Hemangioma nə deməkdir, xərçəngdirmi, necə müalicə edilir?

Bu məqalədə
Hemangioma nədir?
Hemangiomaqan damarlarının sıx şəkildə bir yerə toplanmasından yaranır.
Hemangiomalar ən çox dəridə görülür və dəri hemangioması qan damarı yumağı şəklində parlaq qırmızı düyün kimi görünən doğum ləkəsidir.
Dəridə hemangioma ən çox üzdə, baş dərisində, döşdə və ya kürəkdə görülür. Hemangioma görməyə və ya nəfəs almağa mane olmadıqca adətən müalicəyə ehtiyac yoxdur.
Demək olar ki, hər orqanda görülə bilən hemangiomalar dəridən başqa ən çox qaraciyərdə görünür. Yazının ikinci hissəsi qaraciyər hemangioması haqqındadır.

Uşaqlıq dövrü hemangioması
Damar xalı da adlandırılan dəri hemangioması həyatın ilk ilində böyüyür, sonra zamanla düzəlir. Körpəlikdə hemangioması olan uşaq adətən 10 yaşına çatdıqda hemangioma böyük ölçüdə nəzərə çarpmayan hala gəlir.
Doğuşda hemangioma mövcud ola bilər, lakin həyatın ilk bir neçə ayında daha çox görülür. Bədəndə, adətən üzdə, baş dərisində, döşdə və ya kürəkdə yastı qırmızı damar xalı kimi başlayır. Adətən uşağın yalnız bir hemangioması olur.
Uşağınızın ilk ili boyunca qırmızı nişan sürətlə böyüyür və dəridən qabaran süngərəbənzər kütləyə çevrilir. Hemangioma sonra istirahət mərhələsinə daxil olur və nəhayət yavaş-yavaş yox olmağa başlayır.
Bütün hemangiomaların təxminən yarısı 5 yaşına qədər sağalır və demək olar ki, hamısı 10 yaşına qədər çəkilir. Doğum ləkəsinin rəngi azalsa da, solğun, lakin qalıcı rəng dəyişikliyi və ya qabarıq dəri qala bilər.
Uşaqlıq dövrü hemangiomaları üçün nə vaxt həkimə müraciət etməli?
Uşağınızın həkimi rutin müayinələr zamanı hemangiomanı izləyəcək. Hemangioma qanayırsa, ağrılıdırsa və ya infeksiyalı görünürsə, uşağınızın həkimi ilə əlaqə saxlayın.
Vəziyyət uşağın qulluğuna, nəfəs almasına, eşitməsinə və ya əmməsinə təsir edirsə, tibbi yardım alın.
Uşaqlıq hemangiomasının səbəbləri?
Hemangioma anormal dərəcədə sıx əlavə qan damarları qrupundan yaranır. İrsi səbəblərinin ola biləcəyi düşünülsə də, qan damarlarının bu şəkildə toplanmasının səbəbləri aydın deyil.
Hemangiomalar kimlərdə daha çox görülür?
- Qız cinsi
- Vaxtından əvvəl doğulan körpələr
- Ağdərili körpələr
Uşaqlarda hemangiomanın diaqnozu
Diaqnoz üçün adətən test lazım deyil, dəridə yuxarıda təsvir edilən törəmə görüldükdə hemangioma diaqnozu qoyulur.
Uşaqlıq dövrü hemangioması necə müalicə edilir?
Hemangiomaların əksəriyyətinin heç bir müalicəyə ehtiyacı yoxdur. Bəzi valideynlər hemangiomanın formasını dəyişə və sosial və ya psixoloji problemlərə səbəb ola bildiyi üçün müalicənin lazım olduğunu düşünürlər. Həkimlər fiziki problemlərə səbəb olmayan hemangiomaları müalicə etməkdə tərəddüd edə bilər, çünki hemangiomalar adətən müalicəsiz tədricən yox olur və müalicələrin potensial yan təsirləri var.
Böyümə uşağınızın görməsinə mane olursa və ya digər problemlər yaradırsa, müalicə seçimlərinə bunlar daxil ola bilər:
- Beta-bloker dərmanı. Kiçik, səthi hemangiomalarda təsirlənmiş dəriyə timomol adlı beta-bloker sinfindən dərman gel kimi tətbiq edilə bilər. Digər beta-bloker dərmanı propranololun şərbəti ciddi infantil hemangiomanın müalicəsində istifadə edilir. Beta-blokerlər ürək dərmanlarıdır, yan təsirlərinə görə diqqətli olmaq lazımdır.
- Kortikosteroid dərmanlar. Beta-bloker müalicəsinə cavab verməyən və ya istifadə edə bilməyən uşaqlar üçün kortikosteroidlər (kortizon) seçim ola bilər. Düyünün içinə inyeksiya ilə, dəri üzərinə və ya ağızdan verilə bilər. Kortizonun uzunmüddətli istifadəsi böyümə geriliyinə səbəb ola bilər.
- Lazer əməliyyatı. Bəzən lazer hemangiomanı aradan qaldırmaq və ya hemangiomada ağrılı yaraları müalicə etmək üçün istifadə edilə bilər.
Daha az yan təsirlə digər müalicələri tapmaq üçün tədqiqat davam edir. Bəzi eksperimental müalicələr arasında interferon alfa və yerli immunbasdırıcılar var.
Uşağınızın hemangiomasını müalicə etdirməyi düşünürsünüzsə, müsbət və mənfi cəhətləri ilə bunu uşağınızın həkimi ilə danışın. Unutmayın, uşaqlıq hemangiomalarının çoxu 10 yaşına qədər öz-özünə yox olur.

Qaraciyər hemangioması
Qaraciyər hemangioması qaraciyərdə xərçəng olmayan (xoşxassəli) kütlədir. Qaraciyər hemangioması qan damarlarının sıx şəkildə toplanmasından yaranır. Qaraciyər hemangioması hepatik hemangioma və kavernoz hemangioma da adlandırılır.
Qaraciyər hemangiomalarının çoxu başqa vəziyyəti araşdırmaq üçün aparılan görüntüləmə (məsələn, ultrasəs) zamanı aşkar edilir. Qaraciyər hemangioması olan insanlar nadir hallarda əlamət və şikayət yaşayır, çox vaxt müalicəyə ehtiyac duymur.
Qaraciyərinizdə kütlə olduğunu bilmək, xoşxassəli olsa belə, narahatedici ola bilər. Müalicə edilməyən qaraciyər hemangiomasının qaraciyər xərçənginə gətirib çıxara biləcəyinə dair sübut yoxdur.
Qaraciyər hemangioması nadir hallarda olsa da aşağıdakı əlamət və simptomlara (şikayətlərə) səbəb ola bilər:
- Qarının sağ yuxarı hissəsində ağrı
- Yalnız az miqdarda yemək yedikdən sonra tox hiss etmək
- Ürəkbulanma
- Qusma
- Bununla belə, bu əlamətlər müəyyən vəziyyətə xas deyil və qaraciyər hemangiomanız olsa belə, başqa səbəblə bağlı ola bilər.
Sizi narahat edən hər hansı əlamət və simptom varsa, həkim qəbulu təyin edin.
Qaraciyər hemangioması niyə yaranır?
Qaraciyər hemangiomasının səbəbi aydın deyil. Qaraciyər hemangiomalarının anadangəlmə olduğu düşünülür, yəni onlarla doğulduğumuz mənasına gəlir.
Qaraciyər hemangioması adətən diametri təxminən 4 santimetrdən daha geniş olan tək anormal qan damarı yumağı kimi yaranır. Bəzən qaraciyər hemangiomaları daha böyük ola bilər. Kiçik uşaqlarda böyük hemangiomalar yarana bilər, lakin bu, çox nadirdir.
Əksər insanlarda qaraciyər hemangioması heç böyüməyəcək və heç vaxt heç bir əlamət və simptoma səbəb olmayacaq. Lakin az sayda insanda qaraciyər hemangioması fəsadlara (problemlərə) səbəb olacaq və müalicə tələb edəcək qədər böyüyəcək. Kimlərdə qaraciyər hemangiomasının problem yaradacaq qədər böyüyəcəyi aydın deyil.
Qaraciyər hemangiomasının əlamət və simptomlara səbəb olma riskini artıran amillər bunlardır:
- Yaş. Qaraciyər hemangioması hər yaşda diaqnoz edilə bilər, lakin ən çox 30 ilə 50 yaş arasında insanlarda diaqnoz edilir.
- Cins. Qadınlarda qaraciyər hemangioması diaqnozu kişilərdən daha çoxdur.
- Hamiləlik. Hamilə olan qadınlarda əvvəllər heç hamilə qalmamış qadınlara nisbətən qaraciyər hemangioması diaqnozu ehtimalı daha çoxdur. Hamiləlik zamanı artan estrogen hormonunun qaraciyər hemangiomasının böyüməsində rol oynaya biləcəyinə inanılır.
- Hormon əvəzedici müalicə. Menopauza şikayətləri üçün hormon əvəzedici müalicə istifadə edən qadınların istifadə etməyənlərə nisbətən qaraciyər hemangioması diaqnozu alma ehtimalının daha çox olduğunu demək olar.
Qaraciyər hemangiomasının mümkün fəsadları
Qaraciyər hemangioması diaqnozu qoyulmuş qadınlar hamilə qaldıqda fəsad riski ilə üzləşirlər. Hamiləlikdə artan qadın hormonu estrogenin bəzi qaraciyər hemangiomalarının daha çox böyüməsinə səbəb olduğuna inanılır.
Nadir hallarda böyüyən hemangioma qarının sağ yuxarı kvadrantında ağrı, şişkinlik və ya ürəkbulanma kimi müalicə tələb edə biləcək əlamət və simptomlara səbəb ola bilər. Qaraciyər hemangiomasının olması hamilə qala bilməyəcəyiniz demək deyil. Lakin mümkün fəsadları həkiminizlə müzakirə etmək daha məlumatlı seçim etməyinizə kömək edə bilər.
Qaraciyər hemangiomasının diaqnozu
Qaraciyər hemangiomalarının diaqnozunda istifadə edilən testlər və prosedurlar bunlardır:
- Ultrasəs (USG)
- Kompüter tomoqrafiyası (BT)
- Maqnit-rezonans görüntüləmə (MR)
Qaraciyər hemangioması necə müalicə edilir?
Qaraciyər hemangiomanız kiçikdirsə və heç bir əlamət və simptoma səbəb olmursa, müalicəyə ehtiyacınız yoxdur. Əksər hallarda qaraciyər hemangioması heç böyüməyəcək və heç problem yaratmayacaq. Hemangioma böyükdürsə, həkiminiz vaxtaşırı qaraciyər hemangiomanızı yoxlamaq üçün izləmə müayinələri planlaşdıra bilər.
Qaraciyər hemangiomasının müalicəsi hemangiomanın birdən çox olub-olmamasından, ümumi sağlamlıq vəziyyətinizdən, hemangiomanın yerindən, ölçüsündən və müdaxilə istəyib-istəməməyinizdən asılıdır.
Müalicə seçimlərinə bunlar daxil ola bilər:
- Əməliyyat. Hemangioma qaraciyərdən asanlıqla çıxarıla bilən vəziyyətdədirsə, həkiminiz kütləni çıxarmaq üçün əməliyyat tövsiyə edə bilər.
- Hemangioma da daxil olmaqla qaraciyərin bir hissəsini çıxarmaq üçün cərrahiyyə. Bəzi hallarda cərrahlar hemangioma ilə birlikdə qaraciyərinizin bir hissəsini çıxarmalı ola bilər.
- Hemangiomaya qan axınını dayandırma prosedurları (əməliyyatları). Qan təchizatı olmadan hemangioma böyüməyi dayandıra və ya kiçilə bilər. Hemangiomaya qan axınını dayandırmaq üçün ya əsas arteriya bloklanır (hepatik arteriyanın bağlanması), ya da arteriyaya dərman inyeksiya edilir (arterial embolizasiya). Sağlam qaraciyər toxuması yaxınlıqdakı digər damarlardan qan ala bildiyi üçün zərər görmür.
- Qaraciyər transplantasiyası əməliyyatı. Böyük hemangiomanız və ya digər yollarla müalicə edilə bilməyən çoxsaylı hemangiomalarınız varsa, həkiminiz qaraciyərinizi çıxarıb donordan alınan qaraciyərlə əvəz etmək üçün əməliyyat tövsiyə edə bilər.
- Şüa müalicəsi. Şüa müalicəsi hemangioma hüceyrələrini zədələmək üçün X şüaları kimi güclü enerji şüalarından istifadə edir. Daha təhlükəsiz və daha təsirli müalicələr mövcud olduğundan bu müalicə nadir istifadə edilir.
Qısaca, hemangiomalar xərçəng olmayan, çox vaxt heç bir şikayətə səbəb olmadığı üçün müalicə də tələb etməyən törəmələrdir. Müdaxilə lazım gələrsə, hemangiomanın yeri, insanın yaşı və seçimləri kimi amillər nəzərə alınır.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.