4. mərhələli xəstəlikdə xərçəngli böyrək əməliyyatla çıxarılmalıdırmı?

Böyrək hüceyrəli xərçəng ABŞ-da rastgəlmə tezliyinə görə 10. yerdədir. Xərçəng barədə ictimai məlumatlılığın artmasına və görüntüləmə üsullarının inkişafına baxmayaraq, hər 10 böyrək xərçəngindən 3-nə dördüncü mərhələdə diaqnoz qoyulur. Hazırda 4. mərhələli böyrək xərçəngində az sayda xəstə xaricində şəfa, yəni müalicələrlə sağalma, xəstəlikdən tam qurtulma şansı yoxdur. Tətbiq olunan müalicələrdə məqsəd xəstənin həyat keyfiyyətini artırmaqla yanaşı ömür müddətini uzatmaqdır.
2005 ilindən əvvəl kimyaterapiya və köhnə nəsil immunoterapiya dərmanları ilə müalicə etdiyimiz dördüncü mərhələli böyrək xərçəngində ömür müddəti demək olar ki, 6 aydan qısa idi. Faydası olduqca az olan bu müalicələrlə xəstəni müalicə edərkən metastatik mərhələdə xəstələrin xərçəngli böyrəklərinin əməliyyatla çıxarılması onların ömür müddətinə töhfə verdiyindən üstünlük verdiyimiz tətbiq idi.
Məlum olduğu kimi, çox sayda xərçəng növündə xəstəlik dördüncü mərhələyə çatıbsa, əsas şişin cərrahi yolla çıxarılmasına üstünlük verilmir. Xəstədə şiş yükünü azaldan (sitoreduktiv cərrahiyyə) cərrahiyyə dediyimiz, yəni xəstəliyin hamısını bədəndən uzaqlaşdıra bilməsək də, xəstəliyin qaynaqlandığı orqanın şişlə birlikdə cərrahi çıxarılması bir neçə xərçəng növündə faydalıdır. Bunlardan biri də böyrək hüceyrəli xərçəng idi. 2005 ilinin sonunda böyrək hüceyrəli xərçəngin müalicəsində olduqca faydalı dərmanların (hədəfə yönəlmiş müalicələrin) istifadəyə daxil olması nəticəsində xərçəngli böyrəyin çıxarılıb-çıxarılmaması müəmma olaraq qalmışdır. Hədəfə yönəlmiş müalicələrdən sonra böyrək xərçəngində yeni nəsil immunoterapiyaların da təsdiqlənməsi ilə bu sahədə uğur hər keçən gün artır. Müsbət istiqamətdə gedən bu prosesdə metastatik böyrək xərçəngində 10 ildən artıqdır maraqlandığımız sualın cavabını Journal of Clinical Oncology jurnalının sentyabr 2016 sayında Hanna və həmkarlarının dərc etdikləri tədqiqatları ilə öyrəndik.
Milli xərçəng məlumatlarından istifadə edilərək 2006 və 2013 illəri arasında hədəfə yönəlmiş dərmanlarla müalicə edilmiş böyrək xərçəngli 15.390 xəstə retrospektiv araşdırılmış və bunların 5.374-ündə xərçəngli böyrəklərin cərrahi yolla çıxarıldığı müəyyən edilmişdir. Hədəfə yönəlmiş dərmanlarla müalicə olunan xəstələr arasında xərçəngli böyrəkləri əməliyyatla çıxarılan qrupda orta ömür müddəti 17 ay ikən, əməliyyat edilməyən xəstələrdə ümumi sağqalımın 7.7 ay səviyyəsində olduğu müəyyən edilmişdir. Ömür müddətində əldə edilən bu üstünlük son dərəcə diqqətçəkəndir. Bu tədqiqatın nəticələri gündəlik praktikamızda son dərəcə istiqamətləndirici olmuşdur.
Gündəlik praktikamızda daim düşündüyümüz “hədəfə yönəlmiş müalicələr və yeni nəsil immunoterapiyalarla yanaşı xəstələrimizin xərçəngli böyrəyini çıxartdırmaq fayda verərmi” sualı artıq cavabını tapdı.
Bu tədqiqatdan əldə etdiyimiz məlumat budur: metastatik böyrək xərçəngli xəstələrimizdə əməliyyata mane olan vəziyyətləri yoxdursa, müalicənin başlanğıcında və ya uyğun bir dövrdə xərçəngli böyrəklərinin əməliyyatla çıxarılması xəstələrimizin xeyrinə olacaqdır.
Mənbələr
J Clin Oncol 34:3267-3275. 2016
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.