İrsi anemiya üçün ilk dərman FDA təsdiqi aldı

Bu məqalədə
Hüceyrə proseslərində kritik ferment olan piruvat kinaz (PK) fermenti çatışmazlığının yetkinlərdə səbəb olduğu nadir və irsi hemolitik anemiyanın müalicəsi üçün sinfində ilk olan yeni dərman FDA (ABŞ Qida və Dərman İdarəsi) təsdiqi aldı.
Yeni dərman mitapivat (qutu adı Pyrukynd, biotexnologiya şirkəti Agios), PK çatışmazlığı olan xəstələrdə hemolizi (qırmızı qan hüceyrələrinin böyük miqdarda parçalanması) və anemiyanı (qanazlığı) əhəmiyyətli yaxşılaşdırdığını göstərən klinik sınaqlar əsasında təsdiqləndi.
Piruvat kinaz (PK) hüceyrə enerjisi istehsalı proseslərində kritik rolu olan fermentdir və çatışmazlığı nadirdir. Rastgəlmə tezliyinin bir milyon nəfərə təxminən üç ilə doqquz hadisə olduğu hesablanır. Lakin PK çatışmazlığı yəqin ki, səhv diaqnozlaşdırılır və ya diaqnoz qoyulmur; buna görə ümumi əhalidə dəqiq tezliyini müəyyən etmək çətindir.
Piruvat kinaz çatışmazlığı nədir?
PK çatışmazlığı qırmızı qan hüceyrələrinin erkən ölümünə/parçalanmasına səbəb olan və anemiyaya gətirən irsi pozuntudur. PK çatışmazlığının əlamətləri anemiyanın ağırlığına görə dəyişir və yorğunluq, qeyri-adi solğun dəri, sarılıq, təngnəfəslik və sürətli ürək döyüntüsünü əhatə edir. Xəstələrdə həmçinin dalaq böyüməsi, təkrarlanan qan transfuziyalarından qanda həddindən artıq dəmir yığılması və öd daşı inkişaf edə bilər.
Pyrukynd PK çatışmazlığı üçün təsdiqlənmiş ilk müalicədir və ömürboyu davam edən bu xəstəlik ərzində nəhəng çətinliklər və zəiflədici şikayətlərlə qarşılaşa bilən xəstələr üçün mühüm dönüş nöqtəsidir.
FDA təsdiqini gətirən klinik tədqiqatlar
FDA təsdiqin əsasını təşkil edən klinik məlumatların biri randomizə edilmiş plasebo nəzarətli, digəri təkqollu olan iki tədqiqatdan gəldiyini bildirdi. Bu tədqiqatlarda xəstələrə ilkin doza titrasiyası dövründən sonra gündə iki dəfə ağızdan 50 mg-dək mitapivat verilib.
Randomizə edilmiş (xəstə qəbulunun təsadüfi aparıldığı) klinik tədqiqat PK çatışmazlığı diaqnozu olan, lakin müntəzəm qan transfuziyası almayan 80 yetkini əhatə edirdi. Xəstələr təsadüfi olaraq mitapivat və ya plasebo almaq üçün iki qola ayrıldılar və orta hesabla 24 həftə izlənildilər. İlkin sonlanım nöqtəsi hemoqlobin cavabı əldə edən xəstələrin sayı idi (hemoqlobin konsentrasiyasında iki və ya daha çox planlı qiymətləndirmədə davam edən 1.5 g/dL və ya daha çox artım kimi müəyyən edilib). Tədqiqatın sonunda mitapivat alan iştirakçıların %40-ında hemoqlobin cavabı vardı, plasebo alan heç bir iştirakçıda isə hemoqlobin artımı yox idi.
Təkqollu tədqiqat müntəzəm qan transfuziyası alan PK çatışmazlığı olan 27 yetkini əhatə edirdi. Xəstələr median 40 həftə mitapivat aldılar. İlkin sonlanım nöqtəsi hər iştirakçının əvvəlki transfuziya yükü ilə müqayisədə müalicənin son 24 həftəsində köçürülən qırmızı qan hüceyrəsi vahidlərinin sayında ən azı %33 azalma kimi müəyyən edilən transfuziya yükü azalması idi. Nəticələr mitavipat alan iştirakçıların %33-ünün bu transfuziya yükü azalmasına nail olduğunu göstərir; iştirakçıların %22-si müalicənin son 24 həftəsində heç bir transfuziyaya ehtiyac duymadı.
Bildirilən ən geniş yayılmış əlavə təsirlər kişilərdə estrogen hormonlarının azalması, urat səviyyəsinin artması, kürək ağrısı və oynaq sərtliyidir. Aybaşı dövründə və doğuşa nəzarət həbi istifadəsi zamanı bu hormon səviyyələrinin normal dəyişikliklərinə görə estrogen hormonunun təsirləri qadınlarda etibarlı qiymətləndirilə bilməyib.
FDA doza düzəlişi tələb edə bilən dərman qarşılıqlı təsirləri və mitapivatın birdən dayandırılmasının qırmızı qan hüceyrələrinin erkən parçalanmasını pisləşdirə biləcəyi barədə xəbərdarlıq edir.
FDA bu müraciətin yetim dərman statusu, sürətləndirilmiş yol statusu və prioritet baxış aldığını qeyd etdi.
Şirkət mitavipatın Avropa İttifaqında da təsdiq gözlədiyini qeyd etdi. 2022 sonundan əvvəl qərar gözlənilir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.



Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.