Sisplatin və Etoposid kimyaterapiya rejimi - kiçikhüceyrəli ağciyər xərçənginin müalicəsi

Bu məqalədə
Sisplatin+Etoposid necə işləyir?
Sisplatin + Etoposid kimyaterapiyaları xərçəng hüceyrələrinin DNA-sına zərər verərək xərçəng hüceyrələrini öldürmək və xərçəng hüceyrələrinin yeni hüceyrələrə bölünməsinin qarşısını almaq üçün hazırlanmışdır.
Müalicənin məqsədi
Sisplatin + Etoposid geniş şəkildə kiçikhüceyrəli ağciyər xərçənginin birinci sıra müalicəsi məqsədilə verilir. Lakin kiçikhüceyrəli ağciyər xərçəngi tez-tez residiv verir (təkrarlanır), bu halda ikinci sıra müalicələr tövsiyə edilə bilər.
Tətbiq üsulu, doza və cədvəl
- Sisplatin 60 - 80 mg/m2 , 1. gün venadaxili (İntraVenöz = İ.V.) 2 saat ərzində yavaş-yavaş yeridilir. Bu şəkildə vena yolu ilə müəyyən müddətdə dərman yeridilməsinə infuziya deyilir.
- Etoposid 100 - 120 mg/m2, 1., 2. və 3. günlərdə 30 dəqiqədə infuziya şəklində verilir.
Adətən bu iki dərman eyni gün bir-birinin ardınca verilir. Sisplatin + Etoposid ümumilikdə xəstələrin müalicədən sonra evə qayıtdığı gündüz kimyaterapiya bölmələrində tətbiq olunur. Müalicənin ilk günü adətən beş saatı keçə bilər.
Radioterapiya tətbiq ediləcəksə, hər gündəlik dozadan əvvəl və ya sonra verilə bilər. Nadir hallarda yeni diaqnoz almış xəstələrdə ilk kursdan əvvəl radioterapiya verilə bilər.
Sisplatin + Etoposid hər 21 gündə bir təkrarlanır. Bu dövr kurs kimi tanınır. Hər kurs müalicəyə verilən cavaba və ya kimyaterapiyanın tolere edilib-edilməməsinə görə 4 ilə 6 dəfə təkrarlana bilər.
Kimyaterapiyaya əlavə olaraq həkiminiz şüa müalicəsi tövsiyə edə bilər.
Yan təsirlər
Çoxdərmanlı rejimlərdə hər dərmanın özünəməxsus yan təsiri vardır. Həmçinin iki dərmanın birlikdə verilməsi ilə fərqli yan təsirlər də yarana bilər. Yan təsirlər aparılan klinik tədqiqatların nəticələrinə görə təxmin edilmişdir. Klinik tədqiqatlarda Sisplatin+Etoposid ilə bağlı ən çox görülən yan təsirlər aşağıdakılardır:
- Anemiya (oksigen daşıyan qırmızı qan hüceyrələrinin sayının azalması) (85%)
- Qusma (60-70%)
- Çəki itkisi (58-68)
- Qanaxma riski (aşağı trombosit sayına bağlı olaraq) (65%)
- Qida borusu infeksiyası (ezofagit) (37-56%)
- Qızdırma (38-45%)
- İnfeksiya (20-27%)
İzləmə
Nə qədər tez-tez izləmə lazımdır?
Qan analizləri hər kimyaterapiya kursundan əvvəl yoxlanmalıdır. Lazım olan qan analizləri tam qan sayımı (hemoqram), geniş metabolik panel (biokimya) və qanda maqnezium səviyyəsidir. Həkimin tövsiyəsinə görə başqa qan analizləri əlavə edilə bilər.
Görüntüləmə (radioloji müayinə) nə qədər tez-tez lazımdır?
Görüntüləmə müalicədən əvvəl, daha sonra adətən dörd ilə altı kimyaterapiya kursundan sonra aparılır. Ağciyər rentgeni, Maqnit Rezonans Görüntüləmə (MRG), Kompüter Tomoqrafiyası (BT) və ya Pozitron Emissiya Tomoqrafiyası (PET) istifadə olunan görüntüləmə üsullarındandır.
Qan analizi və ya görüntüləmə nəticələri müalicəyə necə təsir edir?
Nəticələrdən asılı olaraq həkiminiz sisplatin+etoposid istifadəsinə planlaşdırdığı kimi davam edə, dozanı dəyişə və ya müalicəni dəyişdirə bilər.
Diqqət edilməli məqamlar
- Sisplatin böyrəklərə zərər verə bilər. Zədə adətən geri dönəndir. Həkiminiz böyrək zədəsi əlamətləri üçün qan analizlərinizi izləyir və böyrəklərinizi qorumaq üçün sisplatin müalicəsindən əvvəl və ya sonra venadaxili mayelər verə bilər. Mayeyə ehtiyacınız olduğunu düşünürsünüzsə, həkiminizə məlumat verin.
- Bu ikili kimyaterapiya rejimindən sonra müdafiə hüceyrələrinin sayı nəzərəçarpacaq azalan xəstələrə profilaktika məqsədilə GCSF adlandırdığımız qan hüceyrəsi böyümə faktoru inyeksiyası (filgrastim, lenograstim, pegfilgastrim kimi) tətbiq edilə bilər.
- Onkologiya əczaçınız dərmanların bir-biri ilə qarşılıqlı təsirinin olub-olmadığını yoxlamalıdır.
Ayrı-ayrı dərmanların etiket məlumatları
Sisplatin
Təsir mexanizmi
- Sisplatinin xərçəng hüceyrələrinə təsiri DNA-dakı purin əsasları ilə çarpaz bağlanma qabiliyyəti ilə əlaqəlidir; DNA təmir mexanizmlərinə müdaxilə edərək DNA zədəsi yaradır və sonra xərçəng hüceyrələrində proqramlaşdırılmış hüceyrə ölümü olan apoptozu tətikləyir.
- Sisplatin adətən bir ilə iki saat ərzində verilən venadaxili (I.V.) infuziyadır.
- Sisplatin böyrək zədəsi yaratma potensialı olan kimyaterapiya dərmanıdır, buna görə bol venadaxili maye ilə birlikdə verilir.
- Aşağı qan göstəriciləri, ürəkbulanma, qusma və eşitmə itkisi verdiyi digər zərərlər ola bilər.
- Böyrək funksiyaları zəif və ya sümük iliyi toksikliyi (aşağı qan göstəriciləri) olan xəstələr üçün doza tənzimlənməsi lazım gələ bilər.
- Sisplatin insan dölü üçün təhlükəlidir. Buna görə qadın xəstələr bu dərmandan istifadə edərkən hamiləlikdən çəkinməlidirlər
- Qadınlar sisplatin istifadə edərkən əmizdirməməlidirlər.
- Bazarda Cisplatin, Cisplatinum, Kemoplat, Placis adları ilə mövcuddur.
Ümumi sisplatin yan təsirləri
- Yaşlı xəstələrdə böyrək problemlərinə səbəb ola bilər.
- İlk 24 saat ərzində ürəkbulanma və qusma görülə bilər və müalicədən sonra iki ilə beş gün də davam edə bilər. Onkologiyada istifadə olunan yeni nəsil ürəkbulanma dərmanları ilə sisplatinin ürəkbulanma yaradan təsiri artıq idarə oluna bilir.
- İshal
- Qırmızı qan hüceyrələrinin sayının azalması
- Qulaq cingiltisi kimi eşitmə problemləri ola bilər. Buna görə müalicəyə başlamazdan əvvəl eşitmə testi aparıla bilər. Uşaq xəstələrdə hər dozadan əvvəl və müalicə tamamlandıqdan sonra bir neçə il ərzində eşitmə testi aparılmalıdır.
- Maqnezium, kalium, kalsium, natrium və fosfat kimi qan elektrolitləri azala bilər.
- Görmə problemləri ola bilər. Müalicə bitdikdə bu problemlər yaxşılaşır.
- Müalicə bitdikdə yaxşılaşan qaraciyər toksikliyi ola bilər.
- Əlaqəli mövzu: İnqilab yaradan xərçəng dərmanı Sisplatin və təəccüblü hekayəsi
Etoposid
Təsir mexanizmi
- Etoposid DNA topoizomeraza II adlı fermentin fəaliyyətini əngəlləyir və beləliklə ayrılmış DNA-nın yenidən birləşməsinin qarşısını alır. Bu, hüceyrə bölünməsinin mitoz öncəsi mərhələsində DNA sintezində ciddi səhvlərə səbəb olur və xərçəng hüceyrəsinin proqramlaşdırılmış hüceyrə ölümü olan apoptozuna səbəb ola bilər.
- Etoposid 30 dəqiqədə verilən venadaxili (I.V.) infuziyadır.
- Etoposid qreypfrut şirəsi ilə qarşılıqlı təsirə girir və arzuolunmaz yan təsirlərin yaranmasına səbəb ola bilər.
- Böyrək və ya qaraciyər funksiyaları zəif olan xəstələr üçün doza tənzimlənməsi lazım gələ bilər.
Ümumi etoposid yan təsirləri
- Müvəqqəti saç tökülməsi görülə bilər. Etoposid müalicəsi bitdikdən sonra saçlar yenidən uzanmağa başlayır.
- İshal, ağız yaraları, ürəkbulanma kimi mədə-bağırsaq sisteminə təsir edən yan təsirlər geniş yayıla bilər.
- Nadir hallarda ikincili xərçəngin inkişafı ilə əlaqəlidir və adətən müalicədən 2-3 il sonra ortaya çıxır.
- Qırmızı qan hüceyrələrinin sayı azala bilər.
Kiçikhüceyrəli ağciyər xərçənginin əlamətləri və diaqnozu
Mənbələr
Twice-Daily Compared With Once-Daily Thoracic Radiotherapy In Limited Small-Cell Lung Cancer Treated Concurrently With Cisplatin And Etoposide.
N Engl J Med 1999
2. Saito H, Takada Y, Ichinose Y, et al.
Phase II Study of Etoposide and Cisplatin With Concurrent Twice-Daily Thoracic Radiotherapy Followed by Irinotecan and Cisplatin in Patients With Limited-Disease Small-Cell Lung Cancer: West Japan Thoracic Oncology Group 9902.
J Clin Oncol 2006
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.