Paraben nədir və kosmetikada niyə istifadə edilir? Xərçəng yaradır iddiası haradan çıxıb?

Bu məqalədə
Paraben nədir?
Parabenlər kosmetik məhsullarda geniş şəkildə qoruyucu məqsədlə istifadə edilən əlaqəli kimyəvi maddələrdəndir. Həm məhsulları, həm istehlakçıları qorumaq üçün zərərli bakteriya və kifin yaranmasını əngəlləmək məqsədilə kosmetikada qoruyucular istifadə edilə bilər.
Paraben tək kimyəvi maddə deyil; kosmetikada ən çox istifadə edilən parabenlər metilparaben, propilparaben, butilparaben və etilparabendir.
Məhsulların tərkib etiketləri adətən müxtəlif paraben növlərini ehtiva edir və parabenlər geniş mikroorqanizm müxtəlifliyindən daha yaxşı qorunmaq üçün çox vaxt başqa qoruyucularla birlikdə istifadə edilir.
Hansı məhsullarda paraben var?
Parabenlər müxtəlif kosmetikada, həmçinin qida və dərmanlarda istifadə edilir. Paraben ehtiva edə bilən kosmetikaya makiyaj məhsulları, nəmləndiricilər, saç baxımı və təraş məhsulları daxildir. Böyük dezodorant markalarının çoxunda hazırda paraben yoxdur, lakin bəzilərində var.
İstehlakçını məlumatlandırmaq üçün mağazada və ya onlayn satılan hər kosmetik məhsulun tərkib siyahısı olmalıdır. Etiketdə parabenləri adlarından tanımaq adətən asandır: metilparaben, propilparaben, butilparaben və ya etilparaben kimi.
Parabenlərin kosmetikada istifadəsi təhlükəsizdirmi? Süd vəzi xərçəngi və ya digər sağlamlıq problemləri ilə əlaqəlidirmi?
Vaxtaşırı TV-yə çıxan şəxslər və internetdə epidemiya kimi yayılan iddialar parabenləri kanserogen (xərçəng yaradan) və ya demək olar zəhər kimi göstərir. Bəs həqiqət nədir? TV-də kiminsə “paraben xərçəng yaradır” deməsi həqiqəti nə qədər əks etdirir, internetdəki demək olar hər iddia niyə həqiqət kimi qəbul edilir?! Alimlər və ya sahə mütəxəssisləri “məncə” ilə başlayan cümlələr əvəzinə elmi nəticələri xalqın anlayacağı dildə izah etməyə çalışmalıdır.
Gələk parabenlər barədə araşdırmaların indiyədək qısaca nə dediyinə:
Əvvəlcə bildirməliyik ki, 900-dən çox kimyəvi maddənin adının olduğu insan üçün məlum kanserogenlər siyahısında indiyədək parabenlərin heç birinin adı olmayıb.
Parabenlərin süd vəzi xərçəngi yaratması iddiası haradan çıxıb?
Parabenlər ən çox kosmetik məhsullarda (dezodorant və krem kimi) olan kimyəvi maddələrdir. Quruluşca süd vəzi xərçəngi riskini artıra bilən qadınlıq hormonu estrogenə bənzəyir. Lakin parabenlərin hormon reseptorlarına təsiri estrogenin özündən çox zəifdir. Parabenlərin qidadan və ya başqa mənbədən deyil, dezodorant istifadəsindən süd vəzi xərçəngi yaratdığı iddiaları var.
Dezodorantdakı parabenin xərçəngə səbəb olması iddiası buradan gəlir: paraben və başqa kimyəvi maddələrin qoltuqaltı limfa düyünlərində toplandığı görülüb və bunun süd vəzi xərçənginə səbəb olduğu irəli sürülüb. Lakin iddianın həm elmi göstərilməyən, həm məntiqli olmayan tərəfləri var:
- Limfa sistemində axın orqandan limfa düyününədir; süd vəzi xərçəngi də süd vəzisində başlayıb sonra limfa düyünlərinə yayılır.
- Orqanizmin toksinlərdən qurtulmaq üçün limfa düyünlərindən başqa yolları da var.
Paraben və süd vəzi xərçəngi araşdırmaları
- 2004-cü il tədqiqatında süd vəzi xərçəngi olan 20 qadının şişlərində paraben tapılıb. Yalnız paraben deyil, kremlərdəki bir çox maddənin dəridən sorulub bədənə yayıldığı/toplandığı onsuz da məlumdur. Şiş toxumasında paraben olması onun xərçəng yaratmasının qəti sübutu deyil. 2008-ci ildə eyni komanda daha geniş tədqiqat aparıb və qırx qadının “normal” süd vəzi toxumasında da paraben tapıb.
- 2011-ci ildə California Pacific Tibb Mərkəzində aparılan tədqiqat iki kimyəvi maddənin (metilparaben və BPA) hormon müsbət süd vəzi xərçənginin müalicəsindəki tamoksifen dərmanının təsirini azalda biləcəyini göstərib.
Digər tərəfdən bu tədqiqatlar nəzarət qollarının olmaması və bəzi etik qaydalara əməl edilməməsi səbəbindən tənqid edilir.
Mövzuda hələ çox cavabsız sual var: parabenlər süd vəzi şişlərinə nə edir? Xərçəng böyüməsini hər hansı şəkildə başladırmı? Müalicə nəticələrinə təsir edirmi? Yeganə mənbələri kosmetikadırmı?
Xərçəng mürəkkəb xəstəlikdir. Çox dəyişəni var. Parabenlərin süd vəzi xərçəngi yaratmasını çox eşitmiş ola bilərsiniz. Lakin bunu sübut edən elmi məlumat hələ yoxdur.
Digər tərəfdən söhbət kimyəvi maddələr və toksik təsirlərindən gedirsə, ən vacib məsələ doza və riskdir. Yəni riskli sayılan bir şeyə hansı müddətdə və hansı dozada məruz qalmaq vacibdir. Tərkibində təxminən 50 mübahisəsiz kanserogen kimyəvi maddə olan siqaretin belə illərlə istifadədən sonra xərçəng yaratdığı demək olar hamıya məlum olduğu halda, risk miqyası bilinməyən və ya aşağı riskli sayılan məhsulların bir neçə aylıq istifadəsi dərhal xərçəng yaradacaqmış kimi təşviş yaratmaq məntiqli deyil.
Parabenlər barədə iddiaları təsdiqləyən elmi sübut olmasa da, istehsalçılar müasir dezodorantların çoxundan parabenləri çıxarıb.
Parabenlərin təhlükəsizliyi və sağlamlıq riskləri barədə cavabı hələ araşdırılan bəzi suallar:
- Elmi tədqiqatlar parabenlərin mümkün təhlükələri və insan sağlamlığına təsirləri barədə nə göstərir?
- Paraben istifadə etməməyin təhlükə və riskləri nədir? Kosmetikanı və istehlakçıları zərərli bakteriyadan qorumaq üçün paraben istifadəsini dayandırsaq, daha təhlükəsiz qoruyucu alternativləri varmı?
- Fərqli paraben növlərinin fiziki təsirləri eynidir, yoxsa fərqlidir?
Başda ABŞ Qida və Dərman İdarəsi FDA olmaqla bir çox qurum və tədqiqatçı yeni məlumatları qiymətləndirməyə davam edir.
Hazırda kosmetikada istifadə edilən parabenlərin insan sağlamlığına təsir etdiyini göstərən məlumat yoxdur. Bu risklərin şişirdilməsinin ən böyük itkisi xərçəngin həqiqi səbəblərinin az danışılmasıdır.
Əlaqəli mövzu
Mənbələr
fda.gov - Page Last Updated: 02/22/2018
2. Cosmetics and toiletries.
Cancer Research UK website cancerresearchuk.org - Last reviewed13 March 2017
3. Darbre PD, Harvey PW.
Paraben esters: review of recent studies of endocrine toxicity, absorption, esterase and human exposure, and discussion of potential human health risks.
J Appl Toxicol. July 2008.
4. Parabens And Breast Cancer Risk.
huffingtonpost.co.uk - Updated 18/04/2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.