Mədəni qoruyan dərmanlar xərçəng yaradırmı?

Bu məqalədə
"Mədə turşusunu azaldan" dərmanlar olan proton pompası inhibitorlarının (PPİ) mədə xərçənginə səbəb olması barədə son illərdə ciddi elmi müzakirələr gedir. Lakin yeni araşdırma bu əlaqəyə dair dəlillərin mübahisəli və yetərsiz olduğuna diqqət çəkdi.
Mədə xərçəngi riskini bu dərmanlar artırır, yoxsa onsuz da xərçəng riski yüksək olan şəxslər mədə turşuluğunu azaldan dərmanlardan istifadəyə daha meyillidirlər?
PPİ-nin mədə xərçənginə səbəb ola biləcəyini müdafiə edən tədqiqatçılar bu dərmanların enteroxromaffinəbənzər hüceyrələrlə, mədə atrofiyası, mədə selikli qişasının immunologiyası və mədə mikroflorasındakı dəyişikliklərlə əlaqəsini vurğulayırlar. Qarşı tərəf isə həmin tədqiqatçıların PPİ təyin edilən vəziyyət və əlamətlərin xərçənglə bağlı ola biləcəyi ehtimalını nəzərə almadığını bildirir.
Proton pompası inhibitorları ilə mədə xərçəngi arasındakı əlaqə
Proton pompası inhibitorlarının (PPİ) mədə xərçənginə səbəb olduğunu irəli sürən tədqiqatçılarla yanaşı, bunun əksini iddia edənlər də var.
İtaliyanın Milan şəhərindəki Humanitas Universitetinin Tibbi Statistika bölməsindən dosent Dr. Daniele Piovani yazımızın mövzusu olan yeni araşdırmaları barədə belə deyir: “Nəticələrimiz xüsusilə uzunmüddətli PPİ istifadəsinə əsas olan və ağır sağlamlıq nəticələrinin qarşısını almaq üçün mədə turşusunun davamlı, təsirli basdırılmasına ehtiyacı olan bütün xəstələrə arxayınlıq verir.”
Dr. Piovani və həmkarlarının Alimentary Pharmacology and Therapeutics jurnalında 31 dekabr 2022-ci ildə dərc etdikləri məqaləyə görə əvvəlki araşdırmalarda mədəni qoruyan dərmanların təyin edilməsinə səbəb olan "xəstəliklərin" xərçəng yarada bilməsi nəzərə alınmırdı.
PPİ-nin enteroxromaffinəbənzər hüceyrələr, mədə atrofiyası, bağırsaq mikrobiotası və mədə selikli qişasının immunologiyasındakı dəyişikliklərlə əlaqəsi aşkar edildikdən sonra onların xərçəng yaratma potensialı barədə narahatlıq yaranıb. Müşahidə tədqiqatları və meta-analizlər PPİ ilə mədə xərçəngi riskinin artması arasında əlaqə göstərir. Lakin Dr. Piovani isə “PPİ təyin edilən xəstəliklərin altında yatan vəziyyət mədə xərçəngi ilə əlaqəlidir. Bu, PPİ ilə mədə xərçəngi arasında nəzərəçarpan əlaqə görüntüsü yarada bilər." deyir.
Digər mümkün qarışdırıcı amil hələ diaqnoz qoyulmamış mədə xərçənginin əlamətləri üçün başlanğıcda çox vaxt PPİ istifadə edilməsidir.
“PPİ qəbul edən peptik (mədə) xorası xəstəsini düşünək. Onun yalnız peptik xorası olmaya bilər, eyni zamanda çox siqaret çəkə bilər. Peptik xorası olmayan və PPİ qəbul etməyən nəzarət xəstəsinə nisbətən daha çox alkoqol içə, fərqli qidalana və yüksək stressə məruzqalma ehtimalı daha böyük ola bilər.”
Yalnız PPİ deyil, famotidin (məsələn, Famodin) kimi digər mədəqoruyucu dərmanlarla da mədə xərçəngi riskinin artması arasında əlaqəyə dair inandırıcı dəlil tapılmadı.
PPİ-nin mədə xərçənginə səbəb olduğuna dair dəlillər yetərsizdir
Utah ştatının Murray şəhərində Intermountain Healthcare şirkətinin Mədə-Bağırsaq Onkologiyası direktoru Mark Lewis “Bu yeni araşdırmanı nisbətən arxayınlaşdırıcı hesab etdim” dedi.
Lewis PPİ-nin mədənin pH göstəricisini əhəmiyyətli artırdığını (yəni turşuluğu azaltdığını) və mədənin bəzən şişlərə gətirib çıxara bilən prosesdə özünü bərpa etməyə çalışdığını söylədi. Lakin bu şişlər xoşxassəli görünür. O, PPİ istifadəsi ilə bağlı sümük sıxlığının azalması kimi digər narahatlıqların da araşdırıldığını dedi.
Lewis famotidin kimi bəzi H2 reseptor blokatorlarının əslində PPİ-dən daha böyük xərçəng riski yarada biləcəyini, lakin bu gün bir çox həkimin daha yeni nəsil mədəqoruyucu dərmanlar olan PPİ-yə üstünlük verdiyini söylədi.
Nəticə etibarilə PPİ kimi mədə turşuluğunu azaldan dərmanlardan istifadə edib-etməmək qərarı xərçəng riski əsasında verilməməlidir; bu dərmanları tibbi səbəblərlə uzun müddət istifadə etməli olan xəstələr arxayın olmalıdırlar.
Mənbələr
2. Scant Evidence for Proton Pump Inhibitor Role in Gastric Cancer - Medscape - Jan 12, 2023.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.