Homeopatiya səbəbindən bir uşaq həyatını itirdi

Aşağıdakı yazı "ənənəvi, tamamlayıcı və alternativ müalicələrin" dünya miqyasında aparıcı siması professor Dr. Edzard Ernst tərəfindən 8 iyun 2019 tarixində onlayn dərc edilmiş "Homeopatiya səbəbindən daha bir uşaq öldü" adlı məqalədən tərcümə edilib.
"Homeopatiya zərərsizdir; axı normal homeopatik dərmanın tərkibində aktiv maddə yoxdur!" Bu cür iddialarla tez-tez qarşılaşa bilərsiniz. Təəssüf ki, doğru deyillər. Homeopatik məhlullar çox vaxt (lakin gücünə və uyğun keyfiyyət nəzarətinə bağlı olaraq və tamamilə deyil) risksiz ola bilər, ancaq homeopatiya xəstələri öldürə bilər. Bu riski sübut edən ürəksıxıcı həyat itkisi siyahısı var. Bunu göstərən daha bir nümunə:
- Otitini (qulaq iltihabını) yalnız homeopatiya ilə müalicə etməyə qərar verdikdən sonra ölən yeddi yaşlı uşağın valideynləri ehtiyatsızlıqdan ölümə səbəb olmaqdan məhkum edildilər (mənbə 1).
- İtaliyanın Cagli di Pesaro şəhərində Francesco adlı uşaq 27 may 2017 tarixində ikitərəfli bakterial otitdən öldü.
- Ailəsi həyat itkisinə görə məsul tutuldu və üç ay həbs cəzası aldı.
- Valideynlər oğullarının müalicəsini 24 sentyabrda mühakimə ediləcək, Pesaroda homeopatlıq (homeopatiya həkimliyi) edən Massimiliano Mecozziyə etibar etmişdilər.
- Məhkəmə homeopatın xəstəni xilas edəcək antibiotiklər əvəzinə homeopatik məhsullarla müalicə tövsiyə etdiyini bildirdi.
- Francesco otitin ensefalitə çevrilməsindən (qulaq iltihabının beyinə yayılmasından) sonra öldü.
Başqa məqalə məhkəmə işi haqqında bir neçə əlavə təfərrüat təqdim edir:
Francesco orta qulaq iltihabından (otitis media) əziyyət çəkirdi. 55 yaşlı həkim Massimiliano Mecozzi uşağı homeopatik dərmanlarla müalicə etdi. Valideynlər Francesconu bir neçə gün sonra xəstəxanaya gətirəndə artıq çox gec idi: uşaq qısa müddət sonra öldü. "Corriere della Sera" qəzetinə görə valideynlər uşaqlarına üç yaşından bəri antibiotik verməməyə qərar vermişdilər. Francesconun xəstəliyi ağır soyuqdəymə və qızdırma ilə başlamışdı və valideynlərini uşaqlarını klinikasına gətirməyə təşviq edən homeopat həkim Mecozzi tez-tez ziyarət edirdi. Babası Maurizionun ifadəsinə görə "Həkimlərin uşağı kar edəcək və ya qaraciyərinə zərər verəcək dərman verəcəyini iddia edərək onları qorxutdu. Onlara Francesconun tezliklə sağalacağına söz verdi."
Lakin Francesconun vəziyyəti sonrakı günlərdə pisləşdi və infeksiya beyninə yayıldı. Valideynlər oğullarını təcili yardıma gətirəndə iltihablı abses yaranmışdı. Francesco təcili əməliyyat üçün Anconadakı xəstəxanaya gətirildi. Bu mərhələdə intensiv antibiotik müalicəsi də kömək etmədi və uşaq öldü.
"Corriere"yə görə həkimin şübhə doğuran karyerası var idi: həkimlər birliyindən müvəqqəti uzaqlaşdırıldıqdan sonra hətta supermarketdə və könüllü ekoloq kimi işləmişdi. Sonra təsisçiləri dələduzluqda ittiham olunan Varesedəki dini icma ilə əlaqə qurdu. Həkimin Pesarodakı homeopatlıq peşəsi barədə soruşanda Mecozzi "Bunu sizə danışmaqda maraqlı deyiləm" dedi.
Əlaqəli mövzular:
- Saxta xərçəng xəbərlərinin artması xəstələrin həyatını riskə atır
- Homeopatiya (durulaşdırılmış tibb) mütəxəssisləri həbs edildi - işlərinin saxta olduğu məlum oldu
Bu cür hallar faciəvidir və ümid edirəm(?) nadirdir!
Hadisənin səbəbi homeopatın səhlənkarlığıdır (yetərli tibbi qulluq göstərə bilməmək). Aydındır ki, belə səhlənkarlıq həmişə ölümcül olmaq məcburiyyətində deyil. Homeopatiya vasitəsilə tibbi səhlənkarlığın daha yüngül formalarının əslində kifayət qədər geniş yayıldığını təxmin edirəm (dəqiq rəqəmi heç kim bilmir). Hətta homeopatik müalicənin bir-biri ilə üst-üstə düşən üç kateqoriyaya daxil olan tibbi səhlənkarlığı əhatə etdiyini demək olar:
- Əksər hallarda homeopatiya tətbiqinin görünən əlavə təsirləri yoxdur və ya çox azdır. Məsələn, homeopat soyuqdəymə kimi öz-özünə məhdudlaşan vəziyyət üçün homeopatik dərman yazarsa, xəstə narahatlığın xoşgedişli və onsuz da müvəqqəti olması səbəbindən qısa zamanda sağalır (adətən homeopatiyanın təsirli olduğunu düşünür). Bununla belə, məhlulların xərci və bu təcrübənin yaratdığı saxta müalicəyə yanlış etibar kimi görünməyən zərər var (sonradan çox zərərli ola bilər).
- Bir çox halda səhlənkarlıq xəstələrin lazımsız yerə əziyyət çəkməsinə səbəb olur, çünki xəstəliklərinin optimal şəkildə təsirli müalicə edilməsi və ya gecikdirilməsi söz mövzusudur. Bir çox homeopatiya həkimi bunun adətən doğru olmadığını iddia edir, çünki bu xəstələr üçün paralel olaraq ənənəvi müalicələr də yazırlar. Lakin bu doğru olsa belə, bu homeopatlar yenə də resurs israfı zərəri verəcəklər.
- Bəzi hallarda homeopatiya çox ciddi zərərlərə səbəb olur və yuxarıdakı vəziyyətin göstərdiyi kimi, hətta ölümlərə gətirib çıxarır.
Əlaqəli mövzu:
Steve Jobs və minlərlə insan həyatı alternativ xərçəng müalicələrinə qurban verilir!
Mənbələr
Parents of boy who died after they treated earache with homoeopathy found guilty of manslaughter.
independent.co.uk - 09 June 2019
2. Edzard Ernst.
Another child has died because of homeopathy.
edzardernst.com/2019/06/another-child-has-died-because-of-homeopathy/ - 08 June 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.