Sağlam həyat düşünüldüyündən çox yaxındır: Aralıq dənizi pəhrizi

Bu məqalədə
Aralıq dənizi pəhrizi ilk dəfə 1960-cı ildə bioloq Ancel Keys tərəfindən tərkibində zeytun yağı, meyvə-tərəvəz və bitki zülalları, tam taxıllar, balıq istehlakı, az miqdarda süd və süd məhsulları, ayda 1-2 dəfə qırmızı ət və yeməklərlə birlikdə orta miqdarda qırmızı şərab istehlakı olan sağlam pəhriz forması kimi irəli sürülüb. Bəzi mənbələr isə Aralıq dənizi pəhrizinin II Dünya müharibəsindəki iqtisadi çatışmazlıqlardan yarandığını irəli sürür.
Aralıq dənizi pəhrizinin tərkibində nələr var?
Aralıq dənizi pəhrizində regional müxtəlif dəyişikliklər olsa da, əsasında zeytun yağı (olein turşusu), çörək (tam taxıllı), pendir (emal olunmamış) və qırmızı şərab var. Tərkibindəki digər qidalar mövsümündə yetişən tərəvəz-meyvələr və ətirli bitkilərdir. Aralıq dənizi pəhrizində mühüm zülal mənbələri lobya, noxud və pendirdir. Balıq əti istehlakı regional fərqlənir, daha çox dəniz sahili bölgələrdə balıq istehlak olunur. Pəhrizin karbohidrat mənbələri buğda, kartof və düyüdür. Qırmızı şərab isə daha çox yeməklərlə birlikdə orta miqdarda istehlak edilir və ya aktual məlumata görə az miqdarda alkoqol da müəyyən xərçəng növlərinin riskini artırdığından heç qəbul edilməməsi tövsiyə olunur.

| Qida maddələri | Enerji nisbəti | Olduğu qida |
| Karbohidrat | %60 - 70 | Buğda, kartof, düyü... |
| Zülal | %10 | Paxlalılar və tərəvəzlər |
| Yağ | %20 - 32 | Olein turşusundan gələn birdəfəlik doymamış yağ turşuları və yağlı balıqlardan, çərəzlərdən gələn çoxdəfəlik doymamış yağ turşuları |
| Lif | Çox az | Həll olan və olmayan liflər ehtiva edən meyvə-tərəvəzlər, kəpəkli taxıllar və çərəzlər.. |
Aralıq dənizi pəhrizində gündəlik qidalanma 4-5 yeməkdən ibarətdir və səhər, günorta yeməyi xüsusi əhəmiyyət daşıyır. Digər mühüm məqam omega-6 və omega-3 nisbətinin tarazlığını qorumaqdır. Bu nisbətdə tarazsızlıq hüceyrə daxilində araxidon turşusu istehsalını artıraraq hüceyrədaxili “iltihaba” (inflamasiya) səbəb olur.
Aralıq dənizi pəhrizi haqqında elmi tədqiqatların nəticələri
- European Journal of Cancer Prevention-da dərc olunan məqaləyə görə marqarin əvəzinə zeytun yağı istehlakının bir çox xərçəng növünün riskini azaltdığı görülüb.
- European Journal of Cancer Prevention-da dərc olunan başqa tədqiqata görə tam taxıl istehlakının yoğun bağırsaq xərçəngi riskini azaltdığı ortaya çıxarılıb.
- European Journal of Cancer Prevention-da dərc olunan digər tədqiqatda rafinə edilmiş (özəyindən ayrılmış, emal olunmuş) taxıllarla qida lifi istehlakı müqayisə edilib və nəticəyə görə uyğun miqdarda qida lifi istehlakının mədə, yoğun bağırsaq və yuxarı həzm sistemi xərçəngləri riskini azaltdığı bildirilib. Çünki rafinə taxıllar qlisemik yükü artırıb insulin müqavimətini tətikləyir. Həmçinin qlisemik yük artımının nəzarətsiz hüceyrə böyüməsinə səbəb olan hormonların (insulinəbənzər böyümə faktoru=IGF) yaranmasına səbəb olduğu bildirilib.
- 2008 – 2010-cu illərdə dərc olunan 2 müstəqil tədqiqata görə Aralıq dənizi pəhrizini tətbiq edənlərdə xəstəliklərdən qorunma və müxtəlif səbəblərlə yaranan ölüm nisbətində (mortalite) azalma müəyyən edilib.
- Public Health Nutrition jurnalında dərc olunan statistik analizə görə Aralıq dənizi pəhrizinin ürək-damar xəstəliyi riskini % 10-a qədər azaltdığı görülüb. Xərçəng risklərini isə % 4 azaltdığı bildirilib.
- Internal Journal of Cancer-da dərc olunan tədqiqat nəticəsində yaxşı tətbiq edilmiş Aralıq dənizi pəhrizinin bütün xərçənglərə bağlı ölüm nisbətini % 10 azaltdığı görülüb.
- Yenə eyni jurnalda mövzu edilən tədqiqatda Aralıq dənizi pəhrizinin əsas komponenti zeytun yağının xərçəng yaradan genlərə təsir etdiyi bildirilib.
Əlaqəli mövzular:
- Aralıq dənizi pəhrizindən daha bir xəbər: aqressiv prostat xərçəngindən qoruya bilər
- Aralıq dənizi pəhrizi yaşa bağlı beyin kiçilməsini azalda bilər
- Hansı xəstəyə hansı pəhriz daha uyğundur?
- Aralıq dənizi pəhrizində hansı qidaların bağırsaq poliplərini azaltdığı tapılıb
Mənbələr
Kuzey Kıbrıs Türk Cumhuriyeti'ndeki Çocuk ve Adolesanlarda Akdeniz Diyetine Uyum ile Obezitenin Belirlenmesi.
Türkiye Çocuk Hastalıkları Dergisi. 1:11-20.
2. Schwingshackl, L. ve Hoffmann, G. (2014).
Adherence to Mediterranean Diet and Risk of Cancer: A systematic Review and Meta-analysis of Observational Studies.
International Journal of Cancer. 135.
3. Giecosa et al. (2013).
Cancer Prevention in Europe: The Mediterranean Diet as a Protective Choice.
European Journal of Cancer Prevention. 22 (1). 90-95.
4. Sofi, F. et al. (2013).
Mediterranean Diet and Health Status : an Updated Meta-analysis and a Proposal for a Literature-based Adherence Score.
Public Health Nutrition. 17 (12). 2769-2782.
5. Parisi, S. et al. (2016).
Food and Nutrient Features of The Mediterranean Diet.
Chemistry of The Mediterranean Diet. 9-17.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.