E-siqaretlərin siçanlarda xərçəng yaratdığı göstərildi

Bu məqalədə
Nikotin çatdırma vasitəsi kimi fəaliyyət göstərən elektron siqaretlər getdikcə populyarlaşan tütün məhsullarıdır. Tütün tüstüsünün insan sağlamlığı üçün böyük təhlükə olduğu artıq sübut edilsə də, elektron siqaret tüstüsü barədə tədqiqatlar hələ davam edir. 7 Oktyabr 2019-cu ildə PNAS adlı jurnalda dərc olunan yeni tədqiqat isə elektron siqaretin xərçəng yaranması ilə əlaqəsini üzə çıxarmışdır.
Tədqiqatda elektron siqaret tüstüsünün DNA zədəsini stimullaşdırdığı, siçanın ağciyər və sidik kisəsi toxumasında DNA təmirini əngəllədiyi müəyyən edilmişdir. Nikotin eyni növ DNA əlavələrini stimullaşdırır və insan hüceyrələrində DNA təmirini oxşar şəkildə əngəlləyir. Nikotin həmçinin insan hüceyrələrinin mutasiyaya və şiş inkişafına həssaslığını artırır. Mövcud nəticələr elektron siqaret tüstüsünün siçanlarda ağciyər karsinogeni (xərçəng yaradan) və potensial sidik kisəsi karsinogeni olduğunu göstərmişdir.
Elektron siqaretlər stimullaşdırıcı nikotini çatdırmaq üçün tütün məhsullarının təhlükəsiz alternativi kimi bazara çıxarılır və istifadəsi xüsusilə gənclər arasında populyarlaşır. Yaxın zamanda aparılmış tədqiqata görə e-siqaret tüstüsünə məruz qalmış siçanların ağciyər, ürək və sidik kisəsi selikli qişasında intensiv DNA zədəsi aşkarlanmışdır. Həmçinin ağciyərlərdə DNA təmirinin azaldığı da göstərilmişdir. Nikotin və nikotin törəməsi nitrozamin keton isə insan ağciyər toxuması və sidik kisəsi hüceyrələrində eyni zərərli təsirləri yaradır. Bu nəticələr e-siqaret tüstüsünün nikotinə əlavə olaraq ağciyər və sidik kisəsi karsinogeni olma ehtimalını artırır. E-siqaret istifadəsinin son 10 ildə populyar olduğu nəzərə alındıqda e-siqaret tüstüsü ilə insanlarda yaranan xərçənglərin əlaqəsinin tam müəyyənləşdirilməsi qeyri-müəyyən qalsa da, bu tədqiqatda onun siçanlara təsiri sınanmış və göstərilmişdir.
E-siqaret tüstüsü ağciyər adenokarsinomasını stimullaşdırır
Tütün çəkənlərdə ağciyər və sidik kisəsi xərçənginin inkişafı 2 ildən uzun sürdüyü üçün təcrübədə 54 həftəlik məruzqalmadan sonra şiş yaranması araşdırılmışdır. Siçanların anatomiyasına ümumi baxışda dəridə, qarın boşluğunda, bağırsaqlarda və ağciyərlərdə şişəbənzər böyümə görünmüşdür. Bu toxumalar mikroskopik də araşdırılmışdır. Nəticələr e-siqaret tüstüsünə məruz qalmış 40 siçanın 9-da (% 22,5) ağciyər şişi inkişaf etdiyini göstərir. 3 patoloqun histoloji araşdırmasına məruz qalan bütün ağciyər şişləri adenokarsinoma kimi müəyyən edilmişdir.
E-siqaret tüstüsü sidik kisəsinin urotelial hiperplaziyasını stimullaşdırır
Heç bir təcrübə qrupunun sidik kisəsində gözlə görünən şiş aşkarlanmasa da, histoloji araşdırmada e-siqaret tüstüsünə məruz qoyulmuş siçanların sidik kisəsi uroteliumunda dəyişikliklər aşkar izlənmişdir (urotelium sidik kisəsinin daxili səthini örtən nazik qata verilən addır və sidik kisəsi şişləri ən çox buradan inkişaf edir).
Ümumilikdə e-siqaret tüstüsünə məruz qalmış 40 siçanın 23-də (% 57.5) sidik kisəsi toxumasında hüceyrə sayının artmasından yaranan toxuma böyüməsi (urotelial hiperplaziya) meydana gəlmişdir.
Nəticə olaraq, e-siqaretlər insanlara uzunmüddətli təsirləri və siqaretdən daha təhlükəsiz olub-olmadığı hələ bilinməyən, lakin indiyədək aparılmış tədqiqatların göstərdiyi qədər sağlamlığa mənfi təsir və nəticələr yaradan cihazlar kimi qarşımıza çıxır. Bununla yanaşı, asılılığa, xüsusilə gənclərin, hətta uşaqların nikotin asılılığına yol açdığı üçün də son dərəcə təhlükəli potensial daşıyır.
2017-ci ildə lisey şagirdləri arasında e-siqaret istifadəsinin % 11.7-dən 2018-ci ilə qədər qısa müddətdə yüzdə 78 artaraq % 20.8 səviyyəsinə çatması, ABŞ-da 12-17 yaşlarında əvvəllər e-siqaret sınamış və ya sınamağa açıq təxminən 10.7 milyon şagirdin olması bu barədə tədqiqatların izlənməsini və daha ehtiyatlı yanaşmanı tələb edir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.