Koronavirus üçün yeni mutasiya nədir? Daha yoluxucudur, bəs daha ağır Covid yaradırmı?

Mutasiya, bir DNA və ya RNA ardıcıllığında yüngül və ya ağır nəticələrə səbəb ola bilən dəyişikliklərdir. DNA-da yaranan mutasiyalar qalıcı olduğu halda, kövrək quruluşuna görə RNA-dakı mutasiyalar müvəqqəti ola bilər.
Viruslarda baş verən mutasiyalar viruslara fərqli qabiliyyətlər qazandıra bilər.
Mutasiya Covid-19-u daha yoluxucu edə bilərmi?
Science jurnalında dərc olunmuş məqalədə yeni tip koronavirusun (SARS-CoV-2) bütün dünyada daha sürətlə yayılmasına səbəb olacaq mutasiyaya uğradığı bildirildi. Koronavirusun D614G adlandırılan yeni variantı Avropada meydana çıxdı.
QEYD: Variant, virusun ümumi kimliyini dəyişdirməyən mutasiyalardır. Ştamm, virusu başqa kimliyə salan mutasiyalardır. Yəni bu baş versə, hər şey əvvələ qayıdar. Virusdakı hər nukleotid dəyişikliyi onun fərqliləşməsi demək deyil. SARS-CoV-2-dəki genetik dəyişikliklər nəticəsində yaranan D614G adlı formasını həm variant, həm də ştamm adlandıranlar olsa da, yazımızın davamında variant sözünü istifadə etdik.
Chapel Hill Şimali Karolina Universiteti (UNC) və Wisconsin-Madison Universiteti, D614G variantının mənşəyi Çin olan və pandemiyanı başladan ilk SARS-CoV-2-dən daha sürətlə çoxaldığını və daha yoluxucu olduğunu göstərib.
D614G variantı daha sürətlə yayılsa da, heyvan tədqiqatları daha ağır Covid-19la əlaqəli olmadığını və variantın neytrallaşdırıcı anticisim dərmanlarına bir qədər daha az həssas olduğunu göstərib.
Birləşmiş Krallıqda 25,000-dən çox virus ardıcıllığının başqa analizi də bu mutasiyalara malik virusların daha sürətlə yayıldığını və daha geniş infeksiya qruplarına səbəb olduğunu göstərib.
Diaqnoz zamanı G614 variantına sahib şəxslərin burun və boğazlarında, ehtimal ki, artan yoluxuculuğun nəticəsi olaraq əhəmiyyətli dərəcədə çox virus hissəciyi var idi. Lakin bu şəxslərin nəticədə xəstəliyi daha ağır keçirdiyini göstərən heç bir sübut yox idi.
Tədqiqat 1 – Texas Universiteti, Austin
Texas Universiteti, Austin və Çikaqo Universiteti, Illinois alimləri ilə əməkdaşlıq edən Houston Methodist Xəstəxanasının tədqiqatçıları spike zülalının amin turşusu ardıcıllığında dəyişikliklər yaradan 285 başqa mutasiya da müəyyən etdilər. Tədqiqatçılar bu mutasiyalardan birinin spike zülalına insan immun sisteminin yaratdığı neytrallaşdırıcı anticisimdən yayınmağa imkan verdiyini kəşf etdilər.
Bu mutasiyanın həm də yoluxuculuğu artırıb-artırmadığı aydın deyil. Lakin hələlik nadir olduğu və daha ağır xəstəliyə səbəb olmadığı bildirildi.
Komanda həmçinin virusun hazırlanmaqda olan peyvəndləri və ya mövcud anticisim müalicələrini təsirsiz edə biləcək mutasiyalar qazandığını göstərən heç bir sübut tapmadı.
Lakin Texas Universitetində molekulyar bioloq və tədqiqatın həmmüəllifi olan Ilya J. Finkelstein daim ayıq olmağın vacibliyində israrlıdır.
Finkelstein “Virus dünyanı qırıb-keçirərkən mutasiyaya uğramağa davam edir. Tədqiqatımızda etdiyimiz kimi real vaxtda müşahidə dünyadakı peyvənd və müalicələrin həmişə bir addım öndə olmasına imkan verəcək” deyir.
Tədqiqat 2 – Şimali Karolina Universiteti, Chapel Hill
Chapel Hill Gillings Qlobal İctimai Sağlamlıq Məktəbində epidemiologiya professoru və UNC Tibb Fakültəsində mikrobiologiya və immunologiya professoru Ralph Baric otuz ildən artıqdır koronavirusları araşdırır və Covid-19 üçün FDA tərəfindən təsdiqlənmiş ilk müalicə olan remdesivirin hazırlanmasında böyük rol oynayıb. Baric “D164G virusu əcdad variantdan təxminən 10 dəfə güclüdür və sürətlə böyüyür. İnsandan insana yoluxma üçün potensial olaraq mühüm bölgə olan ilkin nazal epitel hüceyrələrində (burunda) son dərəcə təsirli şəkildə çoxalır” deyir.
İlk müəllif Yixuan J. Hounun da daxil olduğu Baric Laboratoriyasının tədqiqatçıları Wisconsin-Madison Universitetinin virusoloqları Yoshihiro Kawaoka və Peter Halfmann ilə əməkdaşlıqda yeni tədqiqat apardılar.
Kawaoka “İlkin spike zülalında bu mövqedə D var idi və onun yerinə G gəldi. Bir neçə məqalə əvvəllər bu mutasiyanın zülalı daha funksional və hüceyrələrə daxilolmada daha səmərəli etdiyini izah etmişdi” dedi.
Əvvəlki tədqiqat reseptorla bağlanan zülalı ehtiva edən, lakin həqiqi olmayan saxta virusa əsaslanırdı. Baricin komandası əks genetika ilə 614 mövqeyində D və ya G-ni kodlayan uyğunlaşdırılmış bir cüt mutasiyalı SARS-CoV-2 virusunu çoxaltdı və hüceyrə xətləri, ilkin insan tənəffüs hüceyrələri, siçan və hamster hüceyrələrindən istifadə edərək əsas xüsusiyyət analizini müqayisə etdi.
Kawaoka və Halfmann hamsterlərdən istifadə olunan bənzərsiz koronavirus tədqiqat modelinə töhfə verdilər. Hamster təcrübələrini aparan Shiho Chibanın da daxil olduğu Wisconsin-Madison Universitetinin komandası həm ilkin virusun, həm də Baric və Hounun yaratdığı mutasiyalı versiyanın çoxalma və hava ilə yoluxma tədqiqatlarını həyata keçirdi.
Həm sürətli çoxalma, həm də daha çox yoluxuculuq
Mutasiyalı virusun yalnız 10 dəfə sürətlə çoxalmadığını, eyni zamanda daha yoluxucu olduğunu aşkar etdilər.
Hamsterlərin bir hissəsinə ilkin, digərlərinə isə mutasiyalı virus yeridildi. Ertəsi gün yoluxmuş hamsterlərin yanındakı qəfəslərə səkkiz yoluxmamış hamster yerləşdirildi. Təmasın qarşısını almaq üçün aralarında arakəsmə var idi, lakin qəfəslər arasında hava keçidi təmin edilirdi.
İkinci gün yoluxmamış hamsterlərdə virus axtarılmağa başlandı. Hər iki virus hava ilə ötürülürdü, lakin vaxtlar fərqli idi. Mutasiyalı virusu olan hamsterlərlə eyni havanı tənəffüs edən səkkiz hamsterdən altısı iki gün ərzində mutant virusu almışdı, dördüncü gün isə bütün hamsterlərdə virus müşahidə edildi.
İlkin virusla yoluxmuş hamsterlərlə eyni havanı tənəffüs edən hamsterlərdə isə ikinci gün heç bir yoluxma müşahidə edilmədi. Lakin dördüncü gün bütün hamsterlər yoluxmuşdu.
Kawaoka “Mutant virusun ilkin virusla müqayisədə hava ilə daha yaxşı ötürüldüyünü gördük; bu da onun insanlarda niyə üstünlük təşkil etdiyini izah edə bilər” dedi.
Tədqiqatçılar həmçinin iki koronavirus variantının patologiyasını araşdırdılar. Hamsterlər yoluxduqdan sonra əslində eyni virus yükünü və simptomları göstərdilər. Mutasiyalı variantı daşıyan hamsterlər xəstələnəndə bir qədər çox çəki itirdilər. Bu, mutasiyalı virusun orqanizmləri yoluxdurmaqda xeyli yaxşı olmasına baxmayaraq, yenə də əhəmiyyətli dərəcədə daha ağır xəstəlik yaratmadığını göstərir.
Tədqiqatçılar heyvan patologiyası nəticələrinin insan tədqiqatlarında doğru olmaya biləcəyi barədə xəbərdarlıq edirlər.
Nəticə
SARS-CoV-2 tamamilə yeni insan patogenidir və insan cəmiyyətlərində təkamülünü proqnozlaşdırmaq çətindir. Danimarkada yeni kəşf edilmiş norka SARS-CoV-2 cluster 5 variantı kimi D614G-ni də kodlayan yeni variantlar daim meydana çıxır. İctimai sağlamlığı maksimum qorumaq üçün bu yeni mutasiyaların xəstəliyin ağırlığına, yoluxmaya, orqanizm müxtəlifliyinə və peyvənd mənşəli immunitetə qarşı həssaslığa nəticələrini izləməyə və anlamağa davam etməliyik.
ƏLAQƏLİ MÖVZULAR
Mənbələr
2. A mutation may have made COVID-19 more contagious. Written by James Kingsland on November 6, 2020 – Fact checked by Alexandra Sanfins, Ph.D. Medical New Today: medicalnewstoday.com
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.