Yoğun bağırsaq (kolon və düz bağırsaq) xərçəngində erkən diaqnoz üçün nə bilməliyəm? Nə etməliyəm?

Bu məqalədə
Yoğun bağırsaq (kolon və düz bağırsaq) xərçəngləri dünyada ən çox rast gəlinən xərçəng növlərindəndir. Ölkəmizin statistikasına görə ölkəmizdə həm qadınlarda, həm də kişilərdə ən çox görülən 3. xərçəng növüdür. Hər yaşda görülə bilsə də, ən çox 50 yaşdan sonra müşahidə olunur.
Həzm sisteminin nazik bağırsaqdan sonra gələn orqanı kolon və son hissəsi düz bağırsaq birlikdə uzun, əzələli boru şəklində yoğun bağırsağı yaradır. Yoğun bağırsaq orta hesabla 1.5 m uzunluğundadır. Düz bağırsaq orta hesabla 15 cm uzunluğunda, yoğun bağırsağın genişlənməsi nəticəsində yaranan həzm sisteminin son hissəsidir.
Yoğun bağırsaq (kolon və düz bağırsaq) xərçənginə tutulma ehtimalını artıran səbəbləri (risk amillərini) bilməliyəm!
İnkişaf etmiş ölkələrdə kolon və düz bağırsaq xərçəngi nisbəti inkişaf etməkdə olan ölkələrdən 4 ilə 10 dəfə daha yüksəkdir. Kolorektal xərçəngin səbəblərini həyat tərzi, mühit amillərindəki dəyişikliklər və irsi genetik amillər kimi sadalaya bilərik.
Genetik amillər
Ailəsində əvvəllər kolorektal xərçəng görülmüş şəxsin xərçəng riski yüksəkdir. İrsi genetik amillər risk nisbətini artırır. Həm yoğun bağırsaqdakı ailəvi adenomatoz poliplər, həm də Lynch sindromu kimi tanınan irsi (valideynlərdən övladlara keçən) qeyri-polipoz kolorektal xərçəng kolon xərçəngi riskini artırır. Genetik kolorektal xərçənglər xəstəliyin yalnız %5-10-nu təşkil etsə də, bu genetik amilləri daşıyan insanların xəstələnmə yaşı digər kolon xərçəngi xəstələrindən daha gəncdir və daha çox həyati risk daşıyır.
İrsi qeyri-polipoz kolorektal xərçəng (Lynch sindromu) genetik kolorektal xərçənglərin ən geniş yayılanıdır. Uyğunsuz DNA cütləşmələri nəticəsində irsi gen mutasiyası ilə yaranır. Orta diaqnoz yaşı 45-dir. Bu növ gen mutasiyası ilə endometrium (uşaqlığın daxili qişası), yumurtalıq, nazik bağırsaq, ureter (sidik yolu) və renal pelvis (böyrək ləyəni) xərçənginin yaranmasına meyl görülür.
Risk qrupundasınızsa, ailəvi kolorektal xərçəng tarixçənizi həkiminizlə paylaşmalı, erkən yaşda rutin skrininq testləri ilə sağlamlığınızı müşahidə və qoruma altında saxlamalısınız.
Digər risk amilləri
Yaş: Hər hansı yaşda yarana bilsə də, əsasən 50 yaşdan yuxarı şəxslərdə görülür.
Bağırsaq iltihabları: Əsasən iki növ bağırsaq iltihabı vardır. Birincisi infeksiyaya bağlı olaraq kolonun selikli qişasında yer-yer yaranan xora, yəni xoralı kolitdir. İkincisi isə ağızdan anusa qədər həzm sisteminin hər hansı hissəsində və ya eyni vaxtda bir neçə fərqli hissəsində aralıqlı iltihablarla ortaya çıxan Crohn xəstəliyidir. Uzunmüddətli, xroniki xəstəlik olsa da, müalicəsi mümkündür. Yaranan yüksək xərçəng riski səbəbindən kolorektal xərçəng skrininq testləri daha tez-tez etdirilməlidir.
Qidalanma: İstehlak edilən qırmızı ət və alkoqolun risk nisbətini artırdığı müşahidə edilmişdir. Bununla yanaşı, meyvə, tərəvəz, paxlalılar, toyuq və dənli bitkilərlə zəngin qidaların istehlakının risk nisbətini azaltdığı müəyyən edilmişdir.
Piylənmə: Qadın və ya kişi olmasından asılı olmayaraq artıq çəki kolon xərçəngi riskini artırır.
Siqaret: Aparılan bir çox tədqiqat siqaret istehlakı ilə kolon xərçəngi arasında əlaqə olduğunu bildirmişdir.
Yoğun bağırsaq (kolon və düz bağırsaq) xərçənginin əlamətlərini bilməliyəm!
Anusdan qanaxma: ən çox qarşılaşılan və şəxsi həkimə gətirən əlamətdir.
Nəcis ifrazı vərdişlərində dəyişikliklər: Məsələn, qəbizlik və ardınca bir müddət ishal, tualetə getməyə baxmayaraq rahatlaşmama (anusda doluluq) hissi
Qarın ağrısı: Tez-tez rast gəlinən və xərçəngə xas olmayan əlamətdir. Lakin şikayət uzandıqda nəzərə alınmalıdır.
Çəki itkisi: Xüsusilə qısa müddətdə %10-dan artıq çəki itkisi vacibdir.
Qanazlığı-solğunluq: Xüsusilə 50 yaşdan yuxarı şəxsdə qanazlığı müəyyən edildikdə yoğun bağırsaq xərçəngi nəzərə alınmalı və mütləq lazım olan müayinələr aparılmalıdır.
Köp: Yoğun bağırsaq və düz bağırsaq xərçəngləri böyük ölçülərə çatdıqda bağırsaqda qismən və ya tam tıxanıqlığa səbəb ola bilər. Şəxs nəcis ifraz edə və qaz çıxara bilmirsə, köp gündən-günə artırsa, həyat itkisi riski ola biləcəyi bilinməli və təcili həkimə müraciət etməlidir. Çünki xərçəng səbəbindən bağırsaq tam tıxanmış ola və qısa müddətdə bağırsaq cırılması ilə həyat itkisi baş verə biləcəyi üçün təcili əməliyyat nəzərə alınmalıdır.
Yoğun bağırsaq (kolon və düz bağırsaq) xərçənglərində erkən diaqnoz üçün nə etməliyəm?
Kolorektal xərçəng riskini artıran amilləri minimuma endirərək xərçəng olma riskini azalda, erkən diaqnoz üçün müntəzəm test etdirə bilərsiniz. Kolorektal xərçəngdə orta risk daşıyan şəxsin rutin skrininq testlərinə 50 yaşında başlaması tövsiyə olunur. Nəcisdə gizli qan testi, əyilə bilən çevik siqmoidoskopiya, kolonoskopiya və ikiqat kontrastlı barium imaləsi istifadə olunan skrininq testləridir. Skrininq tezliyi üsuldan asılıdır. Ailəsində əvvəllər irsi qeyri-polipoz kolorektal xərçəng, adenomatoz polip, kolorektal xərçəng və ya xroniki bağırsaq iltihabı görülmüş şəxslərin isə daha erkən yaşlarda skrininq testlərinə başlamaları onların xeyrinə olacaqdır. Kolorektal xərçəng skrininqi düşünən şəxslər seçimləri həkimləri ilə müzakirə edərək özləri üçün ən uyğun skrininq testinin tətbiqini təmin etməlidirlər.
Proqnozlaşdırıcı genetik test: Ailədə əvvəllər irsi qeyri-polipoz kolorektal xərçəng və ya adenomatoz poliplər görülübsə, həkiminiz genetik test etdirməyi tövsiyə edə bilər. Bu test kolorektal xərçənglə bağlı genetik mutasiyanı göstərdiyi üçün müəyyən edilmiş xərçəng riskinizlə bağlı tədbir görülməsinə imkan verəcəkdir.
Yoğun bağırsaq (kolon və düz bağırsaq) xərçənglərindən qorunmaq üçün nə etməliyəm?
Kolorektal xərçəngin inkişaf riskini tam yox edə bilməsək də, gündəlik həyatımızda uyğun olmayan qidalanma, oturaq (hərəkətsiz) həyat, piylənmə, siqaret və alkoqol kimi zərərli vərdişlərə diqqət edərək riski azalda bilərik.
Qidalanma: Meyvə, tərəvəz və paxlalılarla zəngin qidalarla qidalanmaq kolorektal xərçəng riskini azaltmağa kömək edir. Qırmızı ət və alkoqol istehlakı kolorektal xərçəng riskini artırdığı üçün ölçülü olmalıdır. Sağlam qidalanmağınız və yağ miqdarı aşağı qidalar istehlak etməyiniz çəkinizi müəyyən səviyyədə saxlamağa kömək edəcəkdir.
Məşq: Tədqiqatlar müntəzəm məşq etməyin bir çox xərçəng növündə olduğu kimi kolon və düz bağırsaq xərçəngi riskini də azaltdığını göstərmişdir.
Məşq proqramına başlamazdan əvvəl həkiminizlə məsləhətləşin. Həkiminiz sizə uyğun məşq proqramı barədə kömək edəcəkdir. Həftədə 5 gün və ya 5 gündən çox, 30 dk müddətində məşq tövsiyə olunur. 45 dk-dan 1 saata qədər məşq daha çox fayda verə bilər.
-Orta dərəcəli fəaliyyətlər: sürətli yeriş, düz ərazidə velosiped sürmək.
-Fəal fəaliyyətlər isə: dırmanma və qaçış.
Sağlamlığınızın imkan verdiyi qədər həkiminizin təsdiqlədiyi fəaliyyətləri etməyiniz özünüzü daha yaxşı və gümrah hiss etdirəcəkdir.
Aspirin kimi qeyri-steroid iltihabəleyhinə dərmanlar: Aparılan tədqiqatların nəticələri onların kolorektal xərçəng riskini azaltdığını irəli sürür. Müntəzəm istifadə edildikdə potensial faydaları vardır. Lakin potensial kolorektal xərçəng riski olduqda həkim nəzarəti ilə istifadəsi sizin xeyrinizə olacaqdır. Əks halda mədə qanaxması riski ilə zərər verə bilər.
Kalsium: Kolorektal xərçəng üçün az da olsa fayda verə bilər. Gündəlik qəbul edilən 1200mg kalsiumun kolorektal adenoma formasını %20, irəliləmiş adenoma formasını %45 nisbətində azaltdığı məlumdur. Bundan əlavə, birlikdə qəbul edilən D vitamini və kalsiumun birlikdə adenoma formasını azaltdığı müəyyən edilmişdir.
D vitamini: Yağda həll olunan vitamindir və zənginləşdirilmiş süd, qarğıdalı lopaları, skumbriya, qızılbalıq, tuna kimi müəyyən balıq növlərini ehtiva edən pəhriz məhsullarında və günəş işığında mövcuddur. D vitamininin kolon xərçəngi daxil bəzi xərçəng növlərinin qarşısının alınmasında mühüm rol oynadığı fərz edilir.
Prekanseroz (xərçəngə səbəb ola biləcək poliplər) polip skrininqi və müalicəsi: Xüsusilə süd vəzi xərçəngində olduğu kimi xərçəng növlərində tətbiq olunan skrininq testləri xərçəngin inkişafının qarşısını almır, lakin erkən mərhələdə diaqnoza kömək edərək müalicədə uğur nisbətini artırır. Prekanseroz polipləri müəyyən etmək üçün də tətbiq olunan skrininq testləri sayəsində xərçəngin inkişafının qarşısı alına bilər. Aşkar edilmiş poliplərin çıxarılması sonradan inkişaf edəcək xərçəngi əngəlləyə bilər.
Qoruyucu cərrahi müdaxilə: Qoruyucu cərrahi müdaxilə kolorektal xərçəng riski yüksək şəxslər üçün tövsiyə edilə bilər. Bu əməliyyatda xərçəng inkişafı görülməzdən əvvəl kolon, bəzən də düz bağırsaq və əlaqəli digər orqanlar çıxarılır. Lakin bu cür əməliyyat yalnız kolon və düz bağırsaq xərçəngi riski yüksək xəstələr üçün keçərli ola bilər. Əməliyyat qərarından əvvəl faydaları və nəticələri barədə həkiminizlə danışmağınız vacibdir.
Yoğun bağırsaq (kolon və düz bağırsaq) xərçənglərinin erkən diaqnozu üçün skrininq tövsiyələri
Ailəsində əvvəllər irsi qeyri-polipoz kolorektal xərçəng, adenomatoz polip, kolorektal xərçəng və ya xroniki bağırsaq iltihabı görülmüş şəxslərin daha erkən yaşlarda skrininq testlərinə başlamaları onların xeyrinə olacaqdır.
Bu tövsiyə olunan testlərdən hər hansı birində anormallıq olduqda həkimlə məsləhətləşilməli və skrininq tezliyi həkim tərəfindən müəyyən edilməlidir.
Kolorektal xərçənglər üçün skrininq testlərinə həm kişilərdə, həm qadınlarda 50 yaş və yuxarıda başlanması tövsiyə edilir.
Nəcisdə gizli qan testi: İldə 1 dəfə
Çevik siqmoidoskopiya (anusdan yoğun bağırsağın son hissələrinin endoskopik müayinəsi): Hər 5 ildə bir dəfə
İkiqat kontrastlı barium imaləsi (dərmanlı yoğun bağırsaq görüntüləməsi): Hər 5 ildə bir dəfə
Kolonoskopiya (anusdan bütün yoğun bağırsağın endoskopik müayinəsi): Hər 10 ildə bir dəfə
KT kolonoqrafiya (dərmanlı yoğun bağırsaq görüntüləməsi): Hər 5 ildə bir dəfə edilməsi tövsiyə olunur
Qeyd: Bu testlərdən birini seçməyiniz sizin üçün yetərli görünsə də, hansı testin sizin üçün ən uyğun skrininq üsulu olduğuna həkiminizlə birlikdə qərar verməlisiniz.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.