Sidikdə qan gəlməsinin 10 səbəbi

Bu məqalədə
Tibbi dildə hematuriya adlandırılan sidikdə qan gəlməsi tez-tez rast gəlinən sağlamlıq problemlərindən biridir. Sidikdə qan sidik sistemi adlandırılan sidik yolları orqanlarının hər hansı birindən qaynaqlana bilər. Sidik yolları orqanları böyrəklər, ureterlər (böyrəklərlə sidik kisəsi arasındakı borular), sidik kisəsi və uretradan (sidik kisəsini bədənin xaricinə birləşdirən kanal) ibarətdir.
Sidikdə qan gəlməsi 2 formada qiymətləndirilir
- Sidikdə gözlə görünən qanama (makroskopik hematuriya): Sidiyi qırmızıya boyayan, gözlə görünən qanamadır və makroskopik hematuriya adlandırılır.
- Sidikdə gözlə görünməyən qanama (mikroskopik hematuriya): Sidikdə qan miqdarı bəzən gözlə fərq edilməyəcək qədər az ola bilər. Mikroskopik hematuriya və ya dipstik-müsbət hematuriya adlanan bu vəziyyətdə sidikdə qan xüsusi testlərlə aşkar edilir.
Sidikdə qan görünməsi aşağıda sadaladığımız sağlamlıq problemlərinin əlaməti ola bilər; bunun üçün lazımi tibbi tədbirlər görülməli və müalicə tətbiq edilməlidir.
sidikdə qan gəlməsinin səbəbləri
Sidik yolu infeksiyası
Sistit kimi də tanınan bu infeksiya kişilərdə də görünsə də, adətən gənc qadınlarda rast gəlinən narahatlıqdır.
Sistitin əlamətləri və yaratdığı şikayətlər
- Qanlı sidik
- Sidik ifrazı zamanı yanma hissi
- Tez-tez sidiyə getmək istəyi
- Qarının aşağı hissəsində ağrıdır
Çox vaxt yüngül keçir və bir neçə gün ərzində öz-özünə keçə bilər.
Yuxarıdakı şikayətlərə qızdırma və ciddi böyrək nahiyəsi ağrısı əlavə olunarsa, pielonefrit adlanan daha mürəkkəb infeksiyaya çevrilə bilər və bəzi hallarda xəstəxanada yataraq müalicə tələb edir. Sistit zamanı bol su içmək vacibdir.
Uretrit
Sidik kisəsini bədənin xaricinə birləşdirən kanal olan uretranın infeksiyası uretrit adlanır. Adətən cinsi yolla keçən infeksiya səbəbindən yaranır və antibiotiklərlə müalicə edilə bilər.
Ağır fiziki məşqlər
Səbəbləri dəqiq bilinməsə də, yorucu məşq edilibsə, bədən yüklənmiş ola bilər; sidik kisəsi travması, dehidratasiya (bədənin susuz qalması) və ya qırmızı qan hüceyrələrinin, eritrositlərin parçalanması nəticəsində sidikdə qan görünə bilər. Bu vəziyyətə ən həssas idmançı qrupu uzun məsafə qaçışçıları olsa da, digər idmançılarda da bəzən görünə bilər.
Sidik kisəsi və ya böyrək daşı
Böyrək və ya sidik kisəsi daşı olduqca şiddətli ağrılara səbəb olan və tez-tez rast gəlinən narahatlıqdır. Böyrək daşı böyrəklə sidik kisəsi arasında sidik daşıyan, diametri təxminən 5 mm olan kanallara – ureterlərə ilişərsə, böyrək sancısı adlandırılan şiddətli daş ağrısına səbəb olur və sidikdə qanama görünə bilər. Kiçik daşlar bol su içməklə xaric edilə bilər. Daha böyük daşlar isə daşqırma və ya əməliyyat tələb edə bilər.
Böyrək travmaları
Qəza və ya yaralanmalara bağlı sidik yollarında qanama ola bilər. Bunların çoxu zamanla keçə bilər və ya cərrahi əməliyyatla qanama dayandırıla bilər.
Qlomerulonefrit
Nefrit adlandırılan, böyrəklərin qanı süzən hissəsinin iltihabı sidikdə qanama səbəblərindən biridir. Uşaqlarda və gənclərdə daha çox görünür. Müalicəsi nefritin yaranma formasına (məsələn, infeksiya, istifadə edilən müəyyən dərmanlar kimi) görə dəyişir.
Prostat vəzinin xoşxassəli (beninq) böyüməsi
Yaşlı kişilərdə tez-tez rast gəlinən, prostat vəzinin şişərək sidik kisəsinə təzyiq göstərməsi vəziyyətidir. Beninq prostat hiperplaziyası (BPH) adlandırılan bu vəziyyət sidikdə qan görünməsi ilə yanaşı sidik ifrazında çətinlik və tez-tez sidiyə getmə şikayətlərinə də səbəb olur. Bu narahatlığı olan kişilər alkoqol və kofeinli məhsulların qəbuluna diqqət etməlidirlər.
Sidik yollarını tutan xərçənglər
Kişilərdə sidikdə qan aşkarlanması prostat xərçənginin; qadınlarda və kişilərdə isə sidik kisəsi və ya böyrək xərçənginin əlaməti ola bilər. Erkən diaqnostika bu xəstəliklərin müalicəsində həyati əhəmiyyət daşıyır. Sidik kisəsi xərçənglərinin %80-ində sidikdə gözlə görünən ağrısız qan xərçəng əlaməti kimi qarşımıza çıxır.
İrsi xəstəliklər
Sidikdə görünən qan bəzi irsi xəstəliklərin əlaməti ola bilər. Bunlara polikistik böyrək xəstəliyi, hemofiliya, oraqvari hüceyrə anemiyası və bəzi qan laxtalanma pozuntuları daxildir. Ailəvi xoşxassəli hipokalsiurik hiperkalsemiya isə yalnız çubuqla aparılan sidik testində aşkar edilən daha zərərsiz irsi xəstəlikdir.
Pəhriz və ya dərman
Bəzi qidalar, məsələn, çuğundur yemək sidiyin rəngini çəhrayı-qırmızımtıl edə bilər. Bu, tamamilə zərərsiz vəziyyətdir. Digər tərəfdən, rifampisin və nitrofurantoin kimi antibiotiklər və ya işlədicilər sidikdə qanamaya səbəb olmadan sidiyi qırmızımtıl-qəhvəyi rəngə çevirə bilər. İstifadə edilən başqa dərmanların yan təsiri kimi qanama görünürsə, həkimə müraciət edilməlidir.
Nəticə olaraq
sidiyinizdə ağrısız və ya ağrılı qan görürsünüzsə, təkrarlayan və ya davamlı sidik yolu infeksiyası yaşayırsınızsa, sidik ifrazı zamanı yanma-ağrı kimi şikayətləriniz varsa, mütəxəssisə görünməyiniz və lazımi testləri etdirməyiniz faydalıdır.

Mənbələr
Blood in urine (haematuria), Cystitis, Prostate enlargement, Urinary tract infections in adults, Non-gonococcal urethritis, Prostate cancer, Bladder cancer, Kidney cancer
Mayo Clinic, USA: Blood in urine (hematuria). Kidney Research UK: Blood in the urine. April 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.