Qoruyucu məqsədlə tətbiq edilən kimyaterapiya – kapesitabin öd yolu xərçənglərində ömrü uzatdı

Amerikada keçirilən 2017 ASCO Xərçəng Konqresində təqdim edilmiş, öd yolları xərçənglərində əməliyyatdan sonra tətbiq edilən kapesitabin (capecitabine) adlı kimyaterapiya xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzadıb.
Xolangiokarsinoma və ya xolangioxərçəng də adlandırılan öd yolları xərçəngi , qaraciyərin daxilindəki (intrahepatik) öd yolları, öd kisəsi və qaraciyərdən kənardakı (ekstrahepatik) öd yolları olmaqla təxminən üç nahiyədə müşahidə edilir. Bu sahələrdə yaranan erkən mərhələli öd yolları xərçənglərində prioritet müalicə cərrahiyyədir. Cərrahiyyədən sonrakı 5 ildə şişin mərhələsi və yerləşməsindən asılı olaraq xəstələrin %70-90-ında təkrarlanma müşahidə edilir. Biz onkoloqlar cərrahiyyədən sonra öd yolları xərçənginin təkrarlanmasının qarşısını almaq məqsədilə qoruyucu - adjuvant kimyaterapiya veririk. Lakin bir çox xərçəng növündə əməliyyatdan sonra hansı kimyaterapiyanı hansı müddətdə istifadə edəcəyimiz yaxşı planlaşdırılmış geniş klinik tədqiqatlarla ortaya qoyulduğu halda, öd yolları xərçəngində bu sahədə məlumat yetərsizdir.
ASCO 2017-də bildirilmiş tədqiqatda əməliyyat edilmiş 447 öd yolu xərçəngli xəstə iki qrupa ayrılıb; bir qrupa kapesitabin adlı ağızdan qəbul edilən kimyaterapiya dərmanı qoruyucu məqsədlə tətbiq edilib, digər qrup heç bir kimyaterapiya verilmədən müşahidə edilib. Xəstələrin şişlərinin %47-si qaraciyərdaxili və hilar nahiyədə yerləşdiyi halda, %18-i öd kisəsində, %35-i isə qaraciyərdən kənarda yerləşirdi. Öd yolları xərçəngli xəstələrə əməliyyatdan sonra kapesitabin adlı dərman bədən səthlərinə görə 1250 mg/m2 1-14 günlərdə verilib, 7 gün fasilə edilib və bu müalicə 8 kurs tətbiq edilib. Əməliyyatdan sonra xəstələrin %62-sində hətta mikroskopik səviyyədə də cərrahi sərhəddə şiş qalmamışdı, %38-ində cərrahi sərhəd müsbət idi və %46 xəstədə limfa vəzilərinə yayılma - metastaz tapılıb.
Təxminən 6 ay ərzində əməliyyatdan sonra öd yolları xərçəngli xəstələrə tətbiq edilən kapesitabin adlı kimyaterapiya dərmanı ilə ölüm riskində %25 azalma əldə edilib. Qoruyucu məqsədlə tətbiq edilən kapesitabin adlı kimyaterapiya dərmanı öd yolları xərçəngli xəstələrin orta ömür müddətini 36 aydan 53 aya yüksəldib və tapıntılar statistik əhəmiyyətli hesab edilib.
Uzun illərdən sonra ilk dəfə səliqəli və yaxşı planlaşdırılmış tədqiqatla öd yolları xərçəngli xəstələrin qoruyucu müalicəsində yolgöstərən nəticə əldə olunub. Bu nəticələr öd yolları xərçəngli xəstələr üçün təməl daşı xarakterli məlumat verib. Əldə edilən məlumatlara uyğun olaraq kapesitabinin əməliyyat edilmiş öd yolları xərçəngində 6 ay qoruyucu məqsədli istifadəsinin gündəlik praktikamızda sürətlə yer alacağını düşünürük.
Mənbələr
2017 ASCO Annual Meeting. Abstract No: 4006
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.