Nişasta nədir, fruktoza nədir və artıq şəkər necə yağa çevrilir?

Bu məqalədə
Nişasta nədir?
Nişasta polimer quruluşlu saf qlükoza birləşməsidir. Pəhrizlə aldığımız əsas karbohidratdır. Karbohidratların əsas məqsədi enerji verməkdir. Bundan başqa qlikoprotein və qlikolipid kimi mürəkkəb birləşmələrin yaranmasında, reseptorların quruluşunda iştirak kimi funksional rolları da vardır.
Şəkər necə yağa çevrilir?
Gündəlik enerji sərfiyyatından çox enerji qəbulunun bəzi arzuolunmaz nəticələri vardır. Biokimyəvi izahı belədir: Pəhrizlə aldığımız nişasta ağızda tüpürcək amilazası və mədəaltı vəzidən ifraz edilən pankreatik amilaza nəticəsində quruluş vahidi olan qlükozaya qədər parçalanır və yuxarı nazik bağırsaqdan (yeyunum) sorulur. Qana keçən qlükoza əvvəl qaraciyərə gəlir. Sorulmuş qlükozanın %60-ı qaraciyərdə emal edilir (metabolizə olunur). Qaraciyər toxluqda qlükozanı istifadə edərək enerji əldə edir. Qlükozanı istifadə etdiyi metabolik yol qlikoliz adlanır. Qlikoliz yolu üç ayrı mərhələdə tənzimlənir. Ən mühüm tənzimləyici mərhələsi fosfofruktokinaza 1 mərhələsidir.
Qaraciyər qlükozanı yalnız enerji əldə etmək üçün istifadə etmir. Aldığı qlükozanın %50-sini enerji üçün istifadə etdiyi halda, %10-unu qlikogen sintezində, qalan %40-ını isə yağ turşusu sintezində istifadə edir. Qlikogen aclıqda qan qlükozasının saxlanması üçün lazım olan ehtiyat karbohidrat formasıdır. İstehsal olunan yağ isə xüsusilə yağ toxumasında aclıqda istifadə üçün saxlanılan enerji mənbəyidir.
Pis xolesterol LDL haradan gəlir?
Karbohidratlardan alınan yağ turşuları VLDL (çox aşağı sıxlıqlı lipoprotein) şəklində qablaşdırılıb qana verilir. Bu lipoproteinin əsas vəzifəsi bədənin bir çox yerindəki hüceyrələrə endogen, yəni bədəndə sintez edilmiş yağ turşularını daşımaqdır. VLDL metabolizmi zamanı əvvəl IDL-yə (orta sıxlıqlı lipoproteinə), sonra isə LDLyə çevrilir. Məhz bu məqama diqqət çəkmək istəyirəm. Çünki LDL-nin artığı qan dövranında oksidləşə və ateroskleroz adlanan ürək-damar sistemi xəstəliklərinə səbəb olur. Nəticə etibarilə LDL pəhrizlə alınan karbohidratların emalı (metabolizmi) ilə istehsal olunur.
Endoplazmatik retikulum stressi və diabet
Qan şəkəri 86 mg/dL-ni keçdikdə mədəaltı vəzinin beta adacıq hüceyrələrindən insulin ifraz edilir. İnsulin anabolik (qurucu, böyüməni dəstəkləyən) hormondur və metabolizmi tənzimləyən əsas hormonlardandır. İnsulin qandakı qlükozanı dərhal istifadə üçün xüsusilə əzələ və yağ toxumasına daxil edir. Qan şəkəri çox artdıqda, yəni çox karbohidrat, nişasta qəbul edildikdə daha çox insulinə ehtiyac yaranır. İnsulin hüceyrə səviyyəsində endoplazmatik retikulumdakı ribosomlarda hazırlanır. Nəticədə daha çox insulin üçün endoplazmatik retikulum stimullaşdırılır və ondan düzgün qatlanmamış, yəni funksional quruluşu tam yaranmamış insulin ifraz olunmağa başlayır. Bu, endoplazmatik retikulum stressi də adlanır və xüsusilə gec yaşlarda yaranan tip 2 diabetə cavabdeh mexanizmdir.
Fruktoza nədir? Fruktoza necə daha sürətlə yağa çevrilir?
Fruktoza digər karbohidrat vahididir. Bu şəkər metabolizə olunarkən qlükozanın metabolizə edildiyi yola bir yerdən daxil olur. Lakin daxil olduğu hissə qlikolizin ən mühüm nəzarət fermenti olan fosfofruktokinaza 1 fermentindən aşağıdakı yerdir. Buna görə fruktoza metabolizmi qlükoza metabolizmi ilə müqayisədə daha sürətli gedir. Məhz buna görə həddindən artıq fruktoza ilə qidalanan şəxslərdə yağ turşusu sintezi artır. Bu da triqliserid kimi saxlanılır. Həmçinin fruktoza ilə zəngin qidalananlarda ürək və böyrəklərə zərərli olduğu bilinən sidik turşusu miqdarı da artır. Sidik turşusunun həddindən artıq artmasının nəticələrindən biri PODAQRA xəstəliyidir.
Karbohidratla zəngin qidalananda yanacaq maddələrinin oksidləşməsi nəticəsində həddindən artıq elektron daşıyan birləşmələr (NADH və FADH2) yaranır. Bunlar daxili mitoxondri membranında bədənin əsas enerji vahidi olan ATP əldə etmək üçün istifadə edilir. Lakin bu elektron daşıyan birləşmələr artıq karbohidratla qidalanma nəticəsində çox istehsal edilərsə, elektron nəqli zəncirinin tutumu aşılacaqdır. Nəticədə NADH və FADH2-dəki elektronlar molekulyar oksigeni zərərli superoksid radikalına çevirəcək, bu da oksidləşdirici stressi başladacaqdır. Yaranan bu stress maddələri hüceyrə membranının quruluşunu pozur və yaşlanma, katarakta, ateroskleroz, diabet və xərçəng kimi çoxsaylı xəstəliklərin yaranmasında rol oynayır.
Yuxarıda həddindən artıq karbohidratla qidalandıqda hansı biokimyəvi mexanizmlərlə nə kimi nəticələrin bizi gözlədiyinə qismən toxunduq. Bəs nəticədə nə etməliyik?
Enerji ilə zəngin qidalanır və onu "sərf etmiriksə", nəticələr yuxarıdakı kimidir. Bədəndə sintez olunmayan, lakin xaricdən alınmalı maddələr əvəzolunmaz birləşmələr adlanır. Məsələn, əvəzolunmaz amin turşuları, əvəzolunmaz yağ turşuları mövcuddur. Lakin əvəzolunmaz karbohidrat yoxdur. Çünki bədənimizdə qlükoneogenez adlı metabolik yolla karbohidrat olmayan birləşmələrdən qlükoza sintez edilə bilər. Qlükoza da fruktoza, mannoza və qalaktoza kimi digər karbohidrat vahidlərinə çevrilə bilər. Nəticədə çox az karbohidratla orqanizm heç bir çatışmazlıq hiss etmədiyi halda, bunu zülal və yağ üçün söyləmək mümkün deyil.
Daha sağlam həyat üçün hər şeyi ölçülü və sərf etdiyimiz qədər istehlak etmək faydalı olacaqdır.
Yuxarıdakı şəkildə karbohidratların quruluş vahidləri görünür. Ən kiçik vahidləri monosaxaridlərdir (qlükoza, fruktoza və qalaktoza). Onların birləşməsindən disaxaridlər (maltoza, laktoza və saxaroza) və polisaxaridlər (nişasta, qlikogen, sellüloza, xitin) yaranır.
- Qeyd: Bu gün demək olar ki, hər kəs özünü şəkər və yağ mütəxəssisi hesab edir, buna görə yazımızda istəmədən də olsa çox təfərrüata girib tibbi terminologiyadan istifadə etməli olduq.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.