İnək südünü xərçənglə əlaqələndirən reklam yığışdırıldı

Sentyabr ayında İngiltərənin Bristol şəhərində veqan bir qrupun yanıltıcı reklamları diqqət çəkmişdi. Avtobusların üzərində yayımlanan reklamın həqiqətləri əks etdirmədiyi və insanları yanlış istiqamətləndirdiyi barədə etirazlar gecikmədi və şikayətlər daxil olmağa başladı. Reklamda “Bilmədiyinizi düşündüyümüz bəzi süd sənayesi həqiqətləri” başlığı altında bunlar deyilirdi: “İnəklərin əksəriyyəti sağım zamanı hamilədir. Buna görə süd estrogen də daxil olmaqla 35 hormon ehtiva edir. Bunlardan bəziləri də xərçənglə əlaqəlidir. Süd körpələr üçündür, ondan imtina edin!”
Reklam Standartları Qurumu etirazlardan sonra araşdırma başlatdı və kampaniyanı başladan veqan qrupdan iddialarını sübut etməyi istədi. Çünki məlumat inək südü içməyin xərçəngə səbəb ola biləcəyini eyham edirdi.
“Viva” veqan qrupu öz müdafiəsində hormonların “xərçəngin səbəbi” olduğunu deyil, hormonların “xərçənglə əlaqəli” olduğunu bildirdiklərini dedi. Lakin bu, xərçəng mütəxəssislərinin onsuz da təxminən 100 ildir bildiyi məsələdir (estrogenlə süd vəzi xərçənginin, testosteronla prostat xərçənginin əlaqəsi kimi). Bununla yanaşı, bu hormonlar kişilər və qadınlar üçün əvəzolunmazdır və hormon-xərçəng əlaqəsi hormon artıqlığının xərçəngə səbəb olmasından daha çox hüceyrə səviyyəsində hormon reseptorlarının və hüceyrə üçün böyümə yollarının anormal aktivləşməsi ilə əlaqəlidir.
Viva qrupu iddialarına dəstək olaraq estrogen hormonları və insulinəbənzər böyümə amili (IGF-1) daxil olmaqla inək südündə 35-dən çox hormonun olduğunu göstərdiyinə inandıqları bir sıra məqaləyə istinad etdi. Lakin Reklam Standartları Qurumu plakatda yanıltıcı reklamın olduğunu, təqdim edilən sübutların etibarsızlığını müəyyən etdi və reklamın yenidən yayılmasını qadağan etdi.
Reklam qurumu “Tədqiqatlar Vivanın inək südünün xərçənglə əlaqəli olduğu barədə iddialarını dəstəkləmirdi” deyə açıqlama verdi. Yəni Viva qrupu iddiaları üçün bəzi elmi nəşrlər göstərmişdi, lakin elmi nəşrlərin məzmunu onların iddiaları ilə ziddiyyət təşkil edirdi. Nəticədə Viva veqan qrupunun israrlı müdafiəsinə baxmayaraq reklamlar qadağan edildi.
İngiltərədə veqanlıq haqqında bəzi statistikalar
- İngiltərədə yarım milyondan çox insan veqan qidalanma rejiminə əməl edir.
- Veqan qadınların sayı veqan kişilərdən iki dəfə çoxdur.
- Veqanların %42-si 15-34 yaş qrupundadır.
- Bütün veqan əhalinin %88-ni şəhərlərdə yaşayan insanlar təşkil etdiyi halda, %12-ni kənd yerlərində yaşayan insanlar təşkil edir.
Qeyd: Vegetarian qidalanma qırmızı ət, balıq, ev quşları və bəzi hallarda yumurta, süd və süd məhsullarını istehlak etməmək deməkdir. Veqan qidalanma isə yumurta, süd məhsulları və bal kimi heç bir heyvan mənşəli məhsulu istehlak etməməkdir.
Mənbələr
telegraph.co.uk - 16 May 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.