Prostat xərçəngi üçün hormon müalicəsi – 2

Bu məqalədə
Prostat xərçəngində hormon müalicəsi yazımızın ikinci hissəsində antiandrogen adlanan dərmanlardan danışacağıq. Prostat hüceyrələrinin böyümə və çoxalmasında açar rol oynayan androgen hormonları prostat hüceyrələrinin səthindəki androgen reseptoru adlanan zülallara bağlanaraq fəaliyyət göstərir. Antiandrogenlər androgenlərin bu reseptorlara bağlanmasına mane olur.
Bu qrupda yer alan və ən geniş istifadə edilən dərmanlar Flutamide (Eulexin) və Bicalutamide (casodex)dir.
Hər gün qəbul edilən həb şəklində istifadə olunurlar. Antiandrogenlər əsasən təkbaşına istifadə edilmir. Çox vaxt LHRH aqonistlərinin effektivliyi azaldıqda əlavə olaraq tətbiq edilir. Həmçinin LHRH aqonistləri ilə istifadə edildikdə şişin alovlanması (tumor flare) təsirindən qorunmaq üçün bir neçə həftə istifadə olunurlar.
Bundan əlavə, antiandrogenlər orxiektomiyaya və ya LHRH aqonistlərinə əlavə olaraq birinci sıra hormon müalicəsi kimi də istifadə edilə bilər. Bu üsula kombinə edilmiş androgen blokadası deyilir.
Prostat xərçəngi xəstəsində antiandrogen təsir etməməyə başlayarsa, antiandrogen müalicəsinə fasilə vermək qısa müddətə xərçəngin böyüməsinin dayanmasına səbəb ola bilər. Biz buna antiandrogenin kəsilməsi təsiri deyirik. Bunun səbəbi isə hələ aydınlaşmamışdır.
Enzalutamide (Xtandi)
Yeni nəsil antiandrogen müalicə üsuludur. Normalda androgenlər öz reseptorlarına bağlandıqda reseptor hüceyrənin idarəetmə mərkəzinə böyümə və bölünmə siqnalı göndərir. Enzalutamide məhz bu siqnalı bloklayır. Hər gün qəbul edilən həb şəklində istifadə olunur. Enzalutamide cərrahiyyəyə davamlı prostat xərçəngi olan kişilərdə faydalı ola bilər. Bir çox dərman tədqiqatında kişi xəstələr LHRH aqonisti ilə müalicə edilmişdir. Lakin cərrahi müdaxilə edilməmiş testosteron səviyyəsinə malik kişilərdə necə təsir etdiyi haqqında dəqiq məlumat yoxdur.
Hormon müalicələrinin mümkün yan təsirləri
Orxiektomiya, LHRH aqonistləri və antaqonistləri testosteron səviyyələrinin azalması səbəbindən oxşar yan təsirlərə malikdir.
Bu yan təsirlər:
- Cinsi istəyin azalması və ya itməsi
- İmpotensiya
- Penisin və xayaların kiçilməsi
- Zamanla yaxşılaşan və ya yox olan isti basmaları
- Süd vəzisində həssaslıq və süd vəzi toxumasının böyüməsi
- Sınıqlara səbəb ola bilən osteoporoz (sümük seyrəkləşməsi)
- Anemiya (qırmızı qan hüceyrələrinin sayının azlığı)
- Zehni zəiflik
- Əzələ kütləsinin itməsi
- Çəki artımı
- Yorğunluq
- Yüksək xolesterin
- Depressiya
Bəzi araşdırmalar yüksək təzyiq, diabet, insult, infarkt və ürək xəstəliklərinə bağlı ölüm riskinin hormon müalicəsi alan kişi xəstələrdə yüksək olduğunu göstərmişdir. Lakin bu mövzuda aparılan bütün araşdırmalar bunu təsdiqləyə bilməmişdir.
Antiandrogenlərin oxşar yan təsirləri var. LHRH aqonistləri, antaqonistləri və orxiektomiya ilə əsas fərq antiandrogenlərin cinsi baxımdan daha az yan təsirə malik olmasıdır. Bu dərmanlar tək istifadə edildikdə cinsi istək və ereksiya adətən davam edir. Lakin bu dərmanlar LHRH aqonistləri ilə müalicə olunmuş kişi xəstəyə verildikdə əsas yan təsir ishaldır.
Abiraterone oynaq və ya əzələ ağrılarına, yüksək təzyiqə, bədəndə maye yığılmasına, isti basmalarına, mədə problemlərinə və ishala səbəb ola bilər.
Enzalutamide ishala, yorğunluğa və isti basmalarının pisləşməsinə səbəb ola bilər. Bu dərman sinir sistemində də bəzi yan təsirlər yaradır. Bunlar başgicəllənmə və nadir hallarda iflicdir. Bu dərmanı qəbul edən kişilər yıxılmaya bağlı zədələnmələrə meyillidirlər.
Hormon müalicələrindən qaynaqlanan yan təsirlərin çoxunun qarşısı alına və ya müalicə edilə bilər.
Məsələn,
- Antidepressantlar və digər dərmanlar çox vaxt isti basması şikayətinə kömək edə bilər.
- Bir çox dərman osteoporozun qarşısının alınmasında profilaktik və müalicəvi təsir göstərə bilər.
- Depressiya antidepressantlarla və ya psixoloji məsləhətlə müalicə edilə bilər.
- İdman yorğunluq, çəki artımı, sümük və əzələ itkisi kimi yan təsirləri azaltmağa kömək edə bilər.
Mənbələr
https://www.cancer.org/cancer/prostatecancer/detailedguide/prostate-cancer-treating-hormone-therapy
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.