İzah olunmayan sərxoşluq – Nadir hadisə? Avtomatik pivə zavodu sindromu

Bu məqalədə
Sərxoş vəziyyətdə avtomobil sürmək şübhəsi ilə saxlanılan Şimali Karolinadan olan 46 yaşlı kişi sərxoş halda maşın sürmək ittihamını qətiyyətlə rədd etdi. Alkoqol testindən imtina etdikdə xəstəxanaya aparıldı və həkimlər polisin şübhəsini təsdiqlədilər. Qanındakı alkoqol səviyyəsi ştatın qanuni həddindən iki yarım dəfə yüksək idi və bu şəxs sərxoş vəziyyətdə avtomobil sürməkdə ittiham edildi.
Həbsindən sonra bir il ərzində “sərxoşluğunun” səbəbi sirr olaraq qaldı. Xəstənin xalası Ohaioda bir klinikada uğurla müalicə edilən oxşar hadisə barədə öyrənəndə ona nə baş verdiyini anladı. Bu şəxsdə avtomatik pivə zavodu sindromu (auto brewery syndrome-ABS) var idi.
Bağırsaq fermentasiyası sindromu
Digər adı ilə bağırsaq fermentasiyası sindromu kimi tanınan ABS xəstələrin sərxoş görünməsinə və alkoqolizmin bütün tibbi və sosial nəticələrinə məruz qalmasına səbəb olan, nadir diaqnoz qoyulan qastrointestinal (mədə və bağırsaqlarla əlaqəli) vəziyyətdir.
Hadisəni BMJ Gastroenterologiyada təqdim edən Fahad Malik, "ABS həzm edilən karbohidratların qastrointestinal sistemdə göbələklər tərəfindən alkoqola çevrilməsi zamanı yaranır." dedi.
Xalasının təkidi ilə xəstə Ohaio klinikasına getdi və orada hamısı normal çıxan tam qan sayımı, əhatəli metabolik panel (böyrəklər, qan şəkəri, elektrolit haqqında məlumat verən testlər), immunologiya (immunitet) paneli və sidik analizi aparıldı.
Bununla belə, nəcis testi şərab, çörək və pivə istehsalında geniş istifadə olunan saccharomyces cerevisiae və saccharomyces boulardii olmaqla iki maya növünün mövcudluğunu üzə çıxardı.
ABS diaqnozunu təsdiqləmək üçün xəstəyə karbohidratlı yemək verildi və klinisistlər qanındakı alkoqol səviyyəsini izlədilər. 8 saat sonra alkoqol səviyyəsi 57 mg / dL-ə çatdı. Nəcisindəki saccharomyces göbələklərinə qarşı antifungallarla (göbələk infeksiyalarında istifadə olunan dərman növü) müalicə edildi və multivitaminlər, probiotiklər daxil olmaqla xüsusi əlavələrlə birlikdə ciddi karbohidratsız pəhrizlə evə buraxıldı, lakin başqa antifungal müalicə tətbiq edilmədi.
Malik probiotiklərin zərərli bakteriya və göbələklərin yaranmasına mane olduğunu, lakin hazırda ABS üçün faydalı olduqlarını göstərən sübutların mövcud olduğunu söylədi.
Xəstə tətbiq olunan müalicə rejiminə əməl etsə də, bir neçə həftə simptomsuz (əlamətsiz) qaldıqdan sonra aralıq kəskinləşmələr geri qayıtdı. “Sərxoşluq” yaşadığı anda yıxılaraq başını vurdu. Nəticədə kəllədaxili qanaxma keçirdi və neyrocərrahiyyə mərkəzinə köçürüldü. Xəstəxanada qaldığı müddətdə qanındakı alkoqol səviyyələri 50 ilə 400 mg/dL arasında dəyişirdi.
Bu hadisədə günahkar antibiotikdirmi?
Simptomlarının davam etməsinə üzülən xəstə onlayn forumdan dəstək istədi. Orada mürəkkəb və çox oxşar ABS hadisəsini müalicə etmiş Fahad Malik və qastroenteroloq Prasanna Wickremesinghe haqqında oxudu. Xəstə bu iki həkimlə əlaqə saxladı və onlar onu qiymətləndirdilər.
Malik, "Xəstəni A-dan Z-yə araşdırdıq, çünki tarixçədə oxşar şeylər axtarmağa çalışırdıq. Tam olaraq başladığı nöqtəni bilmək və şüur bulanıqlığı yaşamağa başladığı anı anlamaq istədik" dedi.
Xəstə ilə danışdıqdan sonra Malik və Wickremesinghe ilk simptomlarını 2011-ci ildə mürəkkəb travmatik baş barmaq zədəsi üçün təyin edilmiş antibiotik müalicəsinə (3 həftə ərzində gündə üç dəfə 250 mg sefaleksin) qədər izlədilər.
Xəstə antibiotikləri bitirdikdən təxminən bir həftə sonra depressiya, şüur bulanıqlığı və aqressiv partlayışlar daxil olmaqla nəzərəçarpan davranış dəyişiklikləri yaşadı.
2014-cü ildə müalicə üçün ailə həkiminə müraciət etdi, nəticədə psixiatra yönləndirildi və lorazepam (narahatlıq və yuxu pozuntusunu, aktiv tutmaları, alkoqoldan kəsilməni və kimyaterapiyaya bağlı ürəkbulanma ilə qusmanı müalicə etmək üçün istifadə olunur) və fluoksetin (antidepressant növü) ilə müalicə edildi. Xəstə əvvəllər sağlam olduğunu və əhəmiyyətli tibbi və ya psixiatrik keçmişinin olmadığını bildirdi.
Malik illər əvvəl təyin edilmiş antibiotiklərin günahkar olduğuna inanır. "Antibiotiklərin bağırsağının mikrobiomunu dəyişdirdiyini və göbələklərin inkişafına imkan verdiyini güman edirik" dedi.
ABS üçün müəyyənləşmiş diaqnostik meyarlar və ya müalicə rejimi olmadığından Malik və Wickremesinghe öz üsullarını hazırladılar.
Diaqnostika karbohidratlı yeməyə qarşı standart karbohidrat yükləmə testindən ibarət idi; xəstəyə gecə boyu ac qaldıqdan sonra ağızdan 200 qram qlükoza verdilər. Həmçinin qlükoza və qan alkoqol səviyyələrini yoxlamaq üçün müəyyən fasilələrlə, 24 saat ərzində xəstədən qan götürdülər.
Wickremesinghe, “Bundan sonra yuxarı və aşağı endoskopiya ilə bağırsaq ifrazatlarını araşdıraraq göbələkləri ayırmalıyıq” dedi. Yuxarı nazik bağırsaq və kor bağırsaq ifrazatlarından maya göbələyi kulturaları (Candida albicans və C parapsilosis) yetişdirdi.
Hər iki göbələk azollara (antifungal dərmanlar) həssas idi və həkimlər ilkin müalicə olaraq gündə 150 mg ağızdan itrakonazol (göbələk infeksiyasının müalicəsində istifadə olunan göbələkəleyhinə dərman) təyin etdilər. 10 gün sonra simptomlarında yaxşılaşma olmadığından doza gündə 200 mg-a qaldırıldı və xəstə tamamilə simptomsuz oldu.
Malik, "İzləyəcəyimiz heç nə yox idi. Xəstəni nə qədər müalicə edəcəyimizi bilmirdik; bu, həqiqətən yalnız sınaq və yanılma prosesi idi" dedi. Həkimlər xəstədən müalicə zamanı nəfəsindəki alkoqol səviyyələrini gündə iki dəfə yoxlamağı və hər hansı artımı dərhal bildirməyi istədilər. Zaman keçdikcə bağırsaq florasını normallaşdırmağa kömək etmək üçün müxtəlif probiotiklərlə müalicə aldı.
Diaqnoz qoyula bilməyən vəziyyət
Hadisə araşdırması 2019-cu ilin yayında dərc edilərkən xəstə 18 aydır simptomsuz idi və normal pəhrizə davam edə bilirdi. Lakin yenə də arabir nəfəsindəki alkoqol səviyyəsini yoxlayır.
Malik, "Bu xəstənin hadisəsindən əvvəl bütün ədəbiyyatı araşdırdım və yalnız bir neçə ABS hadisəsi tapdım" dedi. Bununla yanaşı, hadisə araşdırması dərc edildikdən sonra 10 fərqli şəxsin oxşar antibiotik istifadəsi tarixçəsi və eyni simptomlarla bağlı onunla əlaqə saxladığını əlavə etdi. Malik bunun vacib olduğunu və ABS-nin əvvəllər düşünüldüyündən xeyli geniş yayıldığını vurğuladı.
Wickremesinghe, "Etməyə çalışdığımız bu xəstələri müəyyənləşdirmək, diaqnozu təsdiqləmək və onları kifayət qədər müddət müalicə etmək üçün protokol yaratmaq idi" dedi. ABS-də probiotiklərin rolunun hələ araşdırılmalı olduğunu vurğulayan Malik, "Həmçinin digər həkimlərə bunun ABS xəstələrini müalicə etməyin standart yolu kimi işləyə biləcəyini və daha çox araşdırmanı təşviq edə biləcəyini bildirmək istədik" dedi.
Malik və Wickremesinghe həkimlərin alkoqol qəbulunu rədd edən xəstələrdə əhvali-ruhiyyə dəyişikliklərinin, zehni bulanıqlığın və deliriumun ABS-nin ilk simptomları ola biləcəyindən xəbərdar olmalı olduqlarını bildirirlər.
Wickremesinghe hadisə araşdırması dərc ediləndən bəri Malik ilə birlikdə dünyanın hər yerindən suallar aldıqlarını söylədi. "Məqaləyə maraq inanılmazdır, buna görə tibb ictimaiyyətini və ümumi əhalini bu vəziyyətdən və onu necə müalicə edəcəyimizdən xəbərdar etmişiksə, təbabət üçün böyük iş görmüşük" dedi.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.