Razılıq forması 1947 – Nürnberq kodeksi və tədqiqat iştirakçısının razılığı

Qədim Hippokrat andında həkimlərin xəstələri zərərdən qorumaq istədikləri qeyd olunur. Lakin and insan təcrübələri və sınaqların risklərinin xəstələrə yetərincə izah edilməsi ilə əlaqəli razılıq alınması məsələsinə heç toxunmur.
Əslində tibb tarixinin bir çox dövründə həkimlər xəstələrini qəsdən aldatmağı uyğun hesab etmişlər. Tibbi araşdırmalarda iştirakçılardan razılıq alınmasının zəruriliyi xüsusilə İkinci Dünya müharibəsinin sonunda nasist həkimlərin insanlar üzərində apardığı dəhşətli təcrübələrlə ortaya çıxmışdır. Adətən yəhudilər və digər məhbuslar üzərində aparılmış bəzi qan donduran təcrübələrə bunlar nümunədir;
- Çılpaq insanların buzda soyudulması,
- Əkizlərin gözlərinə rəngini dəyişdirmək üçün kimyəvi maddə yeridilməsi
- Əkizləri birləşdirərək bitişik əkizlər yaratmaq cəhdləri
1947-ci ildə nasist alimlərin insanlar üzərində apardığı təcrübələrə dair Nürnberqdə keçirilmiş məhkəmələr zamanı bu araşdırmaları tənzimləyən, beynəlxalq qüvvəyə malik kodeksin olmadığı anlaşıldı. Bu çatışmazlığı aradan qaldırmaq üçün Nürnberq kodeksi hazırlandı və ölkələr tərəfindən qəbul edildi. Nürnberq kodeksi təklif olunan araşdırmanı anlayan və cəmiyyətə fayda verməsi üçün nəzərdə tutulmuş təcrübələrdə iştirak edəcək insan iştirakçıların könüllü razılığının zəruriliyini vurğulayır. İştirakçının təcrübəni dayandırmaq azadlığı vardır. Bundan əlavə, lazımsız fiziki və zehni əzabın qarşısını almaq üçün təcrübənin uyğun şəkildə aparılmalı olduğunu da vurğulayır.
İştirakçıların razılıq vermələri üçün razılıq zamanı psixi sağlamlıqlarının “yetərli” olması lazımdır. Uşaqlar adətən "yetərsiz" hesab edilir və qanuni qəyyumları onların adından hərəkət edə bilərlər. Razılıq verə bilməyən huşsuz xəstələrə təcili müalicə tətbiq etmək üçün həkimlərə adətən icazə verilir.
Məlumatlandırılmış razılığın olmamasına dair məşhur nümunə, Tuskegee sifilis təcrübəsidir. Təcrübə Alabamanın Tuskegee şəhərində 1932 ilə 1972-ci illər arasında aparılmışdır. Təcrübə zamanı sifilisli kişilər lazımi şəkildə müalicə edilməmiş və xəstələrə sifilis olduqları deyilməmişdir. Bu yolla xəstəliyin irəliləməsini araşdıra biləcəklərini düşünən ABŞ tədqiqatçıları bəzi xəstələrin sifilisdən ölməsinə və ya həyat yoldaşlarının xəstəliyə yoluxmasına səbəb olmuşlar.
Məqalədəki şəklin izahı: 1953-cü il MK-ULTRA layihəsinin bir hissəsi olaraq CIA razılıq almadan iştirakçılara LSD verərək onun təsirlərini araşdırmağa çalışmışdır. LSD neon rənglərin, həndəsi fiqurların və hərəkət edən cisimlərin görünməsinə səbəb ola bilər.
- Əvvəlki mövzu: Lobotomiya 1946 – Beyin əlaqələrinə müdaxilə
- Növbəti mövzu: Prosopaqnoziya 1947 – Üzləri tanıya bilməmə xəstəliyi
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.