İmmunoterapiya cavabının proqnozunda beyin-onurğa beyni mayesinin analizi

Bu məqalədə
Beyin-onurğa beyni mayesinə sızan immun sistemi hüceyrələrinin analizinin beyin metastazlarında şiş mikromühitinin müəyyən edilməsinə imkan verdiyini göstərən tədqiqat dərc edilib.
Tədqiqata görə, bu mikromühitin müəyyən edilməsi beyin metastazı olan pasiyentlərdə immunoterapiya cavabını proqnozlaşdıran yeni üsuldur.
Aşağıda "beyin-onurğa beyni mayesinin" anatomik izahını görmək olar:

- Əlaqəli mövzu: Beyin şişinin simptomları, mərhələləri və müalicəsi
İmmunoterapiyanın effektivliyi üçün beyin-onurğa beyni mayesinin araşdırılması
Anti-PD1, anti-PD-L1 və anti-CTLA4 ehtiva edən immun nəzarət nöqtəsi inhibitorları (immune checkpoint inhibitors = ICIs) bəzi beyin metastazları da daxil olmaqla proqressiv (irəliləyən) və ya metastatik solid (orqan) şişləri olan pasiyentlərdə əhəmiyyətli faydalar göstərib. Xüsusilə bu immun əsaslı müalicələr ağciyər xərçəngi və melanoma pasiyentlərinin bəzilərində daha yaxşı nəticələr verib. Bu şiş növləri (bütün xərçənglərin %30-40-nı təşkil edir) süd vəzi xərçəngi ilə birlikdə beyin metastazlarına səbəb olan ən geniş yayılmış üç xərçəng növüdür.
Nature Communicationsjurnalında dərc edilmiş tədqiqatda iştirak edən Joan Seoane belə söyləyir: “Bu xərçənglərin yaratdığı beyin metastazları olan pasiyentlərdə nəticələrin yaxşılaşdırılmasının böyük çətinliklərindən biri yeni metastazların birincili (əsas) şişdən son dərəcə fərqli ola bilməsi və beləliklə, immun əsaslı müalicələrə fərqli yolla cavab verməsidir.”
Beyin metastazları çətin xəstəlik gedişi ilə əlaqəli ən çox rast gəlinən beyin şişidir. Pasiyentlərin bir qismi immunoterapiya müalicəsindən faydalansa da, əksəriyyəti faydalanmır. Bu müalicələrə cavabı proqnozlaşdırmaq şiş nümunələrinin xarakterizə edilməsini tələb edir. Beyin şişlərinin anatomik yerləşməsi və cərrahi üsulun riski səbəbindən beyin metastazlarından nümunə götürmək çətindir.
Digər qrupların nəticələri kimi Joan Seona-nın rəhbərliyi ilə aparılmış əvvəlki tədqiqatın nəticələri də beyin-onurğa beyni mayesinin beyin şişlərinin genomik xüsusiyyətləri haqqında mühüm məlumat verə və buna görə maye / likvid biopsiya kimi istifadə edilə biləcəyini sübut edib.
Bu nəticələrin davamı olaraq tədqiqatçılar beyin-onurğa beyni mayesinin analizi ilə xərçəng hüceyrələrinin immunoloji vəziyyətinin effektiv müəyyən edilə bilib-bilməyəcəyini öyrənmək üçün bu araşdırmanı aparıblar.
Tədqiqatın təfərrüatları
Bu fərziyyəni sınamaq üçün Joan Seoane-nin komandası beyin metastazı olan 48 pasiyentdən alınmış beyin-onurğa beyni mayesi (BOS) nümunələrini analiz edib. Bu nümunələr, Barselona Klinik Xəstəxanasında nümunələrin istifadəsinə tam razılıq verənlər kimi Vall d’Hebron Universitet Xəstəxanasında (HUVH) müalicə alan pasiyentlərin fədakarlığı sayəsində əldə edilib. Nümunələrin toplanması bu xəstəxanaların Neyrocərrahiyyə xidmətlərinin səyi və təcrübəsi sayəsində mümkün olub.
Tədqiqatçılar beyin metastazlarında immun hüceyrələrinin mövcudluğunu qiymətləndiriblər və paralel olaraq beyin-onurğa beyni mayesinin immun hüceyrə profilini hazırlayıblar.
Hansı hüceyrə növlərinin mövcud olduğunu müəyyən etmək üçün beyin-onurğa beyni mayesinə baxıb metastatik lezyondan alınanlarla müqayisə ediblər.
Joan Seoane: “İkisi arasında oxşarlıqlar quraraq bu pasiyentlərdə immunoterapiyaya cavabı proqnozlaşdırmağa imkan verəcək yeni və minimal invaziv üsul müəyyən edirik. Bu qabaqcıl yanaşma immun əsaslı müalicə strategiyaları ilə həmin pasiyentlərin müalicəsində klinik qərarları daha dəqiq istiqamətləndirə bilər.”
- Əlaqəli mövzu: İmmunoterapiya və xərçəng peyvəndi
Beyin-onurğa beyni mayesini analiz etməklə Joan Seoane-nin komandası immun sisteminin şişi tanıyan T hüceyrələrini və onlardan müalicədə aktiv olanları müəyyən edə bildi.
Joan Seoane: “Hər T hüceyrəsinin müəyyən xərçəng hüceyrəsini tanıyan unikal ardıcıllığı var. İzləməyə və hədəfləməyə başlayanda bu hüceyrələr aktivləşir və çoxalmağa başlayır. Bu tədqiqat sayəsində immun hüceyrələrinin fərdi ardıcıllıqlarını müəyyən edə bildik və beləliklə, şişlə mübarizə aparan immun hüceyrələrini tanıdıq və zamanla necə təkamül etdiklərini ayırd etdik.”
Tədqiqat həmçinin Barselona Milli Genomik Analiz Mərkəzi – Genomik Tənzimləmə Mərkəzi (CNAG – CRG) ilə əməkdaşlıqda aparılıb. CNAG – CRG-nin Təkhüceyrəli Genomika Komandasının rəhbəri Holger Heyn-in rəhbərlik etdiyi tədqiqat qrupu scRNA-seq texnologiyası ilə 6000-ə yaxın hüceyrənin transkriptomunu (müəyyən hüceyrədəki bütün mRNA-ların toplusunu) sekvensləyib.
Holger Heyn bu tədqiqatı belə yekunlaşdırır: “Təkhüceyrəli transkriptom sekvenslənməsi bir neçə fərqli xəstəliyin izlənməsi və aşkarlanması üçün ən yüksək dəqiqliyi təmin edir. Həm metastazda həm də maye biopsiyada klonal T hüceyrələrinin müəyyən edilməsi xüsusilə maraqlıdır. Əhəmiyyətli olan budur ki, bu yanaşma sistemli xəstəliklərin aşkarlanması üçün yeni yollar açır.”
Nəticə
Tədqiqatın nəticələrinə görə, beyin-onurğa beyni mayesinə çatan immun hüceyrələri beyin metastazında müəyyən edilmiş hüceyrələrin xüsusiyyətlərini təkrarlayır və buna görə immun əsaslı müalicəyə cavab üçün yeni biomarkerlər yarada bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.