Kəskin mieloid leykemiyanın müalicəsində FDA təsdiqi alan ilk ağıllı dərman: Midostaurin

Bu məqalədə
28 aprel 2017-ci ildə FDA FLT3 mutasiyası müsbət (FLT3 +) olan və bu mutasiyası FDA təsdiqli testlə aşkarlanmış, yeni diaqnoz qoyulmuş yetkin kəskin mieloid leykemiya (AML) xəstələrinin müalicəsində midostaurinin (ticarət adı Rydapt) istifadəsini təsdiqləyib.
Təsdiq əvvəllər heç bir müalicə almamış, FLT3 +, AML-li 717 xəstənin daxil olduğu geniş tədqiqata əsaslanıb. Tədqiqatda xəstələr sitarabin üstəgəl daunorubisinlə standart induksiya və sitarabinlə konsolidasiya kimyaterapiya dövrünün 8-21. günlərində, ardınca 12 kursadək hər gün ağızdan gündə iki dəfə plasebo və ya 50 mg midostaurin istifadəsi üçün 2 qola ayrılıb. Tədqiqatda midostaurin alan xəstələrin ümumi sağqalımı plasebo (aktiv maddə ehtiva etməyən tətbiq) qolu ilə müqayisədə daha uzun tapılıb (midostaurin istifadə edən xəstələrin ümumi sağqalımı standart müalicə alanlardan %23 daha uzun).
Midostaurinin təsir mexanizmi
Midostaurin çoxsaylı kinaza inhibitoru dərmandır və kəskin mieloid leykemiyanın müalicəsində təsdiq alan ilk hədəfə yönəlmiş preparatdır. Kinazalar, hüceyrə membranının sitoplazma tərəfində yerləşən zülallardır və hüceyrə çoxalmasını dəstəkləyən siqnallara vasitəçilik edir.
Mümkün yan təsirlər
Xəstələrin ən azı % 20-sində müşahidə edilən geniş yayılmış yan təsirlər qızdırmalı ağ qan hüceyrəsi azalması (neytropeniya), ürəkbulanma, ağız yaraları (mukozit), qusma, baş ağrısı, dəri səpgisi (petexiya), əzələ-skelet sistemi ağrısı, burun qanaxması, istifadə edilən cihazla bağlı infeksiya, qan şəkərinin yüksəlməsi (hiperqlikemiya) və yuxarı tənəffüs yolu infeksiyasıdır. Ən çox müşahidə edilən ciddi yan təsir isə həm plasebo, həm də midostaurin alan xəstələrin % 16-sında görülən qızdırmalı ağ qan azalmasıdır.
Amerika Qida və Dərman İdarəsi FDA həmçinin aqressiv sistemik mastositoz (ASM), hematoloji neoplazma ilə əlaqəli sistemik mastositoz (SM-AHN) və ya mast hüceyrə leykemiyası olan yetkinlərin müalicəsində midostaurini təsdiqləyib.
İstifadə qaydası və dozası
AML-də tövsiyə edilən midostaurin dozası qida ilə gündə iki dəfə 50 mg olmaqla induksiya və konsolidasiya kimyaterapiya dövrünün 8-21. günlərində, ardınca hər gün 12 ayadək tək preparat kimi verilir. Aqressiv sistemik mastositoz, hematoloji neoplazma ilə əlaqəli SM və ya mast hüceyrə leykemiyası olan yetkinlərin müalicəsində tövsiyə edilən doza qida ilə gündə iki dəfə 100 mg-dır.
FDA həmçinin FLT3 mutasiyası üçün AML xəstələrində midostaurinlə birlikdə istifadə edilmək üçün LeukoStrat CDx FLT3 Mutasiya Testini də təsdiqləyib.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.