“Mən alkoqolik deyiləm, qədərində içirəm” deyənlərə də xəbərdarlığımız var: Sosial içki sayılan gündə bir-iki qədəh spirtin xərçəng riskini artırdığı tapıldı!

Spirtin başda qaraciyər piylənməsi, spirtə bağlı hepatit və sirroz olmaqla xərçəng, qastrit, pankreatit (mədəaltı vəzi iltihabı), hipertoniya, iflic və demensiya (ağlın zəifləməsi) kimi bir çox problem yaratdığı məlumdur. Lakin indiyədək az miqdarda (orta hesabla gündə 1-2 qədəh) spirt bu problemləri nadir yaratdığı və ürək xəstəliyi riskini bir qədər azaltdığı üçün məsum görünürdü. Yaxın günlərdə British Medical Journal-da yayımlanan tədqiqat isə az və orta spirt qəbulunun xüsusilə qadınlarda xərçəng riskini artırdığını göstərmişdir.
Ümumdünya Səhiyyə Təşkilatı 1988-ci ildə spirti kanserogen (xərçəngyaradıcı) kimi təsnif etmişdir. Ötən il yayımlanan 2014 xərçəng hesabatında spirtin heç bir miqdarının təhlükəsiz olmadığınıbildirmişdir. Çoxsaylı elmi tədqiqatlar yüksək spirt qəbulunun yoğun bağırsaq, süd vəzi, qaraciyər, ağız boşluğu, udlaq, qırtlaq və qida borusu xərçəngi riskini artırdığını sübut etmişdir. Spirtin mədə, mədəaltı vəzi, ağciyər və öd kisəsi xərçəngləri ilə də əlaqəsi düşünülür. Lakin az və orta qəbulun (qadınlar üçün gündə orta hesabla 1, kişilər üçün 2 qədəh və az) risklə əlaqəsi aydın deyildi. Bu yeni tədqiqat əlaqəni araşdırmışdır. Xəstələr siqaret istifadəsinə görə də qiymətləndirilmişdir. Çünki siqaretlə spirt bir-birinin zərərli təsirini artırır. Məsələn, spirt ağız və qırtlaqda siqaretdəki kanserogen kimyəvilərin sorulmasını artırır.
2 ayrı araşdırmanın birgə analizində təxminən 175 min səhiyyə işçisi iştirak etmişdir. Az və orta spirt qəbulunun siqaretlə birlikdə və ondan asılı olmayaraq xərçənglə əlaqəsi araşdırılmışdır. İzləmə zamanı təxminən 9000 qadın, 1600 kişi spirtlə əlaqəli xərçənglərdən birinə (yoğun bağırsaq, süd vəzi, qaraciyər, ağız boşluğu, udlaq, qırtlaq, qida borusu) tutulmuşdur. Qadınlarda az və orta qəbulun (gündə 15 gr-dan az) siqaretdən asılı olmadan riski artırdığı görülmüşdür. Kişilərdə isə az və orta qəbul (gündə 30 gr.-dan az) yalnız siqaret çəkənlərdə riski artırmışdır. Həddin qadınlarda 15 gr, kişilərdə 30 gr seçilməsinin səbəbi qadınların spirtə daha həssas olmasıdır. 10 gr spirt təxminən 1 qədəh şəraba və ya 1 kiçik qutu (330 ml) pivəyə uyğundur. Komanda kişilərdə az və orta spirtlə risk arasında ciddi əlaqə tapmasa da, xüsusilə qadınlarda süd vəzi xərçəngi riskini əhəmiyyətli artırdığını göstərmişdir. Xüsusilə yüksək riskli qadınlara (ailədə süd vəzi xərçəngi kimi) spirt qəbulunu dayandırmağı, ən azı azaltmağı tövsiyə etmişdir.
Nəticə olaraq spirtin xərçəng daxil bir çox ciddi sağlamlıq probleminin əsas səbəblərindən olması həqiqətdir. Az qəbul da düşünüldüyü kimi zərərsiz deyil. Gündəlik az spirtin ürək xəstəliyi riskini bir qədər azaltdığı doğrudur. Lakin bu, ürəyi qorumaq üçün spirt qəbul etməli olduğunuz demək deyil. Çünki tədqiqatlara görə bu davranış digər tərəfdən xərçəng riskini artırır. Siqareti tərgitmək, müntəzəm məşq və sağlam qidalanma ürəyi qorumağın ən yaxşı yollarıdır.
Gəlin, xərçəng və digər problemlərin bu qədər artdığı şəraitdə sağlamlığınızı qorumaq üçün böyük addım atın: siqaret və spirti dayandıraraq sağlamlığınız üçün yeni səhifə açın.
Əvvəlki yazılarımızdan birində spirtin yoğun bağırsaq xərçəngi riskini əhəmiyyətli artırdığını bildirmişdik.
Mənbələr
Light to moderate intake of alcohol, drinking patterns, and risk of cancer: results from two prospective US cohort studies.
BMJ. 2015;351:4238.
2. Rehm J. et al.
Alcohol consumption.
World Cancer Report 2014. Lyon, France: International Agency for Research on Cancer; 2014.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.