Mitoz bölünmə nədir? Xərçəngin olmazsa olmazı!

Bu məqalədə
Orqanizmimizin əsas quruluş vahidi hüceyrələrdir. Hüceyrələrimiz birləşərək toxumaları, toxumalar isə birləşərək orqan və sistemləri əmələ gətirir. Həyati hadisələrin həyata keçməsi üçün hüceyrələrimizin çoxalması lazımdır.
Hüceyrələr aşağıdakı hallar üçün çoxalır;
- yaşlanan, ölən hüceyrələrin yerinə yeni hüceyrələrin yaranması,
- zədələnmiş toxumaların yenilənməsi,
- böyümə və inkişaf
Lakin orqanizmimizdəki hüceyrələrin böyümə və bölünmə qabiliyyəti məhduddur. Bəzi hüceyrələrimiz tez-tez bölünüb çoxalarkən əzələ və sinir hüceyrələri çoxala bilmir. Orqanizmimizdə “məhdudiyyətsiz” çoxalma qabiliyyətinə malik hüceyrələr isə kök hüceyrələrdir. Yetkin fərddə bu hüceyrələr az sayda olur.
Mitoz bölünmə nədir?
Hər biri eyni sayda və növdə xromosomlara malik iki qız hüceyrənin yaranması ilə nəticələnən hüceyrə bölünməsinə "mitoz" deyilir. Mitoz bölünmədə hüceyrə ikiyə bölünərək "genetik" baxımdan bir-birinin eynisi olan iki hüceyrə yaradır.
Orqanizmimizdə təxminən 30 trilyon hüceyrə vardır və hər gün hüceyrələrimizin təxminən 300-də biri bölünür. Yəni 100 milyard hüceyrəmiz hər gün mitoz bölünmə keçirir.
Mitoz bölünmənin mərhələlərini aşağıdakı şəkildə görə bilərsiniz

Mitoz bölünmədə 3 əsas hadisə vardır:
- Hüceyrə bölünmədən əvvəl genetik məlumatını köçürməlidir. Qız hüceyrələrə “genetik məlumatın” bərabər miqdarda paylanması üçün DNA replikasiyası (köçürmə) həyata keçirilir.
- Köçürülmüş xromosomların hüceyrələrə bərabər miqdarda ayrılması lazımdır. İy telləri xromosomları hər hüceyrəyə doğru çəkir.
- Xromosomlar hər hüceyrəyə paylandıqdan sonra hüceyrə görünən şəkildə ikiyə ayrılır. Buna sitokinez (sitoplazma) bölünməsi deyilir.
Təkcə bir hüceyrənin mitoz keçirməsi təxminən 24 saat çəkir. Bu müddətin böyük hissəsini hüceyrənin bölünməyə hazırlığı təşkil edir.
Mitoz bölünmənin xərçəngdə rolu nədir?
Mitoz bölünmə olmadan xərçəngin yaranması mümkün deyil. Buna görə mitoz və xərçəng yaxından əlaqəlidir. DNA-da yaranan zədələrin, yəni mutasiyaların toplanması nəticəsində hüceyrə nəzarətsiz çoxalmağa başlayır.
1 gündə 100 milyard hüceyrəmiz mitoz bölünməyə uğrayır. Bunu çox intensiv işləyən fabrikdən gündə 100 milyard yeni məhsul çıxması kimi düşünək. İstehsal xəttində mütləq müxtəlif səhvlər olacaq, bu səhvlərə mutasiya deyirik. Mutasiya milyonda bir ehtimal olsa belə bu, gündə 100 min yeni mutasiya deməkdir. Əslində fabrikimiz elə mükəmməl işləyir ki, həyatımız boyu DNA bərpa genləri vasitəsilə gündə 100 min mutasiyanı bərpa edir. Lakin məsələn, illərlə çəkilən siqaret kimi kanserogenlər və ya xroniki iltihaba səbəb olan piylənmə ilə bağlı yaranan mutasiyalar artaraq və toplanaraq, hüceyrələrimizin bərpa qabiliyyətini aşır və nəzarətsiz hüceyrə çoxalmasını, yəni xərçəngləşməni tətikləyir….
Xərçəng hüceyrələrindəki mutasiyaları araşdırdıqda onların çoxunun "mitoz bölünmədə" iştirak edən genlərdə yarandığını görürük.
Bu gün bir çox xərçəng dərmanı mitoz bölünməni hədəfləyəcək şəkildə hazırlanmışdır. Müxtəlif xərçəng növlərinin mitoz nisbətləri də bir-birindən fərqlidir; bu vəziyyət patoloji hesabatlarda "tez-tez mitoz" və ya "seyrək mitoz" kimi ifadə edilir. İntensiv mitoz keçirən xərçənglər sürətlə yayılmağa meyilli olsa da, mitoza təsirli xərçəng dərmanları bu xərçənglərdə daha çox fayda verir. Mövzu ilə bağlı növbəti yazımızda “mitoz bölünməni hədəfləyən xərçəng dərmanları”nı tapa bilərsiniz.
Marağınızı çəkə bilər: XƏRÇƏNG NƏDİR? Niyə və necə yaranır? Qısaca bütün proses!
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.