) kombinasiyası ilə müalicə alıb.
Nəticələr təsirlidir:
• Obyektiv cavab tezliyi (ORR): 75% (95% Eİ: 59–91%)
• Xəstəliyə nəzarət tezliyi (DCR): 100%
• Median proqressiyasız sağqalma (mPFS): 16.8 ay
• Median ümumi sağqalma (mOS): 25.4 ay
Bu məlumatlar ikinci müalicə xəttində istifadə olunan klassik FOLFOX rejiminin 4 aylıq PFS və 6 aylıq OS göstəriciləri ilə müqayisədə kəskin fərq yaradır. Müalicə idarəolunan əlavə təsirlərlə yaxşı dözülüb; ən çox yorğunluq (68%) və yüksək təzyiq (65%) görülüb.
Şiş mikrosistemində nə dəyişib?
Tədqiqatın ən diqqətçəkən tərəfi yalnız klinik uğur deyil, həm də multiomik səviyyədə mexanizmi aydınlaşdırmasıdır . Tədqiqatçılar müalicədən əvvəl və sonra götürülən qaraciyər biopsiyalarını tək hüceyrəli RNT sekvenslənməsi (scRNA-seq) və görüntüləyici kütlə sitometriyası ilə təhlil ediblər.
- Krioablasiyadan sonra şiş toxumasında dendritik hüceyrə fəallaşması və antigen təqdimatı artıb.
- Sintilimab + lenvatinib müalicəsi CD8⁺ PD1hi effektor T hüceyrələrinin şişə miqrasiyasını gücləndirib.
- Soyuq şiş mikromühiti “isti” və immunogen quruluşa çevrilib.
- Yeni CD8⁺ klonlarının periferik qandan şişə “yenidən dolduğu” müşahidə olunub — bu, uzunmüddətli immun yaddaş baxımından təməlqoyucu müşahidədir.
Bu nəticələr yerli ablasiyanın sistemik immuniteti tətiklədiyi “abskopal təsir” hadisəsinin insan məlumatları ilə ilk dəfə bu qədər aydın sübut edildiyini göstərir.
Klinik və elmi şərh
CASTLE-01 məlumatları öd yolu xərçəngləri kimi immunoterapiyaya davamlı şişlərdə belə uyğun kombinasiyalarla immunitetin yenidən proqramlaşdırıla bildiyini sübut edir. Krioablasiya bir tərəfdən şişi yerli məhv edir, digər tərəfdən immun sistemini “öyrədilmiş” edir. Lenvatinib-in damar quruluşunu yenidən təşkil edərək T hüceyrələrinin girişini asanlaşdırması bu sinergiyanı tamamlayır.
Bu strategiya gələcəkdə yalnız ICC deyil, digər “soyuq” bərk şişlərdə də yerli-sistemik kombinasiya müalicələrinə yol aça bilər. Klinik baxımdan hətta “müalicə edilə bilməyən” sayılan qruplarda uzunmüddətli cavab ehtimalını artıra bilər.
Gələcəyə baxış
Bu tədqiqat müasir onkologiyada “çoxqatlı müdaxilə” dövrünün gəldiyini göstərir. Sistemik dərmanlar və yerli müalicələr artıq rəqib deyil, bir-birini tamamlayan hissələrdir. Yaxın gələcəkdə immun-damar sinxronlaşmasını hədəfləyən bu yanaşmalar yalnız şişi kiçiltməyəcək, immun yaddaşı da davamlı dəyişdirə bilər.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.