Yaradıcı sənət fəaliyyətlərinin zehni və fiziki sağlamlığa böyük faydaları

Yazı, rəsm və ya rəqs kimi yaradıcı sənət fəaliyyətləri əyləncəli olduqları qədər sağlamlıq faydaları da verir. Sənətin faydasız və ya yalnız "bəzək" kimi düşünülməsi doğru deyil; tibbdəki çoxsaylı araşdırmalar sənətin, xüsusilə yaradıcı olmağın zehni və fiziki fərqindəlik və zənginlik üçün çox faydalı olduğunu göstərir.
Aşağıda yazıdan rəsmə və rəqsə qədər yaradıcı səylərin bəzi faydalarına baxmağı və həyatınıza daha çox yaradıcılıq qatmağı tövsiyə edirik.
Bəzilərimiz hobbi kimi yaradıcı fəaliyyətləri sevir, bəzilərimiz isə duyğularını ifadə edə bildiyi azad yol tapmağın xoşbəxtliyi ilə seçdiyi hobbini davam etdirir. Lakin həqiqət budur ki, yeni şey yaratmaq və fərqli ünsiyyət forması axtarmaq insan təbiətində vardır. 39.900 il əvvələ aid mağara rəsmlərini çəkən əcdadlarımızdan bunu anlamaq çətin deyil.
Yeni şeylər yaradaraq, kəşf edərək və sınayaraq bu günə gəlmişik. Odu da belə tapdıq, yeməkləri bişirməyə başladıq, alətləri də belə sınadıq və hər dəfə yenilik kəşf etdik. Yaratmağın təbiətimizdə olduğu danılmaz həqiqət ikən sənət fəaliyyətlərinin həm zehni, həm fiziki çoxsaylı faydaları vardır.
Sənətin zehni sağlamlığa faydaları hansılardır?
Gil kimi materiallarla üçölçülü iş, rəsm və boyamağın insanlara müxtəlif travmaların öhdəsindən gəlməkdə kömək etdiyi elmi sübut edilmişdir. Heather L. Stuckey və Jeremy Nobel "Sənət, şəfa və ictimai səhiyyə arasındakı əlaqə" adlı əhatəli məqalələrində yaradıcı sənət barədə; "İnsanların xərçəng diaqnozu kimi sözlərlə ifadəsi çətin təcrübələri ifadə etməsinə kömək edir" deyirlər.
Həmçinin bir sıra tədqiqatlar hadisəni və ondan necə təsirləndiklərini izah etmək üçün yazmağın insanların travmanı aşmasına və mənfi duyğuları idarə etməsinə kömək edə biləcəyini tapmışdır. Vizual ifadə və ya belə yazılar insanlara dəyişdirilə bilməyən mənfi vəziyyətləri qəbul etməyə və həyatlarında daha həll yönümlü irəliləməyə kömək edir.
Vəziyyətlərini ifadə edən yazılar yalnız travma və mənfi duyğulara kömək etmir; insanlardan müsbət təcrübələrini və gələcəkdə inkişaf etdirmək istədikləri şəxsiyyətlərini yazmağın psixoloji rifaha töhfə verdiyi tapıldı. Müsbət təcrübələr barədə yazması istənilən iştirakçılarda sonrakı tədqiqatda da oxşar nəticələr qeydə alınmışdır.
Beyinə yaxşı təsir edən fəaliyyətlər arasında yazı və musiqi də vardır
Yazı ilə bağlı araşdırmalar həmçinin yazmağın öyrənməyə kömək edə bildiyini göstərmişdir. Yadda saxlamaq istədiyiniz fikirləri kağız-qələmlə yazsanız, çox faydasını görə bilərsiniz. Yazıdan başqa musiqi də yaxşı hiss etməkdə mühüm rol oynayır. Albert Einstein musiqinin həyatının çox vacib hissəsi olduğunu, fizik olmasaydı mütləq musiqiçi ola biləcəyini söyləmişdir. Səbəb musiqinin ona yaşatdığı müsbət duyğulardır.
Musiqi yaratmaq beynimizin müxtəlif nahiyələrinin bir-biri ilə yaxşı ünsiyyətinə mühüm təsir edə bilər. 2014 tarixində nəşr edilmiş icmal musiqi təhsili alanların, məsələn, alət çalmağı öyrənənlərin beyinlərinin iki hissəsi arasında daha yaxşı əlaqələrə malik olduğunu göstərir.
Digər yaradıcı sənət kimi teatr oyunlarının idrak funksiyalarımızı inkişaf etdirdiyi irəli sürülür. 2004 ilindəki araşdırma teatr tamaşalarında iştiraka həvəsləndirilən yaşlı şəxslərin 4 həftədən sonra psixoloji müsbət inkişaf göstərdiyini ortaya qoymuşdur. Onlar daha yaxşı idrak funksionallığı da göstərmişlər. Həmçinin daha yaxşı dinləmə və xatırlama təcrübəsi ilə yanaşı problem həlli bacarıqlarını da inkişaf etdirmişlər.
Sənətin fiziki sağlamlığa faydaları hansılardır?
Mütəxəssislər tədqiqatların nəticəsində travmatik təcrübələrini yazanların fiziki şikayətlərlə həkimə gedişinin azaldığını və immun sistemi funksiyalarının yaxşılaşdığını bildirirlər.
HIV müalicəsində iştirak edən şəxslərin qatıldığı klinik tədqiqatda sənətin iştirakçıların immun sistemini tənzimləməyə kömək etdiyi görülmüşdür. CD4+ T limfositləri immun sisteminin işləməsində əsas ünsürlərdir və immun çatışmazlığı virusunun əsas hədəflərindəndir. Bu tədqiqatda yaradıcı sənətlə məşğul olanların qanında CD4+ T limfositlərinin sayının artdığı tapılmışdır. Yaradıcı art-terapiyanın xroniki ağrının idarəsinə də kömək etdiyi görülmüşdür.
Musiqi terapiyasının da immun sistemini gücləndirən təsirləri olduğu bildirilir. Musiqi beynin limbik sistemini stimullaşdırır və stressli qıcıqlara reaksiyamızı yüngülləşdirir. Tədqiqatçılara görə musiqi dinləmək qismən amiqdala və hipotalamusun hərəkətləri vasitəsilə immun sisteminin təsirli işləməsinə kömək edə bilər. Bu beyin nahiyələrinin əhvalın tənzimlənməsi və hormonal proseslərlə yanaşı bədənin iltihab cavabında da rol oynadığı fikrindədirlər.
Yaradıcılıq çox hərəkətli də tətbiq edilə bilər və bu hərəkətlilik müxtəlif faydalar gətirir. Məsələn, süd vəzi xərçəngi müalicəsi almışlara fokuslanan araşdırma rəqsin iştirakçıların çiyin funksiyasını inkişaf etdirməyə kömək etdiyini və bədən görünüşünə müsbət təsir göstərdiyini tapmışdır. Həmçinin əylənmək və formada qalmağın xoş yoludur.
Yaradıcı sənət fəaliyyətlərinin faydasını biz də müalicə zamanı və sonra xəstələrimizdə və yaxınlarında müşahidə edirik. Beləliklə gündəlik kağıza müxtəlif rəng ləkələri çəkmək və ya gitara öyrənməklə zehni və fiziki vəziyyətimizə müəyyən nizam gətirərək həyatımıza daha çox sənət qata bilərik.
Marağınızı çəkə bilər:
Mənbələr
The Connection Between Art, Healing, and Public Health: A Review of Current Literature.
Am J Public Health, 2010.
2. Karen A. Baikie and Kay Wilhelm.
Emotional and physical health benefits of expressive writing.
Access Advances in Psychiatric Treatment, 2005.
3. Laura A. King.
The Health Benefits of Writing about Life Goals.
Personality and Social Psychology Bulletin, 2001.
4. Chad MBurton, Laura A. King.
The health benefits of writing about intensely positive.
Journal of Research in Personality, 2004.
5. Emma Moore ve ark.
Can Musical Training Influence Brain Connectivity? Evidence from Diffusion Tensor MRI.
Brain Sci, 2014.
6. Helga Noice ve ark.
A Short-Term Intervention to Enhance Cognitive and Affective Functioning in Older Adults.
Journal of Aging and Health, 2004.
7. Petrie KJ, Fontanilla I, Thomas MG, Booth RJ, Pennebaker JW.
Effect of written emotional expression on immune function in patients with human immunodeficiency virus infection: a randomized trial.
Psychosom Med, 2004.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.