Psixi xəstələri zəncirlərindən azad etmək 1793 – Cəzalandırılmamalı, müalicə edilməlidir

Fransız həkim Philippe Pinel 1801-ci ildə "A Treatise on Insanity" (Dəlilik haqqında araşdırma) adlı kitabında Fransa psixiatriya xəstəxanalarındakı xəstələrin məruz qaldığı dəhşətli rəftardan bəhs edirdi: “Maniyalı xəstələrdən bəzən xəstənin, yoxsa həkiminin dəli olduğu barədə şübhə yaradacaq dərəcədə hədsiz qan alınırdı.” (ehtimal ki, flebotomiya məqsədilə).
Pinel 1793-cü ildə Bicêtre Xəstəxanasının müdürü olduqda, psixi pozuntulara "xəstəlik" kimi baxılmalı olduğunu və xəstələrin şeytani varlıq tərəfindən ələ keçirildikləri və ya hərəkətlərinin günahkar davranış sayıldığı üçün cəzalandırılmamalı olduqlarını müdafiə etdi.
Psixiatriya xəstəxanalarının xəstələrinin döyüldüyü, zəncirləndiyi, ac saxlandığı, stullarda qusana qədər fırlandırıldığı və bəzən heyvanlar kimi nümayiş etdirildiyi bir dövrdə xəstələrə qayğı ilə yanaşılaraq müalicə edilməli olduqları fikri inqilabi düşüncə idi.
Pinel xəstələrin səmimi qayğı ilə müalicə edilməli olduğunu müdafiə edən xəstəxana müdürü Jean-Baptiste Pussindən çox şey öyrəndi. Təxminən 1793-cü ildə Pussin və Pinel Bicêtre psixiatriya xəstəxanasındakı bir neçə xəstənin zəncirlərini çıxardılar, onların vəziyyətinin gedişini diqqətlə izlədilər və bir çoxunda yaxşılaşma gördülər. Sərt cəzaları qadağan edən Pinel daha yaxşı qidalanma sistemi, işçilər üçün reabilitasiya xidmətləri və xəstələr barədə diqqətli qeydlərin aparılması kimi məsələlərdə israr edirdi. Eyni zamanda psixi xəstələrlə daha təsirli işləyə biləcək ağıllı və qayğıkeş xəstəxana heyətinə ehtiyacı olduğunu düşünürdü. Bu yanaşma nəticəsində xəstəxanada ölüm halları kəskin şəkildə azaldı və xəstəxanadan buraxılan xəstələrin sayı artdı. Pinel 1795-ci ildə Avropanın ən böyük psixiatriya xəstəxanası olan Salpêtrière Xəstəxanasının müdürü oldu. Burada da oxşar islahatları uğurla həyata keçirdi və psixiatriyanın qurucularından biri kimi tanınmağa başladı. Pinel insani yanaşmasını "traitement moral" (əxlaqi müalicə) adlandırdı və fiziki müalicədən əvvəl ilkin psixoloji müalicə mərhələsi kimi "qayğı ilə yanaşma" üsulundan istifadə edilməli olduğunu vurğuladı.
Eyni dövrdə yaşamış digər psixiatriya xəstəxanası islahatçılarına 1792-ci ildə psixi xəstələr üçün sığınacaq yaradan ingilis kvaker William Tuke və 1788-ci ildə Florensiyadakı bir xəstəxanaya rəhbərlik edərkən insani müalicəni təşviq edən italyan həkim Vincenzo Chiarugi nümunə göstərilə bilər.
Yazıdakı şəklin izahı: Əvvəllər Buffalo Ştat Psixiatriya Xəstəxanası kimi tanınan müəssisə 1870-ci ildə memar Henry Hobson Richardson tərəfindən layihələndirildi. 1970-ci illərin ortalarına qədər psixi xəstələrin yerləşdirildiyi müəssisədə xəstələr cinsə görə ayrılırdı.
Yazıda adı çəkilən tarixi şəxslər: William Tuke ( 1732– 1822), Philippe Pinel ( 1745– 1826), Jean- Baptiste Pussin ( 1745– 1811), Vincenzo Chiarugi ( 1759– 1820)
- Əvvəlki mövzu: Təcili yardım maşını 1792 – Antik dövrlərdən günümüzədək
- Sonrakı mövzu: Tamamlayıcı və ya alternativ tibb (TAM) – 1796
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.