Menopauza şikayətlərini azaltmaq üçün hormon əlavəsi almaq yumurtalıq xərçəngi riskini artırırmı?

Menopauza qadınlarda hamilə qalma və doğma qabiliyyətinin sona çatması, aybaşının kəsilməsi vəziyyətidir. Bəzən “həyatın dəyişməsi” kimi qəbul edilsə də, bu tərif mənfi məna daşıyır və yerində deyil. Menopauza zamanı fiziki, zehni və cinsi dəyişikliklər olduğu doğrudur, lakin bunlar “pisləşmə” kimi səciyyələndirilə bilməz.
Fransızca ménopause sözündən dilimizə keçmişdir. Meno-pause sözlərinin birləşməsindən yaranır. Meno- ön şəkilçisi yunanca men (ay) sözü və pause (dayanma, kəsilmə) sözlərinin birləşməsindən yaranır.
Yumurtalıqların (overlərin) təbii ömrü vardır və bu müddət təxminən 35 ildir. Yumurtalıqların zamanla vəzifəsini yerinə yetirə bilməməsi ilə estrogen və progesteron adlı hormonlar daha az istehsal olunur və menopauza prosesi (postmenopauzal dövr) başlayır. Postmenopauzal qadınlarda təşviş, isti basmalar, depressiya və yaddaş pozuntuları kimi bir çox narahatedici vəziyyət bu hormonların (xüsusilə estrogenin) çatışmazlığı səbəbindən yaranır. Bu şikayətlərin aradan qaldırılması üçün 1960-cı illərdən hormon əvəzetmə müalicəsinə (HRT= çatışmayan hormonun əvəz edilməsi) müraciət edilir. Xüsusilə son illərdə postmenopauzal qadınlara resept edilən HRT sayında kəskin artım vardır. Əvvəllər estrogen hormonu təkbaşına verilərkən, zamanla yalnız estrogen müalicəsinin bəzi risklər gətirdiyi görüldü və progesteronla birlikdə verilməyə başlandı.
HRT-nin ürək xəstəlikləri və süd vəzi xərçəngi riskində müəyyən artıma səbəb olduğu məlum idi; bununla yanaşı yaxın tarixli bəzi tədqiqatlarda endometrium (uşaqlıq) xərçəngi riskini də artırdığı müəyyən edilmişdir.
Trabert və həmkarlarının 2013 fevral ayında dərc edilən tədqiqatına görə, postmenopauzal dövrdə HRT alan 68,000 qadının 885-ində endometrium xərçənginin inkişaf etdiyi müşahidə edilmişdir. Bununla yanaşı, estrogen əlavə edilmiş progesteronların 10 il (ayda 15 gün və ya daha az) və daha uzun istifadəsinin heç HRT almayanlarla müqayisədə endometrium xərçəngi riskində əhəmiyyətli artım yaratdığı müşahidə edilmişdir. Digər tərəfdən, bu riskin artıq çəkili və ya piylənmiş olmayan qadınlar üçün də vacib olduğu vurğulanır.
Daha yeni başqa tədqiqatda HRT-nin postmenopauzal qadınlarda yumurtalıq xərçəngi riskini də artırdığı müşahidə edilmişdir. Tədqiqatçıların nəticələrinə görə HRT-yə 50-li yaşlarda başlayan hər 1000 qadından 1-inin yumurtalıq xərçəngi ola biləcəyi və yumurtalıq xərçənginin hər 1700 qadından birinin həyat itkisinə səbəb ola biləcəyi bildirilmişdir.
2015 fevral ayında Lancet jurnalında dərc edilən tədqiqat üçün yumurtalıq xərçəngi diaqnozlu 21,488 postmenopauzal qadın bir çox risk amili baxımından qiymətləndirilmişdir. Tədqiqatın ən mühüm nəticəsi HRT istifadəsinin yumurtalıq xərçəngi riskində əhəmiyyətli artıma səbəb olması olmuşdur. Bu risk hazırda HRT alanlarda ən yüksək ikən, HRT bitirildikdən 5 il sonrayadək HRT istifadə etməyənlərdən yüksək olduğu görülmüşdür. Bununla yanaşı, yalnız estrogen müalicəsi alanların deyil, estrogen və progesteron kombinə müalicəsi alanların da oxşar dərəcədə risk altında olduğu görülmüşdür.
Amerika və İngiltərədə hazırda HRT alan qadınların məlum sayı 6 milyondur. Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı və ABŞ-ın HRT rəhbərində yumurtalıq xərçəngi yaratma riskindən danışılmır, lakin İngiltərədə uzunmüddətli istifadənin yumurtalıq xərçəngi riski yarada biləcəyinə diqqət çəkilir. Mövcud tədqiqatla HRT istifadəsinin yumurtalıq xərçəngi riskini artırdığına dair güclü sübutlar yaranmışdır. Bu tədqiqatla, xüsusilə 50 yaş ətrafında istifadəyə başladıqda riskin ən yüksək olduğu nəzərə alınaraq HRT istifadə təlimatları yenidən nəzərdən keçirilməli, xəstələr daha yaxşı məlumatlandırılmalı və hormon əvəzetmə müalicəsi mütləq həkim tövsiyəsi və resepti ilə istifadə edilməlidir.
Açar sözlər: menopauza, xərçəng riski, yumurtalıq xərçəngi, HRT, hormon əvəzetmə müalicəsi, estrogen, progesteron, postmenopauzal dövr
Mənbələr
Menopausal hormone use and ovarian cancer risk: individual participant meta-analysis of 52 epidemiological studies.
the Lancet. Volume 385, No. 9980, p1835–1842, 9 May 2015.
https://dx.doi.org/10.1016/S0140-6736(14)61687-1
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.