Superkompüterlərin xərçəng müalicəsində istifadəsində 7 həyəcanverici yenilik

1) Xərçəngdə dərman kəşfi
Xərçəng dərmanının hazırlanması çox böyük xərc və vaxt tələb edir. Superkompüterlərlə dərmanlar daha sürətlə layihələndirilə biləcək. 3-ölçülü molekul analizləri ilə dərmanın effektivliyi təxmin edilərək laboratoriya tədqiqatlarında daha sürətli irəliləyiş təmin ediləcək. Bu məqsədlə ABŞ-dakı MD Anderson Xərçəng Mərkəzi superkompüterlərlə FDAtərəfindən təsdiqlənmiş 1400-dən çox dərmanı analiz edərək yoğun bağırsaq xərçəngi ilə əlaqəli bir zülalın inhibitorunu (basqılayıcısını) müəyyən etməyə nail olmuşdur. Digər tədqiqatlarda isə superkompüterdə xərçənglə əlaqəli zülallar atom səviyyəsində modelləşdirilir. Bütün bu tədqiqatlar effektiv və hədəfə yönəlmiş xərçəng müalicələrinə töhfə verir.
2) İmmunoterapiya
İmmunoterapiya hər xəstədə eyni dərəcədə effektiv olmur. Genetik fərqlərimiz immunoterapiyalara verdiyimiz cavablara təsir göstərir. Tədqiqatçılar hazırladıqları yeni riyazi modellə prostat şişləri ilə immunoterapiya dərmanları arasındakı əlaqələri analiz etmişlər. Superkompüterlər milyonlarla simulyasiya apararaq şişin müalicəyə necə reaksiya verəcəyini müəyyənləşdirməyə çalışır. Eyni zamanda immunoterapiyalarda, yeni nəsil klinik tədqiqatların planlaşdırılmasında və immun sistemi ilə əlaqəli genlərin analizində superkompüterlərdən istifadə olunur.
3) Onkoloji cərrahiyyə
Cərrahi müdaxilə xərçəngdə tez-tez istifadə olunan müalicə yanaşmalarından biridir. Şiş nahiyəsində dəqiq cərrahi əməliyyatlar böyük əhəmiyyət daşıyır. Tədqiqatçılar superkompüterlərin köməyi ilə - çox kiçik kəsiklərdən istifadə olunan - minimal invaziv lazer müalicələri hazırlamağa çalışırlar. Həmçinin robotik əməliyyatlar da superkompüterlərlə daha sürətli və dəqiq həyata keçirilə bilər. Bundan əlavə, şişlərin realistik görüntüləri analiz edilərək cərrahlara xərçəng əməliyyatını əvvəlcədən simulyasiya etmək imkanının yaradılmasına çalışılır.
4) Genetika
İnsan genomu 3 milyard əsasdan ibarətdir. Xərçəngdə yaranan hər bir mutasiyanı superkompüterlərdən istifadə etmədən müəyyən etmək mümkün deyil. Tədqiqatçılar xərçəng genomu layihəsindən əldə olunan məlumatları superkompüterlərlə analiz edərək xərçəngdə yaranan mutasiyaları müəyyən etməyə çalışırlar. Eyni zamanda bu, xərçəng risk amillərinin üzə çıxarılmasında və xəstələrin genetik quruluşuna uyğun müalicələrin planlaşdırılmasında faydalı olacaq.
5) Fərdiləşdirilmiş müalicələr / Dəqiq onkologiya
ABŞ-ın Texas Universitetinin tədqiqatçıları riyazi modelləşdirmələrlə bir xəstədə xərçəngin necə irəliləyəcəyini təxmin etməyə çalışırlar. Başqa bir tədqiqatda isə hazırlanmış riyazi modelləşdirmələrlə süd vəzi xərçəngi xəstəsinin müalicəyə necə cavab verəcəyi yüzdə 87 dəqiqliklə təxmin edilmişdir.
6) Xərçəngin erkən diaqnostikası
Xərçəng təbabətinin ən mühüm məsələlərindən biri də xərçəngi mümkün qədər erkən diaqnoz etməyə çalışmaqdır. Yaxın gələcəkdə daha həssas bədən görüntüləmələri, yeni nəsil DNA testləri və nanosensorlarla xərçəngin erkən diaqnostikası daha effektiv olacaq.
Bu tip testləri xərçəng xəstələrində və sağlam şəxslərdə sınaqdan keçirmək xeyli risk yaradan haldır. Tədqiqatçılar superkompüterlərdən istifadə edərək simulyasiyalarla bu testlərin toxumalara necə təsir göstərəcəyini araşdırırlar. Ən ümidverici molekullardan biri nanoporlardır. Nanoporlar qan dövranında hərəkət edərək içlərindən keçən DNA parçalarının ardıcıllığını müəyyən edə bilərlər. Beləliklə xərçənglə əlaqəli hər hansı DNA parçasını tutmaq potensialına malikdirlər..
7) Süni intellektlə xərçəngdə bioloji kəşflər
Xərçəng minlərlə genetik və epigenetik pozuntudan yaranır. Xərçəng hüceyrəsindəki mürəkkəb yolların müəyyən edilməsi effektiv dərmanların hazırlanması üçün lazımdır. Süni intellekt sistemləri ilə xərçənglə əlaqəli mürəkkəb bioloji mexanizmlər təhlil edilərək yeni müalicə yanaşmaları ortaya çıxarıla bilər. Digər tədqiqatda isə superkompüterlər və maşın öyrənməsi ilə xoşxassəli şişlər bədxassəli (maliqn = bədxassəli) şişlərdən yüzdə 90 müvəffəqiyyətlə fərqləndirilmişdir.
Mənbələr
Discovering novel phenotypes with automatically inferred dynamic models: a partial melanocyte conversion in Xenopus.
Scientific Reports (2017)
2. Kai Tian, Karl Decker, Aleksei Aksimentiev, and Li-Qun Gu.
Interference-Free Detection of Genetic Biomarkers Using Synthetic Dipole-Facilitated Nanopore Dielectrophoresis.
ACS Nano, 2017.
3. Joseph D. Dekkera, Daechan Parka,b, Arthur L. Shaffer ve ark.
Subtype-specific addiction of the activated B-cell subset of diffuse large B-cell lymphoma to FOXP1.
PNAS 2015.
4. Huiming Peng, Weiling Zhao, Hua Tan, Zhiwei Ji, Jingsong Li, King Li & Xiaobo Zhou.
Prediction of treatment efficacy for prostate cancer using a mathematical model
Scientific Reports 2016
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.