Süd vəzi xərçəngi xəstələrinə daha bir müjdəli xəbər.. Süd vəzi xərçəngində qoruyucu məqsədlə tətbiq olunan radioterapiya daha qısa müddətdə tamamlana biləcək!

Lancet Onkologiya Jurnalında dərc edilmiş iki uzunmüddətli tədqiqatın nəticələrinə görə hipofraksiyalı radioterapiya (fraksiya sayı azaldılmış qısamüddətli yüksək dozalı radiasiya) erkən mərhələli süd vəzi xərçəngində əvvəlki dövrlərin standart rejimləri ilə müqayisədə təsirli olacaq kimi görünür.
Erkən mərhələli süd vəzi xərçəngi çox vaxt cərrahi müdaxilə ilə şiş götürüldükdən sonra tətbiq olunan kimyaterapiyadan sonrakı radioterapiya ilə gözlə görə bilmədiyimiz, geridə qalma ehtimalı olan xərçəng hüceyrələri məhv edilərək müalicə olunur. Xüsusilə süd vəzisində şişi böyük ölçülü olan və/və ya qoltuqaltı limfa vəzilərində bir neçə limfa vəzisinə yayılma olan xəstələrdə standart radioterapiya müalicəsi beş həftəlik müddətdə həftəiçi 5 gün, ümumilikdə 50 Gy dozada radioterapiya verilərək tətbiq edilir. Bu üsul xəstələr üçün uzun proses və yüksək dozalı radiasiya narahatlığı deməkdir.
Klassik rejimlərə alternativ olan hipofraksiyalı radioterapiya isə yüksək dozalı radiasiya ehtiva edən, daha az sayda və qısa müddətdə müalicə deməkdir. Lakin bütün müalicə prosesi ərzində ümumi radiasiya dozası daha aşağıdır.
Bu hipofraksiyalı radioterapiyanın erkən mərhələli süd vəzi xərçəngi xəstələrinə təsirini araşdırmaq üçün bir araya gələn alimlər İngiltərədə START-A və START-B adı altında iki ayrı tədqiqat aparmışlar. Bu iki tədqiqat cərrahi müdaxilədən sonra kimyaterapiya almış, sonra 35 ayrı radioterapiya mərkəzində standart radioterapiya və ya hipofraksiyalı radioterapiya almış, 18 yaşdan böyük ümumilikdə 4,451 erkən mərhələli süd vəzi xərçəngi olan qadın xəstənin iştirakı ilə aparılmışdır. START-A tədqiqatındakı xəstələrə 5 həftədən çox müddətdə 13 fraksiya 41.6 Gy və ya 39 Gy radiasiya verildiyi halda, START-B tədqiqatındakı xəstələrə 3 həftədən çox müddətdə 15 fraksiya 40 Gy radiasiya tətbiq edilmiş, hər iki tədqiqatda 5 həftədən çox müddətdə 25 fraksiya 50 Gy radiasiya ehtiva edən standart radioterapiya müalicəsi ilə müqayisə edilmişdir.
Orta hesabla 9.3 illik müşahidədən sonra START-A tədqiqatında xərçəngi regional təkrarlayan 139 xəstənin standart 50 Gy rejimi alan %7.4-də, 41.6 Gy rejimi alan %6.3-də və 39 doza rejimi alan %8.8-də xərçəng aşkar edilmişdir.
Orta hesabla 9.9 illik müşahidədən sonra START-B tədqiqatında xərçəngi regional təkrarlayan 95 xəstənin 40 Gy rejimi alan %4.3-də, 50 Gy rejimi alan %5.5-də xərçəng müəyyən edilmişdir.
Normal toxumalara radiasiya təsirlərində də fərqlər müşahidə edilmişdir. START-A tədqiqatında 41.6 doza və 50 doza rejimləri arasında çox kiçik fərqlər əldə edildiyi halda, süd vəzi ödemi, teleangiektaziya (hörümçək damarlar-genişlənən damarlar nəticəsində yaranan zədələnmələr), süd vəzisində sərtləşmə kimi təsirlər 39 Gy rejimi alan xəstələrdə 50 Gy rejimi alan xəstələrlə müqayisədə daha nadir görülmüşdür. START-B tədqiqatında süd vəzisində büzüşmə, teleangiektaziya (hörümçək damarlar-genişlənən damarlar nəticəsində yaranan zədələnmələr) və süd vəzisində ödem kimi təsirlər 40 Gy rejimi alan xəstələrdə 50 Gy alan xəstələrlə müqayisədə daha az müşahidə edilmişdir.
Hər iki tədqiqatda 10 illik müşahidədən sonra tədqiqatçılar hipofraksiyalı radioterapiya tətbiqinin standart radioterapiya ilə müqayisədə xərçəngin regional təkrarlanma göstəricilərində mühüm dəyişiklik yaratmadığı qənaətinə gəlmişlər. Lakin əldə edilən tapıntılar hipofraksiyalı radioterapiyanın normal toxumalarda daha aşağı radiasiya təsiri yaratdığı istiqamətindədir.
Əldə edilən bu məlumatlar əsasında hipofraksiyalı radioterapiyanın erkən mərhələli süd vəzi xərçəngi xəstələrində təsirli və təhlükəsiz olduğu qənaətinə gəlinmişdir. Bu nəticələr İngiltərədə erkən mərhələli süd vəzi xərçəngi olan qadınlarda artıq standart radioterapiya müalicəsi kimi tətbiq olunan 15 fraksiya 40 Gy rejiminin istifadəsinin beynəlxalq səviyyədə də yayılacağını düşündürür.
Radioterapiya və kimyaterapiya kimi xəstə üçün xoşagəlməz, lakin zəruri müalicə üsullarının daha aşağı dozalarda və xəstəyə daha az zərər verən səviyyələrdə tətbiqi ilə əldə edilən uğurlar biz onkoloqları sevindirir; sübut edilmiş bu cür tətbiqləri sürətlə gündəlik praktikaya daxil edərək xəstələrimizin müalicə prosesini daha rahat keçirməsini təmin edirik. Bu qədər yaxşı planlaşdırılmış tədqiqatın onkologiya ictimaiyyətinin ən nüfuzlu jurnallarından biri olan Lancet Onkologiyada paylaşılmış müsbət nəticələri xəstələrimiz üçün məmnuniyyətverici xarakter daşıyır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.