Sağlam şəxslərdə xərçəngin erkən diaqnostikası üçün likvid biopsiya tövsiyə etmirik! Niyə?

Bu məqalədə
Genetika elminin inkişafı ilə birlikdə, xərçəng genlərinin müəyyənləşdirilməsi və təhlili sürətlənmişdir. Bu məqsədlə likvid (maye) biopsiyalar vasitəsilə qanda dövr edən şiş DNA hissələrinin aşkarlanması və bu DNA hissələrinin təhlil edilərək xərçəng müalicəsinin planlaşdırılmasında istifadəsinə dair tədqiqatlar davam edir. Gəlin likvid biopsiyaların (liquid biopsy) xərçəng müalicəsində istifadəsi ilə bağlı maraq doğuran sualları cavablandıraq.
Likvid biopsiya nədir?
Likvid biopsiyalar qeyri-invaziv, yəni müdaxilə/cərrahiyyə tələb etməyən xərçəng təhlili üsullarından biridir. Likvid biopsiyada xəstədən qan nümunəsi götürülür və qanda dövr edən şiş hüceyrələri, hüceyrə hissələri və DNA-ları təhlil edilir. Likvid biopsiyaların məqsədi, xərçəng hüceyrələrinin qana buraxdığı, başda DNA olmaqla bəzi genetik materialları aşkarlamaqdır.
Likvid biopsiya testləri üçün hər hansı FDA təsdiqi varmı?
1 iyun 2016-cı ildə FDA, EGFR mutasiya testi ilə birlikdə istifadə üçün ilk likvid biopsiya testini təsdiqləmişdir. Bu test kiçik hüceyrəli olmayan ağciyər xərçəngi xəstələrinin EGFR-ni hədəfləyən dərmanlar olan erlotinib və osimertinibə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün istifadə edilir. Diqqət edək, likvid biopsiyanın FDA təsdiqi xərçəng diaqnozu qoymaq üçün deyil, artıq xərçəng diaqnozu olan xəstədə xərçəngin alt növünü və hədəfə yönəlmiş ağıllı dərmanın effektiv olub-olmayacağını müəyyən etmək üçündür! Test EGFR geninin 19-cu və ya 21-ci ekzonundakı müəyyən mutasiyaları aşkarlamaq məqsədilə hazırlanmışdır. Bu mutasiyalar kiçik hüceyrəli olmayan ağciyər xərçəngi xəstələrinin yüzdə 10 ilə 20-sində görülür.
Likvid biopsiya testləri xərçəngin erkən diaqnostikasında istifadə edilə bilərmi?
Likvid biopsiyaların xərçəngin erkən diaqnostikasında istifadəsinə nə FDA-nın, nə də tibbdə nəzarətedici hər hansı beynəlxalq qurumun təsdiqi yoxdur! Dərc edilmiş son tədqiqatlara görə likvid biopsiyaların xərçəngin erkən diaqnostikasında istifadəsi bugünkü texnologiya ilə mümkün deyil!
Likvid biopsiyaların xərçəngin erkən diaqnostikasında istifadəsinə mane olan amillər hansılardır?
- Likvid biopsiya testlərinin xərçəngin erkən diaqnostikasında istifadəsinə dair tədqiqatlarda yüksək göstəricidə səhv nəticələr tapılmışdır. Qanında dövr edən şiş DNA-sı aşkarlanmış insanlarda xərçəngin inkişafı müşahidə edilməmişdir.
- Likvid biopsiya testləri xəstəyə heç bir zərər verməyəcək erkən mərhələ şişləri aşkarlaya bilər. Bu, xəstənin lazımsız və ya tələb olunandan artıq müalicə almasına səbəb ola bilər. Daha həssas və dəqiqliyi təsdiqlənmiş likvid biopsiya testlərinə ehtiyac var.
- Likvid biopsiyalar xərçəngdə müəyyənləşdirilmiş biomarkerləri aşkarlamağı hədəfləyir. Xərçəng növlərinin çoxu üçün yaxşı müəyyənləşdirilmiş biomarker yoxdur. Bu da likvid biopsiyaların fərqli xərçəng növlərində erkən diaqnostika üçün istifadəsini çətinləşdirir.
- DNA zədələri eyni xərçəng növü olan xəstələrdə fərqli ola bilər. Bundan başqa, eyni xəstədə müxtəlif mərhələlərə görə fərqli DNA zədələri mövcuddur. Bu, hər xərçəng növünə və mərhələyə görə fərqli likvid biopsiya testləri hazırlamaq zərurəti yaradır.
- Qanda dövr edən şiş DNA hissələri şiş toxumasının bütün DNA quruluşunu əks etdirmir. Şiş toxuması olduqca heterogen (qarışıq) quruluşa malikdir. Başqa sözlə, DNA zədələri eyni şiş toxumasındakı xərçəng hüceyrələri arasında fərqlənir. Bu da likvid biopsiya testlərinin klinik şərhdə istifadəsini çətinləşdirir.
- Likvid biopsiya tətbiqlərinin xəstələrin ömrünə töhfə verdiyini göstərən tədqiqat yoxdur. Buna görə likvid biopsiyaların klinik effektivliyini araşdıran prospektiv (irəliyə dönük) tədqiqatlara ehtiyac var.
- Qanda dövr edən şiş DNA hissələrində aşkarlanmış mutasiyaların daşıyıcı və ya tətikləyici olub-olmadığı bilinmir. Bu, effektiv klinik şərhin verilməsinə mane olur.
- DNA zədələri eyni xərçəng növü olan xəstələrdə fərqlənir. Eyni zamanda DNA zədələri xərçəngin növünə və mərhələsinə görə dəyişə bilər. Bu, likvid biopsiyaların xərçəng diaqnostikasını çətinləşdirən mühüm amillərdən biridir.
Likvid biopsiya – qanda şiş DNA-sının skrininqi ilə xərçəngin erkən diaqnostikası böyük aldatmacadırmı?
Xərçəng müalicəsində uğuru müəyyənləşdirən ən mühüm amil, şübhəsiz, xərçəngin erkən diaqnostikasıdır. Son illərdə görüntüləmə üsullarındakı ciddi inkişaflara baxmayaraq, çoxsaylı xərçəng növündə hələ uğuru kifayət qədər artıracaq səviyyədə erkən diaqnoz qoyula bilmir. Sağlam şəxslərdən alınmış sadə qan testi ilə xərçəngin erkən dövrdə aşkarlanması bütün elm aləminin ən mühüm səyi və arzusudur. Xüsusilə irəliləmiş mərhələ xərçəng diaqnozu olan şəxslərdə qanda dövr edən şiş hüceyrələri və ya şiş hissəciklərindən bəzi testlərin aparılması gündəlik praktikamızı asanlaşdırmışdır. Bu testlərin bəziləri həm xəstəliyin gedişinin müəyyənləşdirilməsində, həm də müalicə seçimində bizə istiqamət verir.
Xərçəng diaqnozu almış və müalicə olunmuş şəxslərdə xərçəng residivini (təkrarlanmasını) aşkarlamaq məqsədilə izləmələrdə likvid biopsiya faydalı ola bilər. Bu sahədə də rutin praktikanı dəyişdirmək üçün geniş tədqiqatlara ehtiyac var. Lakin yuxarıda izah etdiyimiz səbəblərdən heç vaxt xərçəng diaqnozu ilə qarşılaşmamış sağlam şəxslərdə likvid biopsiya ilə erkən mərhələdə xərçəng diaqnozu qoymağa çalışmaq hələ xəyaldan o yana keçmir. Bunu gerçəkləşmiş kimi təqdim edərək xərçəng qorxusu yaşayan cəmiyyəti yanıltmağa çalışmağı düzgün hesab etmirik.
Nəticədə likvid biopsiyalar xərçəngdə müalicənin planlaşdırılmasında və xəstəliyin gedişinin izlənməsində mühüm rol oynaya bilər. Lakin xərçəngdə “erkən diaqnostikada istifadə” hazırda mümkün deyil.
*
- Toxuma biopsiyası nədir, növləri hansılardır, kimlərə və necə aparılır?
Mənbələr
Circulating Tumor DNA Analysis in Patients With Cancer: American Society of Clinical Oncology and College of American Pathologists Joint Review.
Journal of Clinical Oncology - published online before print March 5, 2018
2. Perakis, Samantha Speicher, Michael R.
Emerging concepts in liquid biopsies.
BMC Medicine, 2017
3. Heitzer Ellen et al.
The potential of liquid biopsies for the early detection of cancer.
Precision Oncology, 2017.
4. Liquid Biopsy: Using DNA in Blood to Detect, Track, and Treat Cancer
cancer.gov – ABD Ulusal Kanser Enstitüsü
5. M.J. Friedrich.
Going With the Flow: The Promise and Challenge of Liquid Biopsies.
JAMA, 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.