Körpələrdə geniş görülən xərçəng neyroblastoma üçün dərman hədəfi kəşf edildi

Bu məqalədə
Neyroblastoma 1 yaşından kiçiklərdə ən çox görülən, bütün uşaqlıq dövrü xərçənglərinin %6-sını təşkil edən və sinir sistemi mənşəli xərçəng növüdür. Hər il 15 yaşından kiçik 100.000 uşaqdan təxminən birinə neyroblastoma diaqnozu qoyulur. Bu xəstəliyi olan uşaqlar orta hesabla 1-2 yaş ətrafında diaqnoz alırlar. Mövcud müalicələrə baxmayaraq yüksək riskli neyroblastoması olan uşaqlarda uzunmüddətli sağqalma göstəriciləri yüzdə 50-dən aşağıdır. Son illərdə neyroblastomaya yönəlmiş tədqiqatlar intensivləşmişdi. Sentyabr 2017-də Cancer adlı elmi jurnalda dərc edilən tədqiqata görə neyroblastoma üçün yeni xərçəng immunoterapiyası dərman hədəfi kəşf edildi.
Neyroblastoma nədir?
Neyroblastoma (neuroblastoma) hələ ana bətnində bəzi ilkin sinir hüceyrələrində başlayan xərçəng növüdür (“neyro” termini sinirləri, “blastoma” isə yetişməmiş və ya inkişaf edən hüceyrələrə təsir göstərən xərçəngi ifadə edir). Bu uşaqlıq dövrü xəstəliyi neyroendokrin şişdir və adrenal (böyrəküstü) vəzilərdə və / və ya simpatik qanqlionlarda şişlərə səbəb olur.
Tədqiqatda immun sistemi hüceyrələrimizin sağlam hüceyrələrə zərər vermədən yalnız xərçəng hüceyrələrini hədəfləməsini təmin edəcək xərçəng hüceyrəsi ilə əlaqəli səth zülallarını müəyyən etməyə çalışılmışdır. Tədqiqatçılar hazırladıqları yeni texnika ilə 126 neuroblastoma nümunəsindən RNA ardıcıllığının təyini apararaq sağlam hüceyrələrlə müqayisə etmişlər.
Tədqiqatın nəticələrinə görə;
- Xərçəngli hüceyrələrdə normal hüceyrələrdən fərqli aktiv olan 296 gen müəyyən edilmişdir.
- GPC2 (Glypican2) zülalının neyroblastoma şiş hüceyrələrinin böyüməsi və yayılması üçün əsas molekullardan biri olduğu və buna görə yaxşı dərman hədəfi ola biləcəyi kəşf edilmişdir. GPC2 hüceyrə səthində olan mühüm zülallardan biridir.
- Tədqiqatçılar GPC2 zülalına bağlanacaq anticisim hazırlamış və bu anticismə eyni zamanda xərçəng dərmanı əlavə etmişlər.
- Laboratoriyada insan hüceyrə kulturası və siçan modelləri ilə aparılan analizlərdə hazırlanmış anticisim-dərman molekulu ilə xərçəng hüceyrələri təsirli şəkildə məhv edilmişdir. Normal hüceyrələr heç bir zərər görməmişdir.
Bəs bu tədqiqat bizim üçün nə ifadə edir?
- Müalicə seçimləri az olan neyroblastoma üçün mühüm inkişafdır. Bu tədqiqat sağlam hüceyrələrə daha az zərər verəcək müalicələrin hazırlanmasına imkan yaradır.
- Xərçəng müalicələrində anticisim-dərman molekulları əhəmiyyət qazanmağa başlamışdır. Hər hansı kimyaterapiya dərmanına xərçəng hüceyrəsini tanıyacaq anticisim (zülal) əlavə edilərək yalnız xərçəng hüceyrəsi hədəflənə bilər.
- Bu tədqiqat CAR-T hüceyrə müalicələri kimi müasir genetik müalicələrə işıq tutur. GPC2 adlı hüceyrə səthi zülalı digər xərçəng növlərində də aktivliyi çox yüksək olan onkoproteindir. Buna görə tədqiqatdakı bu yanaşmanı digər xərçəng növlərinə də tətbiq etmək mümkün ola bilər.
- Xüsusi vurğulamaq lazımdır ki, bu müalicə üsulu hələ eksperimental mərhələdədir. Müasir tibb genetik və biokimyəvi texnikalardan istifadə edərək ən uyğun müalicəni tətbiq edir. Xərçəngin müalicəsi yalnız müasir tibbin verdiyi imkanlarla mümkündür.
Əlaqəli mövzu
Xərçəngdə böyük inkişaf: canlı dərman CAR T hüceyrə müalicəsi FDA təsdiqi aldı!
Mənbələr
Identification of GPC2 as an Oncoprotein and Candidate Immunotherapeutic Target in High-Risk Neuroblastoma.
Cancer Cell, 11 September 2017.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.