Yüksək katexolamin (dopamin, adrenalin və noradrenalin) göstəricisi xərçəng əlaməti ola bilər

Bu məqalədə
Katexolaminlər beyin, sinir toxuması və böyrəküstü vəzlər tərəfindən istehsal edilən hormonlardır. Orqanizmin “döyüş və ya qaç” reaksiyasına cavabdeh katexolaminlər emosional və ya fiziki stressə cavab olaraq ifraz edilir. Əsas katexolaminlər arasında dopamin, adrenalin və noradrenalin var.
Qeyri-adi dərəcədə yüksək və ya aşağı səviyyədə ifraz edilən katexolaminlər altda yatan ciddi tibbi problemlərə işarə edə və bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu yazımızda katexolaminlərin necə işlədiyini, hansı hallarda sağlamlıq problemlərinə yol aça bildiyini və nə vaxt həkim müayinəsinə getmək lazım olduğunu izah edəcəyik.
Katexolamin nədir, funksiyaları hansılardır?
Katexolaminlər neyronlar arasında və ya neyronla başqa hüceyrə arasında əlaqənitəmin edən mühüm kimyəvi maddələr olan neyrotransmitter kimi də fəaliyyət göstərən hormonlardır. Bədəndə beyin, sinir toxumaları və böyrəklərin üstündə yerləşən böyrəküstü vəzlər tərəfindən istehsal edilir.
Dopamin
İnsan bədənində təbii istehsal olunan kimyəvi maddə dopamin sinir sistemi boyunca siqnalların ötürülməsini təmin edir. Hərəkət, emosiya, yaddaş, həzz / beynin mükafat mexanizmi kimi bioloji proseslərin tənzimlənməsində rol oynayır.
Adrenalin (Epinefrin)
Böyrəküstü vəzlərin daxili hissələrindən ifraz edilən bu neyrotransmitter orqanizmin “döyüş və ya qaç” reaksiyasına cavabdehdir. İnsan stress altında olduqda orqanizmdə adrenalin ifraz edilir və qanın əzələlərə, ürəyə və ağciyərlərə axmasına imkan verilir.
Noradrenalin (Norepinefrin)
Bədənin istehsal etdiyi bir ferment vasitəsilə dopamindən sintez edilən norepinefrin böyrəküstü vəzlərdən qana buraxılır. Orqanizmin stressə cavab verməsinə kömək edən bu neyrotransmitter ürək döyüntüsünü və qan təzyiqini artırır. Əhvalın tənzimlənməsi və diqqəti cəmləmək qabiliyyəti ilə də əlaqəlidir.
Anormal katexolamin səviyyələrinin səbəbləri nədir?
Çox aşağı və ya çox yüksək katexolamin səviyyələri bəzən altda yatan sağlamlıq problemlərinə işarə edir. Həkimlərin katexolamin səviyyələrini yoxlamasının əsas səbəbi neyroendokrin şiş və ya neyroblastoma kimi müəyyən şişlərinmövcudluğunu yoxlamaqdır.
Neyroendokrin şişlər
Neyroendokrin sistem endokrin hüceyrələrdən (hormon istehsal edən hüceyrələrdən) və sinir hüceyrələrindən ibarətdir, neyroendokrin şişlərisə hormonal və sinir sistemlərinin hüceyrələrindən inkişaf edir. Bu şişlər yüksək miqdarda katexolamin istehsal edir.
Feoxromositomalarböyrəküstü vəzlərdə olan neyroendokrin şişlərdir. Feoxromositomaların təxminən %80-85-i böyrəküstü vəzlərin daxili qatında böyüyür, %15-20-si isə həmin sahədən kənarda inkişaf edir.
Feoxromositomanın əlamətləri:
- Yüksək təzyiq
- Ürəkdöyünmə
- Təşviş
- Titrəmə
- Həddindən artıq tərləmə
- Solğun dəri
- Əl və ayaq barmaqlarında qarışqa gəzməsi hissi
- Bulanıq görmə
- Şiddətli baş ağrısı
- Qarın ağrısı
- Qəbizlik
- Çəki itkisi
- Yüksək qan şəkəri
- Psixi pozuntular
Adətən xoşxassəli olsa da, bəzi feoxromositomalar müalicə edilmədikdə böyüməyə davam edə, simptomları ağırlaşaraq böyrəklərə və ürəyə zərər verə bilər. Şişin böyüməsi insult və infarkt riskini də artırır.
Neyroblastoma
Neyroblastomaneyroblast adlanan xüsusi sinir hüceyrələrindən yaranan xərçəng növüdür. Çox vaxt bu xərçəng böyrəküstü vəzdə və ya onurğa beyni boyunca uzanan sinir toxumalarından inkişaf edir və katexolamin səviyyələrinin artmasına səbəb olur.
Uşaqlarda ən çox rast gəlinən xərçəng olan neyroblastoma bütün uşaqlıq xərçənglərinin %6-sını təşkil edir və 10 yaşdan böyük şəxslərdə nadir yaranır.
Neyroblastomanın əlamətləri aşağıdakılardır:
- Qarında şişkinlik
- Sulu ishal
- Anemiya
- Göyümtül dəri
- Göz ətrafında göy və ya bənövşəyi rəng dəyişikliyi
- Gözlərdə şişkinlik
- Kiçik göz bəbəkləri
- Sallanmış göz qapağı
- Qızdırma
- Tər ifrazının yetərsizliyi
- Yüksək təzyiq
- Sümük ağrısı
- Qan hüceyrələrinin sayının azalması
- İflic
Katexolamin səviyyəsini müəyyən etmək üçün aparılan testlər
Şəxsin katexolamin səviyyəsini yoxlamaq üçün həkim qan və ya sidik analizi istəyir. Sidik analizi verəcək şəxs 24 saat ərzində sidiyini bir qabda toplamalıdır. Bu, xəstəxananın verdiyi xüsusi qabdır və sidiyin qorunmasına kömək edən az miqdarda turşu ehtiva edir. Sərin yerdə saxlanması son dərəcə vacibdir.
İlkin testlər aparıldıqdan və katexolamin göstəricisi müəyyən edildikdən sonra lazım olduqda əlavə testlər istənə bilər. Feoxromositoma testləri yanlış müsbət nəticə verə bilər. Bu riskə görə qiymətləndirmədə xəstənin fiziki vəziyyəti, istifadə etdiyi dərmanlar, pəhrizi, emosional vəziyyəti kimi meyarlar da nəzərə alınmalıdır. Şəxsdə şiş olduğundan şübhələnilərsə, maqnit-rezonans görüntüləmə (MRI) və ya kompüter tomoqrafiyası (BT) kimi görüntüləmə testi istənə bilər. Görüntüləmə nəticəsində şişin mövcudluğu təsdiqlənərsə, onun növünü müəyyən etmək üçün biopsiya istənə bilər.
Anormal katexolamin səviyyələrinin əlamətləri
Yüksək və ya aşağı katexolamin səviyyələri müxtəlif simptomlara(əlamətlərə) yol aça bilər. Əsas katexolaminlərin yüksəlmiş səviyyələrinin yaratdığı simptomlar aşağıda sadalanıb.

Xroniki olaraq yüksək dopamin səviyyəsi Costello sindromu, leykemiya, Menkes sindromu, aromatik L-amin turşusu dekarboksilaza çatışmazlığı kimi hallarla əlaqəli ola bilər. Alimlər dopamin çatışmazlığını Parkinson kimi neyrodegenerativ xəstəliklərlə də əlaqələndirirlər.
Aşağı adrenalin səviyyələri olan şəxslər stressli vəziyyətlərə uyğun reaksiya verməkdə çətinlik çəkə bilərlər.
Aşağı noradrenalin səviyyələri süstlük və ya enerji çatışmazlığı, ayaq üstə durarkən aşağı təzyiq, diqqət əskikliyi və hiperaktivlik pozuntusu, diqqəti cəmləmək çətinliyi, depressiya kimi hallara yol aça bilər.
İstifadə edilən dərmanlar (parasetamol, asetaminofen, aspirin, təzyiq və ürək dərmanları kimi), kofein, alkoqol, nikotin, banan, ananas, bibər kimi qida və içkilər katexolamin səviyyələrinin dəyişməsinə səbəb ola bilər. Buna görə testdən əvvəl istifadə edilən dərmanlar barədə həkimə məlumat verilməli, qida və içkilərin qəbulu sidik analizi verməzdən 24 saat əvvəl dayandırılmalıdır.
Müalicə üsulları
Tətbiq ediləcək müalicə üsulu katexolamin səviyyəsinin aşağı və ya yüksək olmasına səbəb olan vəziyyətə görə müəyyən edilir.
Feoxromositoma diaqnozlu xəstələrdə ümumi müalicə üsulları arasında cərrahi müdaxilə, şüa terapiyası, kimyaterapiya, anormal hüceyrələri hədəfləyib məhv etmək üçün çox isti və ya soyuq maddələrin istifadə edildiyi ablasiya, xərçəngə yönəlik dərman müalicəsi və böyrəküstü vəzdə qan axınını kəsərək şişi məhv edən embolizasiya var.
Neyroblastoma diaqnozlu şəxslərdə isə cərrahi müdaxilə, şüa terapiyası, kimyaterapiya, hədəfə yönəlik müalicələr, immunoterapiya və xərçəng hüceyrələrini öldürmək üçün qan dövranına radioaktiv yod yeridilən yod 131-MIBG müalicəsindən birinə və ya bir neçəsinə müraciət edilə bilər.
Əksər hallarda feoxromositomalar xoşxassəlidir və metastaz vermələri gözlənilmir; cərrahi yolla çıxarıldıqda təkrar yaranmağa meyilli deyillər. Digər tərəfdən, neyroblastomanın müalicəyə cavabı şişin yaratdığı risk səviyyəsindən asılıdır. Burada şişin mərhələsi, böyümə sürəti, genetik fərqlər, şəxsin yaşı kimi hallar vacibdir.
Xülasə
Davamlı yüksək təzyiq, sürətli və ya nizamsız ürək döyüntüsü, titrəmə, həddindən artıq tərləmə, şiddətli baş ağrısı kimi şikayətləri olan şəxslər ən qısa zamanda mütəxəssis həkimə müraciət etməlidirlər. Qan və ya sidik analizi ilə katexolamin səviyyəsinin müəyyən edilməsi əlavə test və müalicəyə ehtiyac olub-olmadığına qərar verməyə kömək edir.
Mənbələr
What are catecholamines, and what do they do?
https://www.medicalnewstoday.com/articles/catecholamines - July 23, 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.