Prostat xərçəngində robotik cərrahiyyə ilə açıq cərrahiyyənin ilk müqayisəsi

Prostat xərçəngi ölkəmizdə kişilərdə ağciyər xərçəngindən sonra ən geniş yayılmış xərçəng növüdür. Dünyada isə hər il təxminən 1 milyon kişi prostat xərçənginə tutulur. Erkən mərhələli prostat xərçəngində ən çox tətbiq olunan müalicə cərrahi müdaxilə ilə prostat vəzisinin çıxarılmasıdır. Lakin bəzi xəstələrdə cərrahiyyədən sonra sidik və cinsi funksiyalarda problemlər görülür. Həmçinin cərrahi müdaxilədən sonra hər 3 kişi xəstədən 1-ində xərçəng təkrarlanır (residiv).
2000-ci illərdə “Robot-Assisted Laparoscopic Prostatectomy (RALP)” hazırlanması ilə prostat xərçəngində robotik cərrahiyyə sürətlə yayılmağa başlamışdır. Robot 3 ölçülü, yüksək ayırdetməli və 10-20 dəfə böyüdülmüş görüntü təqdim edir. Cərrahi müdaxilə boyunca cərrah robot qollarını idarə edərək əməliyyatı aparır.
Robotik və açıq cərrahiyyənin həyat keyfiyyəti və onkoloji baxımdan yaratdığı fərqlər son illərdə müzakirə mövzusu idi. Nüfuzlu The Lancet tibb jurnalında 26 iyulda yayımlanan və böyük maraq doğuran tədqiqatla prostat xərçəngində robotik cərrahiyyənin həyat keyfiyyətində heç bir fərq yaratmadığı müəyyən edilmişdir.
Tədqiqatda 308 prostat xərçəngi xəstəsi iştirak etmiş, təsadüfi iki qrupa ayrılaraq 151 xəstəyə robotik, 151 xəstəyə açıq cərrahiyyə tətbiq edilmişdir. 12 həftə ərzində sidik qaçırma, ağrılı sidiyə çıxma və ya sidikdə qan kimi sidik və cinsi funksiyalar izlənmişdir. Analizlərdə iki xəstə qrupu arasında həyat keyfiyyəti baxımından fərq müşahidə edilməmişdir.
Eyni zamanda;
- Açıq əməliyyat edilənlərin xəstəxanada qalması daha uzun olsa da, iki qrupun iş həyatından bərabər müddət uzaq qaldığı görülmüşdür.
- Açıq cərrahi müdaxilə alanlarda 3 dəfə çox qan itkisi görülür. Lakin cərrahiyyə zamanı qan orqanizmə geri verilə bilir.
- Robotik cərrahiyyə ilə müdaxilə edilən xəstələr daha az ağrı yaşayır və ilk 6 həftədə daha yaxşı həyat keyfiyyətinə malik olduğu görülmüşdür. Lakin 12-ci həftədə iki qrupun həyat keyfiyyəti bərabərləşmişdir.
Cərrahiyyədə yeni texnologiyalar əlbəttə xəstələrin həyat keyfiyyətinə və xəstəliyin gedişinə (proqnoza) töhfə verir. Lakin belə tədqiqatlar yeni üsulların qiymətləndirilməsinin lazım olduğunu göstərir.
Xüsusilə vurğulamaq lazımdır ki, nəticələr ikiillik tədqiqatın ilk mərhələsinə aiddir. Tədqiqatçılar prostat xərçəngində cərrahi müdaxilədən sonra sidik və cinsi funksiyaların tam qiymətləndirilməsinin 3 il çəkə biləcəyini bildirmişlər. Həmçinin ümumi sağqalım nəticələri uzun müddətdə müəyyən edilə biləcəkdir. Buna görə uzunmüddətli təsirlər qiymətləndirilməlidir.
Mənbələr
Robot-assisted laparoscopic prostatectomy versus open radical retropubic prostatectomy: early outcomes from a randomised controlled phase 3 study.
The Lancet, 26 July 2016, DOI: https://dx.doi.org/10.1016/S0140-6736(16)30592-X
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.