Canlı Xərçəng Dərmanı CAR T-Hüceyrə Müalicəsi 10 Yaşında: Dəyişdirdiyi Həyatlara Təəccüblənəcəksiniz

Bu məqalədə
Bundan 10 il əvvəl 6 yaşlı kəskin limfoblastik leykemiya xəstəsi olan bir uşaq üçün Dr. Stephan Grupp-un tətbiq edə biləcəyi bütün müalicələr tükənmişdi. Həkim də pediatrik xərçəng müalicəsində hələ kəşf edilməmiş sahəyə yönəldi.
Hüceyrəvi immunoterapiyanın qabaqcıllarından olan Philadelphia Uşaq Xəstəxanasından Dr. Grupp uşaqlar üçün kimerik antigen reseptorlu (CAR) T-hüceyrə müalicəsinin ilk faza-1 klinik tədqiqatını apardı.
“Tədqiqat balaca xəstəmə kömək edə biləcək son anın qapısını açdı. Gələcəyi barədə qərar vermək üçün vaxt qazanmağa başqa heç nə yox idi… Qapı ya o zaman açılmalı idi, ya da heç vaxt.”
Xəstə o vaxtdan bu yeni müalicələri izah edən plakatların üz qabığındakı qıza çevrilən Emily Whitehead idi. 2012-ci ildə bir doza CAR T-hüceyrə müalicəsi aldıqdan sonra leykemiyadan sağaldı və 10 ildən çoxdur remissiyadadır, yəni heç bir xəstəlik əlaməti göstərmir.
Dr. Grupp nəhayət “kür (cure= tam sağalma)” sözünü işlətməyə başladığını deyir.
“Mən təkcə həkim deyiləm, həm də aliməm – yeni müalicəyə güvənmək üçün tək bir hal kifayət deyil. Uzun müddət ‘kür’ adlandırılan şeyi söyləmək üçün daha çox xəstənin bu yeni müalicəni daha uzun müddət alması lazımdır. CAR T-hüceyrə müalicəsi hazırda işlədiyim xəstəxanada yüzlərlə xəstəyə verilir və – bu baxımdan bənzərsizik – 5, 6, 7, 9 və ya daha çox il ərzində heç bir müalicəyə ehtiyac duymayan bir neçə onlarla xəstəmiz var. Bu, kür deməkdir.”
İlk ALL Xəstəsi
Emily bu müalicəni alan ilk ALL (kəskin limfoblastik leykemiya) xəstəsi idi və həm də uşaq idi. Lakin nümunəvi hal oldu. 10 ildən çox dalana dirəndikdən sonra CAR T-hüceyrə müalicəsi sahəsində Pennsylvania Universitetində Grupp-un həmkarı Carl June və heyəti sayəsində son dövrlərdə böyük irəliləyiş baş vermişdi. T hüceyrələrinin genetik dəyişdirilməsində 2 əsas addımın atılması ilə June-un heyəti xroniki limfositar leykemiyası (KLL) olan 3 xəstəni uğurla müalicə etdi; ikisi tam remissiyada idi.
Lakin bu müalicənin bir uşaqda və leykemiyanın fərqli növündə istifadəsi qorxuducu ehtimal idi. Grupp Emily-nin valideynləri Tom və Kari Whitehead-ə xərçəng müalicələrində, xüsusilə faza-1 tədqiqatlarında, zəmanət olmadığını açıq şəkildə vurğuladı.
Amma Whitehead ailəsinin itirəcək vaxtı və başqa çarəsi yox idi. Atası Tom həmin vəziyyəti belə ifadə edir: "Qeyri-adi bir şey idi, bu, ona şans verəcəkdi."
Özünü onkoloji müalicələrin son kovboyu kimi təsvir edən Grupp müalicəyə başlamağa hazır idi. Heç biri müalicənin Emily-ni əvvəlkindən də ağır xəstələndirəcəyini və onu reanimasiyaya salacağını bilmirdi. Lakin bir qədər şans və çoxlu zehni əməyin birləşməsi sayəsində nəfəs kəsəcək qədər sürətli yaxşılaşdı.

Sehrli Formula
CAR T-hüceyrə müalicəsi xəstədən immun sisteminə aid T-hüceyrələrinin toplanmasını və laboratoriyada ALL xərçəng hüceyrələrinin səthində yerləşən CD19 zülalını hədəfləmək üçün kimerik antigen reseptoru ilə dəyişdirilməsini əhatə edir.
Pennsylvania Universitetindəki heyət prosesi tənzimləməzdən əvvəl müalicənin klinik tədqiqatları yalnız az miqdarda müsbət nəticə vermişdi. Grupp bunun səbəbini belə izah etdi; “dəyişdirilmiş T hüceyrələri qısamüddətli perspektivdə çox güclüdür, lakin xəstəyə qaytarıldıqdan sonra demək olar ki, çoxalma qabiliyyəti yoxdur. Xəstəyə nə qədər hüceyrə verdiyiniz əhəmiyyətli deyil; əhəmiyyətli olan hüceyrələrin xəstədə leykemiyaya nəzarət etmək üçün lazım olan səviyyəyədək çoxalmasıdır.”
June-un heyəti Grupp-un “sehrli formula” adlandırdığı şeyi tapdı: “nəhəng” çoxalma qabiliyyətinə malik daha gənc T hüceyrə fenotiplərini yaradan prosesin dənəcik əsaslı istehsalı və CAR T molekullarının uzunmüddətli ekspressiyasını təmin edən genetik dəyişdirmə üçün lentiviral yanaşma.
“Riskli idimi? Açığı… Hamımız dibini görmədiyimiz suya atılmışdıq; yəni deyə biləcəyim budur: bəli, riskli idi və onu da demək istəyirəm ki, risk haqqında demək olar heç nə bilmirdik.”
Sitokin Fırtınası
Grupp və heyətinin qarşılaşdığı ən ağır risk gözlənilən bir şey deyildi. O zaman buna ad qoya bilməmişdilər. CAR T-hüceyrə müalicəsi alan üç yetkin KLL xəstəsi tədqiqatçıların “şiş lizisi (parçalanması) sindromu” adlandırdığı halın yüngül formasını yaşamışdı. Lakin Emily-də CAR T-hüceyrə infuziyasının 3-cü günündə sonralar sitokin ifrazı sindromu (SSS) adlandırılan ağır reaksiya fırtınası var idi.
Atası Tom qızının vəziyyətini belə danışırdı:
“İşlər ağırlaşdı. Təzyiqinin çox yüksək olduğunu xatırlayıram. Həkimlər onu reanimasiya şöbəsinə apardılar, komada idi və onu tənəffüs aparatına qoşdular. Onu bu halda izləmək çox amansız idi. Ağzındakı ventilyator borusunun ətrafından qan köpüklənirdi. Üçüncü və ya dördüncü gecəni xatırlayıram; bir həkim məni dəhlizə çağırdı və dedi: ‘Günəş doğanda qızınızın sağ qalmaq şansı mində birdir.’ Mən də dedim: ‘Yaxşı, sabahkı vizitdə görüşərik, çünki o, hələ burada olacaq.’ ”
Grupp isə vəziyyəti belə izah edir:
“Naməlum bir yan təsirlə üz-üzə idik... Reanimasiya onu sağ saxlamaq üçün tam işə yaradı. Bir insanı həyatda saxlamaq üçün əllərindən gələn hər şeyi etdilər, edə biləcəkləri başqa bir şey yox idi. Bir nöqtədə edəcəklərimiz tükəndi, biz tükəndik.”
Addım Atmaq Növbəsi
Sonra heyət bir neçə şanslı təsadüflə qarşılaşdı. İlki onun sitokinlərinə baxmağa qərar verdikləri zaman oldu.
“Bütün biliklərimiz o anda, məhz Emliy-nin çox ağır xəstə olduğu anda bir araya gəldi. Nəticəni kifayət qədər tez ala bilərikmi? Laboratoriya testi etmək üçün bütün digər işləri dayandırdı.”
30 parametrdən ibarət geniş sitokin paneli istədilər. Nəticələr sitokin səviyyələrinin “inanılmaz dərəcədə yüksəldiyini” göstərdi. Bunların arasında interleykin-6 (IL-6) da var idi.
IL-6 hətta T hüceyrələri tərəfindən yaradılmır; buna görə dünyada heç kim bunun əhəmiyyətli olacağını təxmin edə bilməzdi. Daha kiçik panel istəsəydilər, bunu fərq etməyə də bilərdilər.
“Yenə də bu, dərmanımız olan yeganə sitokin idi: tocilizumab. Yəni bu, şans idi. Başqa bir şans dərmanın xəstəxanada olması idi, çünki bu dərmanı alan revmatologiya xəstələri var idi. IL-6-nın yüksək olduğunu aşkar etdikdən və buna qarşı dərman olduğunu saat 3:00-da öyrəndikdən sonra dərmanı saat 8:00-də ona verdik. Bundan sonra Emily-nin klinik vəziyyəti çox sürətlə dəyişdi. Yəni bir neçə saat sonra demək istəyirəm.”
Emily yeddinci ad günündə 14 günlük tibbi komadan oyandı. Səkkiz gün sonra sümük iliyi tam remissiya göstərdi. Emily-nin atası Tom həkimlərin “bu qədər ağır xəstə olan birinin bu qədər sürətlə yaxşılaşdığını əvvəllər heç görmədiklərini söylədiyini” deyir.
Emily bir sıra leykemiya müalicələri almışdı. 22 ay ərzində standart, lakin uğursuz müalicə prosesi keçirmişdi; sonra isə CAR T-hüceyrə müalicəsinin ilk dozasından cəmi 23 gün sonra xərçəngsiz idi.
17 yaşlı Emily 10 ildir remissiyadadır. Grupp nəhayət “kür” (tam sağalma) sözünü işlətmək istəyir – lakin bu sözü işlədə bilmək üçün uzun vaxt sərf edib.
“Bu, möcüzə deyil. Xəstələri vaxtın 90%-dan çoxunda remissiyaya sala bilərik – lakin bəzi xəstələrdə residiv ola bilər – və həmin vaxt risklər var (həyatı təhdid edə bilən sitokin fırtınası kimi). Hazırda təcrübəmizə görə xəstələrin təxminən 12%-si reanimasiya şöbəsinə yerləşir, lakin demək olar ki, heç biri Emily qədər ağır xəstə olmur... çünki indi tocilizumabı daha erkən veririk."
Qızları sağaldıqdan sonra Tom və Kari Whitehead vaxtlarının çoxunu Emily-nin həyatını xilas edən bu müalicəni tanıtmağa həsr etdilər. Emily-nin aldığı CAR T-hüceyrəsi üçün təsdiq məsələsinə baxılarkən Tom 2017-ci ildə ABŞ Qida və Dərman İdarəsinin (FDA) komitə iclasında ifadə verdi. Məhsul tisagenlecleucel-T-dir (Novartis); həmin iclasda yekdilliklə təsdiqlənməsi tövsiyə olundu. Bu, bazara çıxan ilk CAR T-hüceyrəsi idi.
Emily Whitehead Fondunun həmtəsisçiləri kimi Tom və Karis bu sahədə tədqiqatları dəstəkləmək üçün 2 milyon dollardan çox vəsait toplanmasına kömək etdilər və "bu inqilabı irəli aparmaq" və hekayələrini danışmaq üçün dünyanı gəzirlər. Qızlarını xilas edən elmlə yanaşı, şans və inancın da onlarla olduğunu deyirlər.
Tom və Kari bir neçə dəfə Emliy-yə təklif olunan müalicəni rədd etdilər. Lakin Tom həyat yoldaşına bunları dediyini bildirdi: “Kari-yə dedim ki, Emily xərçəngə mütləq qalib gələcək – bunu gördüm. Necə olacağını bilmirəm, amma ona bu sümük iliyi transplantasiyası şöbəsinin dəhlizlərində yenidən yeriməyi öyrədəcəyik. Bir çox həkimin ‘işarə’ və ya bizə yol göstərən şey haqqında heç nə eşitmək istəmədiyini bilirəm, lakin inancı elmdən ayırmalı olduğumuzu düşünmürəm. Məncə, belə bir şeyin baş verməsi üçün hər şey lazımdır.”
- Əlaqəli mövzu: Xüsusi Gelin İçində CAR T-Hüceyrə Tətbiqi Xərçəng Müalicəsində Fərq Yaratmağa Namizəddir
Davamlı Təsir
Grupp Emily-nin müalicəsinə gətirən CAR T-hüceyrə irəliləyişinin açarının hüceyrə çoxalması olduğunu və təsirin bütün gözləntiləri aşaraq davamlı qaldığını söylədi. Genetik mühəndisliklə dəyişdirilmiş T-hüceyrələri Emily-də və uzunmüddətli remissiyada olan digər xəstələrdə hələ də aşkar edilə bilir.
“Əsas sual budur: hüceyrələr hələ də işləyir, yoxsa xəstələr sağalıb və artıq onlara ehtiyacları yoxdur?”
“Onkoloqların ‘kür’ sözünün nə demək olduğu barədə fərqli fikirləri var. Mənim mövqeyim budur ki, əgər xəstəliyin təkrarlanma ehtimalı avtomobilinizə minib görüşünüzə getmək kimi həyatınızdakı digər risklərdən aşağıdırsa, funksional kür belə olur.”
“Yəqin ki, Emily-ni hələ də ən çox görən həkim mənəm, lakin düzünü desəm, bütün söhbət leykemiya barədə olmur. B-hüceyrə aplaziyası var, ona görə bunu müalicə etməliyik; sonra isə bunun ümumi müalicəsindən qaynaqlanan uzunmüddətli yan təsirlər olmadığından əmin olmaq barədə danışırıq. Ümumilikdə orta intensivlikli kimyaterapiya və CAR T-hüceyrəsi almış xəstə üçün bu, övlad sahibi olma qabiliyyətinə təsir etməməlidir. Dünya tarixində hər hansı xəstədə müalicədən 5 ildən çox vaxt keçəndən sonra residiv olubmu? Əlbəttə. Bu, inanılmaz dərəcədə nadirdirmi? Bəli, elədir.”
Whitehead ailəsinə gəlincə, onlar Emily-nin universitet müraciətlərinə, yeni sürücülük vəsiqəsinə və bir Hollywood film istehsalçısı ilə onun hekayəsi haqqında film yazmaq layihəsinə diqqət yetirirlər. Tom həkimlərin onların hekayəsindən çıxarmasını istədiyi yeganə şeyin bəzən valideyn instinktinin elmi aşması olduğunu deyir.
*
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.