Həkimin gözü ilə xəstə olmaq – Görməzliyə vurulmaq və dəyişən baxış bucağı

Bu məqalədə
Xərçəng xəstəsi kimi həkimlər tərəfindən görməzliyə vurulduğunu hiss etdi. Həkim kimi isə sistemi dəyişmək qarşısında özünü çarəsiz hesab etdi…
Gənc xəstəm qarşımda oturmuşdu və artıq sakit qala bilmirdi. Sol əlini möhkəm yumruq etmişdi, sağ əli isə titrəyirdi. Boynunda qırmızı ləkələr vardı və soruşdu: “Niyə xəstəyəm?”
Bu sualı ilk dəfə vermirdi. Ona qayğı göstərən mən, digər həkim və tibb bacısı həmkarlarım xəstəliyin səbəbləri və risk amilləri haqqında bildiklərimizi onunla bölüşərək sualına cavab verdik. Lakin sualı texniki sual deyildi, bundan daha artıq məna daşıyırdı.
Xəstə olmaq ona ağır gəlir, fərqli olmağa nifrət edirdi.
Diaqnoz ona ədalətsiz görünürdü. Musiqi məktəbinə getmək, dostlarına şəkillər göndərmək və aşiq olmaq istəyirdi. Lakin bunun əvəzinə mən də daxil olmaqla həkimləri onu izləyərkən, o, xroniki xəstəliyin müalicəsini optimallaşdırmaq üçün xəstəxanada yatırdı.
Diaqnozun həyatını ələ keçirdiyini hiss edirdi
Bu hissi tanıyıram. 20-li yaşlarımda mənə kolon (yoğun bağırsaq) xərçəngi diaqnozu qoyulmuşdu. Ailəmdə xərçəng anamnezi yox idi və xərçəngdən başqa mən də gümrah və sağlam idim. Pekində bir iş qurmaqla məşğul idim və yeni münasibətim vardı.
Xərçəng səyahətlərimi və işimi dayandırdı. Şüa terapiyası və kimyaterapiya aldım, əməliyyat olundum. 10 ay kolostomiya torbam oldu və bütün bunlardan sonra ağciyərlərimdə ciddi qan laxtaları problemi yaşadım.
Sağ qalmağa çalışarkən sanki həyatın kənarında oturduğumu hiss etdim. Dostlarımın əyləncələrə getməsini, ailə qurmaq planlarını və işlərində uğur qazanmasını izləyirdim. Qoluma qoşulmuş kimyaterapiya dərmanının damcılamasına baxarkən, ürəyim bulananda və ya yata bilmədiyim hər gecə özümə xəstəmin də mənə verdiyi sualı verirdim: Niyə xəstəyəm?
Xəstə olmaq qorxuludur. Həkimlərimin məndən necə hiss etdiyimi soruşmasını istəyirdim, lakin onlar çox vaxt bunu etmirdilər. Bu laqeydliyin həqiqi olub-olmadığını düşünürdüm.
Müalicəm başa çatanda artıq həkim olmaq istədiyimi anladım. Məni xilas edən bu sistemə qayıtmalı və digər xəstələrə kömək etməli idim. Həmçinin həkimlərin niyə mənim “xəstəlik təcrübəmi” anlamadığını başa düşmək istəyirdim. Sürətli vizit zamanı və ya adi halda səthi şəkildə “Sualınız varmı?” deyə soruşmaq və ya empatiya qura bilməmək. Həkimlərin xəstəliyi həqiqətən anlayıb-anlamadıqlarını həmişə düşünürdüm: xəstə olmaq necə bir şeydir?
Tibb fakültəsinə daxil olanda bunun bir səbəbini tapdım – xəstələrin səsinin çatışmaması. Xəstələr dərsliklərimizdə və slaydlarda vardı, lakin həqiqi müəllimlər kimi yox. Gənc, ağıllı və sağlam həmkarlarımın çoxu üçün xəstəlik dərsliklərin sadəcə bir hissəsi idi.
Əlaqəli mövzu: Zamanın dayandığı an: XƏRÇƏNG DİAQNOZU ALMAQ!
Bəzən həkimlər də xəstələnir və bundan sonra istifadə etdikləri dərmana baxışlarının dəyişdiyini yazırlar. Xəstəxana çarpayılarında tənha və çaşqın halda öz xəstələrinin hiss etdiklərini yaşayırlar. Həmin andan sonra fərqli həkim olmaq istədiklərini söyləyirlər.
Bəs niyə xəstəlikləri anlamaları üçün həkimlərin xəstələnməsini gözləyirik?
Empatiya öyrədilə bilən hissdir. Bu hiss tibb fakültələrinə daha çox humanitar fənn daxil etməklə və tələbələrə öz hekayələrini bölüşmək üçün imkan yaratmaqla inkişaf etdirilə bilər. Lakin biz həkimlərə empatiyanı öyrədəcək ən əsas müəllimlər lap yaxınımızdadır – xəstələr. Təəssüf ki, xəstələr tibb təhsilində lazım olduğu qədər yer almırlar. Təcrübəli həkimlərin bir qrup tələbə ilə apardıqları sürətli vizitlərdə xəstələr çox vaxt passiv iştirakçı olurlar.
Xəstələr müəllim olmalıdır
Tibbdə ixtisaslaşmış istənilən professor qədər əhəmiyyətli olmalıdırlar. Tələbələrə dərs verməyə dəvət edilməlidirlər. Niyə ciddi xəstəlikləri olan xəstələrin rəhbərlik etdiyi müzakirə qrupları yoxdur? Niyə anatomiya və fiziologiya təhsilində iştirak etmirlər? Xəstələrlə bu ünsiyyət sonradan onların səhiyyə xidməti alarkən hiss etdiklərini canlandırmaq üçün təşkil olunan, insanı həmin vəziyyətə daxil edən təcrübələrlə gücləndirilə bilər. Həkimlərin empatiya bacarıqlarını inkişaf etdirməyin və onların bu vəziyyətə daha diqqətli yanaşmasının onları tükənmişlikdən qorumaq və ya xəstələrin vəziyyəti yaxşı olmadıqda yaşadıqları hisslərin öhdəsindən gəlmələrinə kömək etmək baxımından faydalı ola biləcəyinə inanıram.
Bəzi tədqiqatlara görə, tibb təhsili gələcək həkimlərin daha az empatiya qurmasına səbəb olur. Tələbə və rezidentlərin tibb fakültəsində təhsilləri boyunca başlanğıcdakı şəfqətlərini getdikcə kinik fikirlər və eqo əvəz edir. Bunun bir neçə səbəbi var; onlardan biri tibb təhsilinə daxil olmuş düşmənçilik kimi görməyə başladığım hal ola bilər. Həmkarlarımın özlərini yaşlılardan, uyğunsuz davranışlardan, zorakılıqdan və onları həqiqi insan kimi deyil, elektron ekrandakı sətirlər kimi görən səhiyyə sistemindən qorumaq üçün geri çəkilmək istədiklərini müşahidə etdim.
Bunun necə hiss olduğunu anlamaq üçün hər kəsin xəstələnməsi vacib deyil. Gənc xəstəmlə eyni xəstəliyə sahib deyiləm, lakin ona dözmək üçün ruh verərkən xəstəliyimin mənə öyrətdiklərindən faydalana bilərəm.
“Bunun başına gəlməsinə görə təəssüf edirəm” deyirəm ona. Məyus olduğunu gördüyümü və bu diaqnozu almasının heç də ədalətli olmadığını düşünməsinin normal olduğunu söyləyirəm. O, əvvəllər heç bir həkimin ona bunları demədiyini bildirdi.
Əlbəttə, fikirlərini dəyişmirəm və yaşadıqları ilə bağlı ona rahatlıq verəcək sözlərim də yoxdur. Lakin onu bu cür anlayan ilk həkim mən olmamalı idim.
*
Yuxarıdakı yazı Dr. Ben Braverynin The Guardian-dakı "As a cancer patient, I felt dismissed by doctors. As a doctor, I am desperate for the system to change" adlı məqaləsinin tərcüməsidir.
*
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.