Dünya Ağciyər Xərçəngi Konfransı və müalicədə son yeniliklər

Hər il ağciyər xərçəngi ilə məşğul olan müxtəlif sahələrdən elm adamlarının qatıldığı Dünya Ağciyər Xərçəngi Konfransının 21-cisi bu il Barselonada keçirildi. Təxminən 7000 elm adamının qatıldığı builki konqresdə yeni hazırlanmış hədəfə yönəlmiş dərmanların və immunoterapiya ilə hədəfə yönəlmiş ağıllı dərmanların birlikdə istifadə olunduğu tədqiqatların nəticələri ön plana çıxdı.
Ağciyər xərçəngində genetik təhlillərlə birlikdə kəşf edilən hədəfə yönəlmiş preparatlar xəstələr üçün daha bir mühüm müalicə mərhələsi yaratdı. Bəzi mutasiyaların ağciyər xərçəngində aşkarlanma ehtimalı aşağı olsa da, bu mutasiyalardan birini daşıyan xəstəyə veriləcək hədəfə yönəlmiş müalicələrin faydası böyükdür.
Konqresdə açıqlanan ağciyər xərçəngində nadir rast gəlinən mutasiyalara və onlara qarşı hazırlanmış dərman tədqiqatlarına baxsaq:
RET füzyonu və selpercatinib
Kiçik hüceyrəli olmayan ağciyər xərçəngində RET füzyonu adlandırılan genetik mutasiya %2 nisbətində görülür. Bu hədəfə qarşı hazırlanmış dərmanlardan biri olan selpercatinib adlı dərmanın klinik tədqiqat nəticələri Dünya Ağciyər Konfransında təqdim edildi. LIBRETTO-001 adlı klinik tədqiqatda, bədənə yayılmış (metastatik) ağciyər xərçəngi diaqnozu qoyulan və şişin genetik təhlilində RET füzyonu daşıyan 253 xəstə iştirak etdi. Bu xəstələrin 105-i əvvəllər kimyaterapiya almışdı. Xəstələrin %60-ı 3 və daha çox xətt kimyaterapiya almış olsa da, bu hədəfə yönəlmiş preparatla müalicəyə cavab nisbəti %68, xəstəliyin müalicə ilə nəzarətdə qalma nisbəti isə %94 müəyyən edildi. Əvvəllər heç bir müalicə almamış xəstələrdə cavab nisbəti %85, xəstəliyi nəzarət altına alma nisbəti %94 idi. Müalicədən fayda görən xəstələrin median proqressiyasız sağqalımı (xəstəliyin pisləşməsinə qədər keçən müddət) 18.4 ay müəyyən edildi. Ən çox görülən yan təsirlər isə ishal, yüksək təzyiq və ağız quruluğu idi (%30). Lakin yan təsirlərin hamısı nəzarət altına alına bilən idi.
RET füzyonu ağciyər xərçəngindən başqa xərçənglərdə %1-dən az görüldüyü halda, qalxanabənzər vəzi xərçəngində %10-20 nisbətində rast gəlinir. Bu dərmanın ağciyər xərçəngindən başqa xəstələrdə tətbiq olunduğu klinik tədqiqat davam edir. Bu preparat (selparcatinib) RET mutasiyası aşkarlanan digər xərçəng növləri üçün də böyük ümid yaradacaq kimi görünür.
NTRK füzyonu müsbət kiçik hüceyrəli olmayan ağciyər xərçəngində larotrectinib
NTRK füzyonu adlı genetik dəyişikliyi olan bütün solid (bərk, orqan) xərçəng növlərində larotrectinib Noyabr 2018-ci ildə FDA-dan sürətləndirilmiş təsdiq almışdı. Dünya Ağciyər Xərçəngi Konfransında bu preparatın effektivliyinə dair yeni məlumatlar dərc edildi.
NTRK füzyonunun ağciyər xərçəngində görülmə nisbəti %0.2 kimi çox aşağıdır. Tədqiqata ümumilikdə 12 xəstə daxil edildi. Bu xəstələrdə müalicəyə cavab nisbəti %75 müəyyən edildi. Beyin metastazı olan xəstələrdə beyin metastazının cavab nisbəti %60 oldu. Metastatik ağciyər xərçəngində əvvəllər müalicə almış və xəstəliyi irəliləmiş xəstələrdə hədəfə yönəlmiş preparatla xüsusilə beyin metastazına qarşı belə cavabın əldə edilməsi olduqca həyəcanvericidir. Bu mutasiyanın aşkarlanma nisbəti çox aşağı olsa da, mutasiyanı daşıyan şəxs üçün böyük fayda kimi görünür.
EGFR mutasiyasını hədəfləyən yeni preparat almonertinib
EGFR mutasiyası, ağciyər adenokarsinomasında ən çox qarşılaşdığımız mutasiyadır. Bu mutasiyaya qarşı hazırlanmış dərmanlar uzun müddət istifadə edilə bilir, lakin zamanla onlara qarşı davamlılıq yarana bilər. EGFR müsbət ağciyər xərçəngində hədəfə yönəlmiş dərmanlara qarşı yaranan davamlılıqdan məsul ən mühüm mexanizmlərdən biri T790M gen mutasiyasıdır. Bu mutasiya aşkarlanan xəstələrdə bu hədəfə qarşı yeni hazırlanmış dərman olan almonertinib adlı preparatın tədqiqatı açıqlandı. Tədqiqata əvvəllər müalicə almış və müalicə zamanı xəstəliyi artmış xəstələr arasından T790M mutasiyası müsbət olan 244 xəstə daxil edildi. Müalicəyə cavab nisbəti %68 , xəstəliyi nəzarət altına alma nisbəti isə %93 müəyyən edildi. Bu fayda əvvəllər neçə xətt kimyaterapiya alınmasından asılı olmayaraq effektivliyini göstərdi. Bu sahədə daha bir yeni preparat effektivliyini nümayiş etdirdi. Bu dərman həmin sahədə istifadə etdiyimiz digər dərman olan osimertinibdən fərqli olaraq daha az yan təsirə malik idi. İshalın və dəri səpgisinin daha az görülməsi, həmçinin osimertinibdə qarşılaşdığımız ağciyər yan təsirlərindən pnevmoniyaya heç rast gəlinməməsi almonertinibin effektivliyi ilə yanaşı mühüm xüsusiyyəti idi. Tədqiqatın xəstəliyin pisləşməsinə qədər keçən müddəti, ümumi sağqalımı və beyindəki effektivliyi göstərəcək nəticələrini maraqla gözləyirik.
IMPOWER 131 tədqiqatı
Kiçik hüceyrəli olmayan ağciyər xərçəngində kimyaterapiya ilə immunoterapiyanın birlikdə istifadəsinin bəzi xəstə qruplarında effektiv müalicə yanaşması olduğunu atezolizumab adlı immunoterapiya preparatı ilə kimyaterapiyanın birgə istifadəsinin qiymətləndirildiyi IMpower131 tədqiqatından bilirik. Bu tədqiqatın yekun təhlil nəticələri Dünya Ağciyər Xərçəngi Konfransında təqdim edildi. IMpower 131 tədqiqatına bədənə yayılmış skuamoz (yastı) hüceyrəli ağciyər xərçəngi olan 1021 xəstə daxil edildi. Bu xəstələr əvvəllər heç bir müalicə almamışdılar. Tədqiqatda xəstələr iki qrupa bölündü; hər iki qrup oxşar kimyaterapiya dərmanlarını (karboplatin + nabpaklitaxel kimyaterapiya protokolu) alarkən, qruplardan birinə kimyaterapiya ilə yanaşı atezolizumab adlı PD-L1 inhibitoru olan immunoterapiya preparatı verildi. Əvvəlcə bütün xəstələr araşdırıldıqda atezolizumabın ümumi sağqalıma əlavə töhfəsi 0.7 ay (14.2 ayla 13.5 ayın müqayisəsində) müəyyən edildi. Lakin alt qrup təhlilində atezolizumab alan xəstələrdən PD-L1 səviyyəsi yüksək müsbət (%50 və daha çox) olanlarda atezolizumabın ümumi sağqalıma əlavə 13 ay (23.4 ayla 10.2 ayın müqayisəsində) qazandırdığı göstərildi. Bu töhfə skuamoz hüceyrəli ağciyər xərçənginin müalicəsində böyük uğurdur. Həmçinin bu tədqiqat əvvəllər müalicə almamış xəstələrdə immunoterapiyanın kimlərdə daha effektiv olduğunu göstərən PD-L1 səviyyəsinin əhəmiyyətini vurğulayır. Metastatik skuamoz hüceyrəli ağciyər xərçəngində immunoterapiyanın ümumi yaşam müddətinə töhfəsini göstərir.
Kiçik hüceyrəli ağciyər xərçəngində yeniliklər
Kiçik hüceyrəli ağciyər xərçəngi bir neçə il əvvələ qədər çox müalicə seçimimiz olmayan xərçəng növlərindən biri idi. 1970-ci illərdən bəri təxminən 60 müxtəlif dərman üzrə klinik tədqiqatlar aparılmış, lakin platin əsaslı kimyaterapiya rejimini əhatə edən müalicə strategiyasından başqa irəliləyiş əldə edilməmişdi. İmmunoterapiyaların kəşfi ilə əvvəlcə kimyaterapiyadan sonra xəstəliyi irəliləyən, bədənə yayılmış kiçik hüceyrəli ağciyər xərçəngində ikinci xəttdə effektivlik göstərilərək FDA təsdiqi alınmışdı. İkinci xəttdə, yəni kimyaterapiya istifadə etmiş və xəstəliyi irəliləmiş xəstələrdəki bu uğurdan sonra, heç kimyaterapiya almamış xəstələrdə, yəni birinci xətt müalicə kimi metastatik kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrdə kimyaterapiya ilə immunoterapiyaların birgə istifadəsinin verdiyi töhfələr Dünya Ağciyər Xərçəngi Konfransında açıqlandı.
Bu tədqiqatlardan biri ilk xəttdə kimyaterapiya ilə birlikdə durvalumab istifadəsinin qiymətləndirildiyi Faza III CASPIAN tədqiqatı idi. Platin-Etoposid kombinə kimyaterapiyasına durvalumab adlı PD-L1 inhibitoru olan immunoterapiya preparatının əlavə edildiyi bu tədqiqata 637 xəstə daxil edildi. Durvalumabın kimyaterapiyaya əlavə edilməsinin ümumi sağqalıma əlavə 3 ay qazandırdığı, müalicəyə cavab nisbətinin bu xəstələrdə daha yaxşı olduğu göstərildi. Yan təsirlər baxımından immunoterapiyalara bağlı yan təsirlərlə %20 nisbətində qarşılaşıldı. Lakin yan təsirlərin hamısı idarə edilə bilən idi. Uzun illər yeni müalicə yanaşması əldə edilə bilməyən kiçik hüceyrəli ağciyər xərçəngi üçün bu strategiya böyük uğur kimi qiymətləndirildi. Tədqiqatın digər qolunda isə kimyaterapiya ilə iki fərqli immunoterapiya preparatının birgə istifadə edildiyi (platin-etoposid kimyaterapiya protokolu ilə durvalumab və CTLA-4 inhibitoru trelimumabın birlikdə istifadə edildiyi) tədqiqat qrupu davam edir. Bu tədqiqatın nəticələrini həyəcanla gözləyirik.
Mənbələr
2. L. Paz-Ares, Y. Chen, N. Reinmuth, et al. Overall survival with durvalumab plus etoposide-platinum in first-line extensive-stage SCLC: results from the CASPIAN study. Presented at: IASLC 20th World Conference on Lung Cancer; September 7-10, 2019; Barcelona, Spain. Abstract OA02.02.
3. A.Drilon, G. Oxnard, L. Wirth, et al. Registrational results of LIBRETTO-001: a phase 1/2 trial of LOXO-292 in patients with RET fusion-positive lung cancers. Presented at: IASLC 20th World Conference on Lung Cancer; September 7-10, 2019; Barcelona, Spain. Abstract PL02.08.
4. Shun Lu, Qiming Wang, Guojun Zhang et al The Third Generation EGFR Inhibitor (EGFR-TKI) HS-10296 in Advanced NSCLC Patients with Resistance to First Generation EGFR-TKI
5. Alexander Drilon, Shivaani Kummar, Victor Moreno et al. Activity of larotrectinib in TRK fusion lung cancer
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.