Yarpaq çuğunduru və qulançarın 6 sağlamlıq faydası

Yarpaq çuğundurunun 6 sağlamlıq faydası
Digər adları ispanaq çuğunduru, yengəc çuğunduru, İsveç yarpaq çuğunduru və manqold olan yarpaq çuğunduru yarpaqlı yaşıl bitkidir. Elmi adı Beta vulgaris var. cicla-dır. Yarpaq çuğundurunun yarpaqları yaşıl və ya qırmızımtıldır, saplaqları isə adətən ağ, sarı və ya qırmızıdır. Aralıq dənizi mətbəxinin əvəzolunmaz tərəvəzləri arasındadır. Yarpaqları ispanaq kimi digər göyərtilərdən daha qalın olduğundan daha dözümlüdür, soyuducuda daha uzun müddət saxlanıla bilər.
1. Yarpaq çuğunduru diabet zamanı kömək edə bilər
Yarpaq çuğunduru alfa-qlükozidaza fermentini inaktivləşdirərək qan şəkərini tənzimləyən sirinq turşusu birləşməsini ehtiva edir. Bu maddənin orqanizmin mürəkkəb şəkərləri sadə şəkərlərə çevirməsini ləngidərək qan şəkəri səviyyəsinin tənzimlənməsinə kömək etdiyi göstərilib.
2. Yarpaq çuğunduru göz sağlamlığı üçün faydalı ola bilər
Yarpaq çuğunduru beta-karotin antioksidantı ilə zəngindir. Beta-karotin də göz sağlamlığı və makulyar degenerasiya, qlaukoma, gecə korluğu və digər görmə pozğunluqları ilə bağlı vəziyyətlərin riskinin azalması ilə əlaqələndirilir. Qeyd: Beta-karotinin ağciyər xərçəngi riskini artırması səbəbindən yarpaq çuğundurunun çox intensiv, yəni şəfa məqsədilə istehlakı tövsiyə edilmir. Mövsümündə tərəvəz kimi istehlak edilməsi uyğundur.
3. Yarpaq çuğunduru qan təzyiqini aşağı salaraq ürək sağlamlığının yaxşılaşdırılmasına kömək edə bilər
Yarpaq çuğundurunun kalium miqdarı yüksək, natrium miqdarı isə aşağıdır (əlbəttə, bişirərkən duz əlavə edilməzsə). Digər tərəfdən, tərkibindəki zəngin antioksidantlar qan təzyiqini aşağı salmağa və ürəyin yükünü azaltmağa kömək edir.
4. Yarpaq çuğunduru saç sağlamlığı üçün faydalı ola bilər
Yarpaq çuğunduru saç follikullarının stimullaşdırılmasına və saç toxumasının artmasına töhfə verən üzvi biotin birləşməsini ehtiva edir.
5. Yarpaq çuğunduru sümük sağlamlığını yaxşılaşdıra bilər
Yarpaq çuğunduru yaxşı kalsium, maqnezium və K vitamini mənbəyidir. Bunların kifayət qədər istehlakı kalsiumun sorulmasını artıraraq sümük itkisi və osteoporozun qarşısını alır.
6. Yarpaq çuğunduru qan dövranını artıra bilər
Yarpaq çuğunduru tərkibindəki dəmir və mis sayəsində qırmızı qan istehsalını artırır. Dəmir və mis çatışmazlığı olan şəxslərdə anemiya (qanazlığı), zəiflik, halsızlıq, mədə narahatlıqları və diqqət çatışmazlığı kimi hallar müşahidə edilir. Yarpaq çuğundurunun müntəzəm istehlakı bu sağlamlıq problemlərinə qarşı faydalı ola bilər.

Qulançarın 6 sağlamlıq faydası
Qulançar vitamin və qida maddələri ilə doludur. Bundan əlavə, bu tərəvəz ürək-damar sağlamlığına, anadangəlmə qüsurların qarşısını almağa və menstruasiyadan əvvəlki şikayətlərə (premenstrual sindrom) kömək edə bilər. Elmi adı Asparagus officinalis olan qulançar Avropanın, Şimali Afrikanın və Qərbi Asiyanın böyük hissəsinə xas, kommersiya dəyəri yüksək yaz tərəvəzidir.
1. Qulançar homosistein səviyyənizi aşağı salmaqda sizə kömək edə bilər
Yüksək homosistein səviyyələri qan damarlarının zədələnməsi, damarlarda qan laxtalanması və ateroskleroz (arteriya daralması) kimi ciddi problemlərin səbəblərindəndir. Qulançarda B vitamini kompleksləri bol miqdarda olur və bu, homosisteinin daha təhlükəsiz əlavə məhsullara çevrilməsi üçün vacibdir.
2. Qulançar anadangəlmə (konjenital) qüsurların qarşısını almağa kömək edə bilər
Qulançar körpəlik və hamiləlik dövründə sürətli hüceyrə bölünməsinə və böyüməsinə kömək etmək üçün vacib olan fol turşusu ilə zəngin tərəvəzdir. Hamilə qadınlarda fol turşusu çatışmazlığı aşağı çəkili körpələrin doğulmasına və yenidoğulmuşlarda sinir borusu qüsurlarına səbəb ola bilər.
3. Qulançar möhkəm sümüklər formalaşdırmağınıza kömək edə bilər
Bir stəkan qulançar 55.7 mikroqram K vitamini ehtiva edir (tövsiyə edilən gündəlik tələbatın 70 faizi). K vitamininin kifayət qədər istehlakı sümüklərin tənzimlənməsi üçün lazımdır; K vitamini kalsiumun sorulmasını yaxşılaşdırır, sümük itkisi və osteoporozun qarşısını alır.
4. Qulançarın Alzheimer xəstəliyinə qarşı müsbət təsiri ola bilər
K vitamini beyin və sinir sağlamlığında da çox mühüm rol oynayır. Beyin hüceyrələrinin oksidləşməsinin qarşısını ala və idrak fəaliyyətini təşviq edə bilər, Alzheimer xəstəliyinin başlanmasını gecikdirməyə, hətta qarşısını almağa kömək edir. - Əlaqəli mövzu: Demensiya qocalıq demək deyil! Ağıl sağlamlığımızı itirmədən nə edə bilərik?
5. Qulançar qan dövranını artıra bilər
Qulançar mis və dəmirlə zəngindir. Hər iki mineral qırmızı qan hüceyrələrinin yaranması üçün lazımdır. Qırmızı qan hüceyrəsi istehsalının artması hüceyrələrə oksigeni artırır və metabolik fəaliyyəti yaxşılaşdırır. Bu, anemiya (qanazlığı) kimi vəziyyətlərin qarşısını almağa kömək edə bilər.
6. Qulançar həzm sağlamlığının yaxşılaşmasına töhfə verə bilər
Qulançar əla lif mənbəyidir. Liflər bağırsaq fəaliyyətinin müntəzəmliyini təşviq edərək qəbizliyin qarşısını almağa kömək edə bilər. Bundan əlavə, liflə zəngin qidalanmanın yoğun bağırsaq və düz bağırsaq xərçəngi riskini azaltdığı məlumdur. Bundan əlavə, qulançar faydalı bakteriyalar üçün qida mənbəyi olan əhəmiyyətli miqdarda inulin qida maddəsi ehtiva edir. İnulin allergiya riskini azaltmağa kömək edə bilən qida maddələrinin daha yaxşı sorulmasını təmin edir.
Nəticə
Hər iki tərəvəz ölkəmizdə yetişir. Yarpaq çuğunduru münasib qiyməti və asan əldə edilməsi ilə seçilir. Yarpaq çuğundurunu yaxşı yuduqdan sonra təzə salatını, yüngül qovurub qatıqla qarışdıraraq məzəsini, zeytun yağlı yeməyini, şorbasını və ya yarpaq çuğunduru dolmasını hazırlayaraq müxtəlif formalarda istehlak edə bilərsiniz. Yarpaq çuğunduru və qulançarın yuxarıda sadaladığımız sağlamlıq faydalarının bir hissəsi klinik tədqiqatlarla sübut edilməyib. Hər iki tərəvəzin ən önə çıxan sağlamlıq faydası zəngin lif (qida lifi) ehtiva etməsidir. Lif sağlam qidalanmanın bəlkə də ən vacib elementidir. Sağlam qidalanmanın, dolayısı ilə sağlam həyatın mühüm qaydalarından biri tərəvəzləri bütün müxtəlifliyi və rəngləri ilə həm təzə, həm də bişmiş istehlak etməkdir. Qidalanmanızda təkcə yarpaq çuğunduru və ya qulançar kifayət edə bilməz; lakin menyularınızın qida dəyərini zənginləşdirərkən çox aşağı kaloriləri ilə çəkinizi nəzarətdə saxlamağa, lifləri ilə uzun müddət tox qalmağınıza və həzminizə kömək edir.
- Əlaqəli mövzu: Sağlam yemək bişirməyin 7 üsulu
Mənbələr
nutritiondata.self.com, 2017.
2. Ninfali, P., Bacchiocca, M., Antonelli, A. Ve ark.
Characterization and biological activity of the main flavonoids from Swiss Chard (Beta vulgaris subspecies cycla).
Phytomedicine, 2007.
3. Ozsoy-Sacan, O., Karabulut-Bulan O., Bolkent, S., Yanardag, R., & Ozgey, Y.
Effects of chard (Beta vulgaris L. var cicla) on the liver of the diabetic rats: a morphological and biochemical study.
Bioscience, biotechnology, and biochemistry 2004.
4. Saxena, G., Singh, M., Meena, P. Ve ark
Neuroprotective Effects of Asparagus Racemosus Linn Root Extract: An Experimental and Clinical Evidence.
Annals of Neurosciences, 2007
5. Kim, J. M., Stewart, R., Kim, S. W. Ve ark.
Changes in folate, vitamin B12 and homocysteine associated with incident dementia.
Journal of Neurology, Neurosurgery & Psychiatry, 2008
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.