Peutz-Jeghers sindromu nədir? Adı haradan gəlir?

Bu məqalədə
Peutz-Jeghers sindromu mədə-bağırsaq sistemində poliplər və mukokutan piqmentli lezyonlarla xarakterizə olunan nadir irsi sindromdur. Həmçinin xərçəngin inkişafını artıran amildir.
Peutz-Jeghers sindromu olan xəstələrdə xüsusilə qastrointestinal (mədə-bağırsaq), ginekoloji (qadınlara xas), süd vəzi, qaraciyər və urogenital (sidik-cinsiyyət yolları) xərçənglərinin riski yüksəkdir.
Bu sindromu olan xəstələrdə ömürboyu hər hansı xərçəngin təxmini riski 93% kimi yüksək göstəricidir.
Tədqiqatlar Peutz-Jeghers sindromu olan ailələrin %50 ilə %80-ində STK11 genində irsi mutasiyalar olduğunu irəli sürür. Qalan Peutz-Jegher sindromu halları böyük ehtimalla de-novo (həyat boyunca öz-özünə yaranan) mutasiyalardan qaynaqlanır.
Peutz-Jeghers sindromunun adı haradan gəlir?
Peutz-Jeghers sindromunun adı Dr. Johannes Peutz və Dr. Harold Jeghersdən gəlir.
1886-cı ildə Niderlandın Uithuizen şəhərində doğulmuş Dr. Peutz Groningen və Utrecht universitetlərində tibb təhsili aldı və 1914-cü ildə məzun oldu. Dr. Peutz 1957-ci ildə vəfat etdi.
1904-cü ildə New Jerseydə doğulmuş Dr. Jeghers isə 1928-ci ildə Rensselaer Politexnik İnstitutunun Biologiya bölməsində bakalavr təhsilini tamamladıqdan sonra Case Western Reserve Universitetinin Tibb fakültəsində təhsilini davam etdirdi. Daha sonra Boston Şəhər Xəstəxanasında daxili xəstəliklər üzrə təhsil alan Dr. Jeghers 1990-cı ildə vəfat etdi.
Nə Dr. Peutz, nə də Dr. Jeghers adlarını daşıyan bu sindromu ilk sənədləşdirən şəxs idi. Peutz-Jeghers sindromu ilk dəfə 1895-ci ildə Dr. JT Conner tərəfindən sənədləşdirilib. Dr. Conner oral və labial (ağız və dodaq) piqmentasiyası (rəng dəyişikliyi) olan biryumurta əkizlərini təsvir etdi. Əkizlərdən biri 20 yaşında bağırsaq tıxanıqlığından vəfat etdi. Digəri isə 59 yaşında süd vəzi xərçəngi səbəbindən həyatını itirdi. Dr. Conner bu əkizlər barədə yazdığı hesabatda bağırsaq poliplərindən bəhs etmədi.
Dr. Peutz isə 3 nəsil boyunca 7 ailə üzvü üzərindəki araşdırmalarına əsasən 1921-ci ildə bağırsaq polipləri ilə mukokutan lezyonlar arasındakı əlaqəni təsvir etdi. Bu ailə barədə tədqiqatlar dərc edildikdən sonra Niderlandda və Avropanın qalan hissəsində bu sindrom “Peutz xəstəliyi” kimi tanınmağa başladı.
1939-cu ildə Dr. Jeghers ağız selikli qişasında, dodaqlarda və barmaqlarda melanin piqmentasiyası, həmçinin bağırsaq polipləri və invaginasiyadan qaynaqlanan bağırsaq tıxanıqlığı olan gənc qızın müalicəsi ilə məşğul oldu. Dr. Jeghers eyni klinik əlamətləri olan ikinci xəstəni görəndə genetik izahı olan müəyyən sindromdan şübhələndi. 1949-cu ildə Dr. Jeghers Peutz-Jeghers sindromu üçün irsi autosom-dominant modeli təsvir etdi. Məqaləsində Dr. Peutzun 1921-ci il hesabatından sitat gətirdi.
Lakin “Peutz-Jeghers sindromu” termini 1954-cü ilə qədər işlədilmirdi. Bu termini ilk dəfə Dr. Andre Bruwer sindromla bağlı məqalədə istifadə etdi.
*
Müasir dövrdə Peutz-Jeghers sindromu
Epidemiologiya və genetika – Peutz-Jeghers sindromu (PJS) qastrointestinal kanalda çoxsaylı hamartomatoz poliplər, mukokutan piqmentasiya və artmış qastrointestinal və bağırsaqdankənar xərçəng riski ilə xarakterizə olunan autosom-dominant sindromdur.
PJS 19p13.3 xromosom sahəsi ilə xəritələnmiş, serin-treonin kinazanı kodlayan STK11 genindəki germinal xətt (irsi) mutasiyaları ilə əlaqəlidir. PJS nadirdir və yayılma tezliyinə dair təxminlər hər 1:8000 ilə 1:200.000 doğuş arasında dəyişir.
Əlamətləri – PJS-nin iki əsas klinik əlaməti var: piqmentli mukokutan makullar və çoxsaylı qastrointestinal poliplər.
- PJS-nin xarakterik mukokutan piqmentasiyaları (melanin ləkələri) xəstələrin yüzdə 95-indən çoxunda mövcuddur və ən çox dodaqlarda və ağızətrafı nahiyədə, ovuclarda, yanaq selikli qişasında və ayaqaltında görülür.
- Qastrointestinal hamartomatoz poliplər PJS-li xəstələrin çoxunda mövcuddur və mədə-bağırsaq sisteminin istənilən yerində yarana bilər. Poliplər həyatın ilk onilliyində inkişaf edir və xəstələrin çoxunda 10 ilə 30 yaş arasında əlamətlər yaranır. Polip sayı hər bağırsaq seqmentində 1 ilə 20-dən artıq arasında dəyişir.
Xərçəng riski – PJS artmış qastrointestinal və bağırsaqdankənar xərçəng riski ilə əlaqəlidir. Ömürboyu xərçəng riski yüzdə 37 ilə 93 arasında dəyişir və xərçəng diaqnozu zamanı orta yaş 42-dir. Qastrointestinal sistem bədxassəli şişlərinin ən çox rast gəldiyi nahiyələr yoğun bağırsaq və mədəaltı vəzidir, bağırsaqdankənar sistem xərçənginin ən çox rast gəldiyi nahiyə isə süd vəzisidir. Qadınlarda həmçinin servikal adenoma malignum və həlqəvi borucuqlu “seks-kord” şişləri (SCTAT şişləri) kimi tanınan xoşxassəli yumurtalıq şişləri də daxil olmaqla servikal şişlərin riski yüksəkdir. PJS-li kişilərdə ömürboyu Sertoli hüceyrəli xaya şişi riski artıb.
Diaqnoz – PJS-nin klinik diaqnozu aşağıdakılardan hər hansı birinin mövcudluğu ilə qoyula bilər:
- Mədə-bağırsaq sistemində iki və ya daha çox Peutz-Jeghers tipli hamartomatoz polip
- Ailəsində PJS tarixçəsi olan şəxsdə ağız, dodaq, burun, göz, cinsiyyət orqanı və ya barmaqların xarakterik mukokutan hiperpiqmentasiyası
- Birinci dərəcəli qohumunda ailəvi PJS tarixçəsi olan şəxsdə istənilən sayda Peutz-Jeghers polipi
- PJS-nin xarakterik mukokutan piqmentasiyası olan şəxsdə istənilən sayda Peutz-Jeghers polipi
PJS üçün klinik meyarlara cavab verən şəxslər STK11 genində mutasiyanın müəyyən edilməsi üçün genetik testdən keçməlidir. PJS üçün klinik meyarlara cavab verən şəxsdə aparılan genetik testlər PJS diaqnozunu təsdiqləməyə xidmət edir. Bununla yanaşı, PJS üçün klinik meyarlara cavab verən şəxsdə patogen STK11 mutasiyasının olmaması PJS diaqnozunu istisna etmir.
PJS klinik əlamətlərə və/və ya genetik testlərə əsasən piqmentli mukokutan makullar və ya çoxsaylı hamartomatoz qastrointestinal poliplər olan digər pozğunluqlardan fərqləndirilə bilər.
Xəstəliyin idarə olunması – PJS-li şəxslərdə xərçəng skrininqinə yanaşmamız aşağıdakı kimidir:
- Mədə-bağırsaq sistemi poliplərindən və ya xərçəngdən qaynaqlanan gizli qanaxma ilə bağlı dəmir çatışmazlığı anemiyasını aşkar etmək üçün ümumi qan analizi ilə illik fiziki müayinə.
- Yeniyetməlik dövrünün sonlarından başlayaraq hər iki-üç ildən bir yuxarı endoskopiya və kolonoskopiya ilə mədə və yoğun bağırsağın ilkin skrininqi.
- Səkkiz ilə on yaş arasında video kapsul endoskopiyası (VCE) ilə nazik bağırsağın ilkin endoskopik skrininqi. İzləmə intervalı tapıntılara əsaslanır. Bununla yanaşı, polip olmadıqda 18 yaşda təkrar skrininq tövsiyə olunur və sonra hər iki-üç ildən bir təkrarlanır. Kompüter tomoqrafiyası enteroqrafiyası (CTE) və ya maqnit rezonans enteroqrafiyası (MRE) kapsul endoskopiyası aparıla bilməyən PJS-li şəxslər üçün alternativ görüntüləmə üsullarıdır.
- 10 yaşdan etibarən xayaların illik müayinəsi. Xaya müayinəsində anormallıqlar aşkar edilərsə və ya xəstələrdə feminizasiya əlamətləri varsa (məsələn, ginekomastiya), xaya ultrasəs müayinəsi aparılmalıdır.
- Qadınlarda 21 yaşdan etibarən illik çanaq müayinəsi və Pap yaxması.
- Qadınlarda hər ay süd vəzisinin özünü müayinəsi və 25 yaşdan etibarən illik süd vəzi maqnit rezonans görüntüləməsi (MRI) və mammoqrafiya.
- Mədəaltı vəzi xərçənginin skrininqi üçün 35 yaşdan etibarən hər 1-2 ildən bir mədəaltı vəzinin MRG/maqnit rezonans xolangiopankreatoqrafiyası və ya endoskopik ultrasəs müayinəsi. Mədəaltı vəzi xərçənginin skrininqi tədqiqat protokolu yaradılacaq ixtisaslaşmış mərkəzlərdə aparılmalıdır.
- STK11 mutasiyası olan şəxslərə hamiləliköncəsi məsləhətləşmə zamanı implantasiyaöncəsi genetik diaqnoz seçimi təklif edilməlidir. PJS-li xəstələrin birinci dərəcəli qohumları doğuşdan etibarən PJS-nin klinik xüsusiyyətləri baxımından yoxlanmalıdır. Skrininq illik anamnez, mukokutan piqmentasiyanın qiymətləndirilməsini əhatə edən fiziki müayinə və erkən cinsi yetkinlik əlamətlərindən ibarətdir. Bundan əlavə, kişi xəstələr feminizasiya əlamətləri (məsələn, ginekomastiya) və xayaların palpasiyası ilə xaya şişləri baxımından müayinə edilməlidir. Təsirlənmiş ailə üzvündə patogen STK11 mutasiyasının müəyyən edilməsi şərti ilə səkkiz yaşadək diaqnozu klinik baxımdan aydın olmayan risk altındakı şəxslərə proqnozlaşdırıcı genetik testlər tövsiyə edilməlidir.
Mənbələr
2. Daniel C Chung, MDSection Editor:J Thomas Lamont, MDDeputy Editor:Shilpa Grover, MD, MPH, AGAF. Peutz-Jeghers syndrome: Clinical manifestations, diagnosis, and management. UpToDate. Literature review current through: May 2022. | This topic last updated: Jun 09, 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.