Rəqəmsal izlərin izlənməsi ilə COVID-19 üçün həll axtarışı – Hansı ölkə vətəndaşlarını necə izləyir?

COVID-19 və rəqəmsal hüquqlar
Mövzu ilə bağlı əvvəlki yazımızda mobil telefonlardan əldə edilən məlumatların yeni tip koronavirusa bağlı yaranan COVID-19 xəstəliyi tədqiqatlarında mühüm yer tutduğunu qeyd etmişdik. Lakin bu işlərin rəqəmsal məlumatların istifadəsinə dair etik və hüquqi problemlər də yaratdığını demişdik. Bu vəziyyət istifadəçiləri rəqəmsal hüquqların pozulması ilə üz-üzə qoyur.
Rəqəmsal hüquq nədir
Rəqəmsal hüquqinsanların rəqəmsal media mühitində kompüter, telefon və digər cihazlarla məlumat əldə etmək, məzmun yaratmaq və yaratdıqları məzmunu yayımlamaq azadlığını bildirir. Bu hüququn əhatə etdiyi başlıqlar bunlardır:
- Şəxsi həyatın məxfiliyinin qorunması hüququ
- Şəxsiyyət hüquqlarının pozulmaması hüququ
- Fərdi məlumatların qorunması hüququ
- İnternetdə fikri ifadə etmək hüququ
- İnternet vasitəsilə idarəetmədə iştirak hüququ
- İnternet üzərindən şikayət hüququ
- İnternetdə nüfuzun ləkələnməməsi hüququ
İnternetdə qoyduğumuz izlərin məxfilik qaydalarına əməl edilərək və ya edilmədən istifadəsi nəticəsində rəqəmsal hüquqlar pozula bilər. Bu pozuntularla mübarizə üçün hər ölkədə zəruri hüquqi tənzimləmələr var. Lakin dünyanı sarsıdan və bəşəriyyəti təhdid edən bu fövqəladə vəziyyətdə bəzi hökumətlərin yanaşmasında rəqəmsal hüquqların qorunmasının arxa plana keçdiyini demək olar.
COVID-19 yayılmağa başlayandan dünyanın müxtəlif bölgələrində hökumətlər virusun yayılmasını ləngitmək üçün bir sıra rəqəmsal izləmə, fiziki müşahidə və senzura tədbirləri tətbiq etdilər. Bunlardan bəziləri uyğun, zəruri və qanuni şəkildə istifadə edilmiş ola bilər. Lakin bu tətbiqlər qanunverici orqanlar tərəfindən kifayət qədər qiymətləndirilmədən tələsik həyata keçirilib.
Bu yazıda COVID-19 ilə mübarizə zamanı rəqəmsal hüquqların aqibətindən danışacaq və bu mövzuya yönəlmiş rəqəmsal hüquq izləyicisinin qeydlərinə yer verəcəyik. Dünyada rəqəmsal hüquqlar üçün risk yaradan təşəbbüslərin xronoloji icmalını təqdim edirik.
31 mart 2020 yenilənməsi
Mart ayında yeni tip koronavirusun (SARS-CoV-2) yayılmasını dayandırmaq üçün dünyada 21 yeni rəqəmsal izləmə tədbiri qeydə alındı. Bunlar hədəf şəxsin izlənməsindən toplu və anonimləşdirilmiş məkan məlumatlarının istifadəsinə qədər müxtəlif idi (yazının sonunda “Google Mobil Hərəkətlilik Dəyişikliyi Hesabatı”na baxmaq olar). Həmçinin yalnız martda COVID-19 ilə bağlı 11 yeni senzura hesabatı və 6 yeni fiziki müşahidə təşəbbüsü qeydə alındı.
Hansı ölkələr rəqəmsal izləmə tətbiq edir? Fərqlər
Dünyanın müxtəlif yerlərində hökumətlər virusun yayılmasını ləngitmək üçün tədbirlər gördükcə, bir çoxu əhalini izləməyə kömək edən rəqəmsal təşəbbüslərə yönəldi. Tədbirlərə küçəyə çıxma qadağası olan yerlərdə vətəndaşları izləmək üçün toplu mobil məkan məlumatlarının istifadəsi, yoluxmuş şəxslərin yerini müəyyənləşdirməyə kömək edən tətbiqlər və inkişaf etmiş mobil izləmə texnologiyaları daxil idi. Dünyada qəbul edilən rəqəmsal izləmə tədbirlərindən istifadə edən ölkələr aşağıdakılardır.
ABŞ 28/03/2020
Wall Street Journal-ın yayımladığı 28 mart tarixli hesabata görə:
“ABŞ hökumət rəsmiləri koronavirus pandemiyası zamanı Amerikadakı insanların hərəkətlərini daha yaxşı anlamaq üçün milyonlarla mobil telefondan əldə olunan məkan məlumatlarından istifadə edirlər. Telefon sahibinin adı kimi məlumatlar müəyyənləşdirilmir. Məqsəd rəsmilərin koronavirusun ölkədə necə yayıldığını öyrənməsi və əldə edilən bilgilərin virusun irəliləməsinin qarşısını almağa kömək etməsidir.”
Amerikadakı məlumatların mobil operatorlardan deyil, mobil reklam sənayesindən və Google-dan əldə edildiyi düşünülür.
Braziliya 27/03/2020
27 martda ZDNet-dən gələn hesabata görə: “Recife meri şəhərin çölə çıxma qadağasına əməl edib-etmədiyini müəyyənləşdirmək üçün ən azı 700.000 smartfonun izləndiyini söylədi.” Hesabata görə həmçinin “Braziliya hökuməti COVID-19 yayılmasını ləngitməyi nəzərdə tutan qadağalarla bağlı tədbirləri dəstəkləmək üçün coğrafi məkan izlənməsindən istifadə edən sistem hazırlamağa çalışır.” Bu sistem Braziliyanın InLoco startapı tərəfindən hazırlanıb və istifadəçilər “InLoco-nun GPS-dən 30 dəfə dəqiq olduğunu iddia etdiyini və heç bir GPS və ya nişandan istifadə etmədən məkan xəritəsi vasitəsilə izlədiyini söylədilər.”
Cənubi Afrika 24/03/2020
Cənubi Afrikanın rabitə naziri Stella Ndabeni-Abrahams jurnalistlərə bunları söylədi: “Səhiyyə Nazirliyinə kömək etmək üçün bildiklərimizin söylənməsi və virusdan təsirlənən şəxslərin izlənməsi vacibdir. Müəyyən ərazidə çox yoluxmuş insan var. Telekommunikasiya sənayesi hökumətə buna nail olmaqda kömək etmək üçün məlumat təhlili xidmətləri göstərməyə razılaşıb” dedi.
Bolqarıstan 24/03/2020
Dr. Vesselin Bontchev-in tvitinə görə, 24 martdan Bolqarıstan rəsmiləri məhkəmə qərarı olmadan mobil telefon trafikinin metaməlumatlarını və internet bağlantılarını izləmək səlahiyyətinə sahib olacaqlarını bildirdilər. Tvitinə görə, “Fikir karantində olanları izləməkdir, lakin bu məhdudiyyət qanunda göstərilməyib”.
Pakistan 24/03/2020
Bir Pakistan vətəndaşı ölkədə viruslu şəxslə təmas etmiş ola biləcəyini bildirən mesaj aldığını açıqladı. Mesajda “Son 14 gün ərzində viruslu şəxsin sizinlə təmas etmiş ola biləcəyi müşahidə olunub. Buna görə karantin vasitəsilə lazımi tədbirləri görməyiniz tələb olunur.” yazılmışdı. Tədbirin sim kart məkan məlumatı (CSLI) və zəng təfərrüatı qeydi (CDR) məlumat toplama üsulları ilə tətbiq edildiyi düşünülür. Məqalə “CDR təhlilindən istifadə edərək, təsdiqlənmiş COVID-19 xəstəsinin getdiyi yerlər və eyni vaxtda həmin ətrafda olan digər şəxslərin mobil nömrələri kimi təfərrüatlar xəstənin telefon məlumatlarından əldə edilə bilər” deyə davam edir.
Rusiya 23/03/2020
Rusiya hökuməti Rabitə Nazirliyinə viruslu şəxslərlə təmas etdiyi düşünülən vətəndaşların izlənməsinə kömək üçün yeni təmas izləmə sistemi hazırlamaq əmri verən elan yayımladı. Meduza-ya görə, “sistem telekommunikasiya şirkətlərindən müəyyən şəxslərin coğrafi məkan məlumatlarını təhlil edəcək.”
Sinqapur 20/03/2020
Sinqapur rəsmiləri COVID-19 yayılmasını izləməyə kömək üçün TraceTogether adlı tətbiq yayımladılar. Saytına görə artıq 650.000 istifadəçisi olan tətbiq Dövlət Texnologiya Agentliyi və Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb. Straits Times-a görə tətbiq “simsiz Bluetooth texnologiyası ilə koronavirus xəstələrinə yaxın olan şəxsləri müəyyənləşdirə bilər.” TraceTogether-in yayımladığı videoya görə “Coğrafi məkan və digər şəxsi məlumatlar toplanmır.”
- Əlaqəli mövzu: Sinqapur koronavirus epidemiyasında necə UĞURLU oldu?
Hindistan 20/03/2020
20 mart cümə günü Reuters bunları bildirdi: “Hindistanda koronavirusa yoluxduğundan şübhələnilən şəxslərin əllərinə silinməyən mürəkkəblə möhür vurulub. Onlar həmçinin mobil telefonları və şəxsi məlumatları ilə izlənirlər.” Maharashtra və Cənubi Karnataka hava limanlarına gələn vətəndaşlara vurulan silinməz əl möhürləri şəxsin özünü təcrid edəcəyi tarixi ehtiva edir. Reuters yazısı “Cənubdakı Kerala ştatında rəsmilər koronavirus xəstələrinin birincili və ikincili təmaslarını izləmək üçün telefon danışığı qeydlərindən, CCTV görüntülərindən və mobil telefon GPS sistemlərindən istifadə etdilər” deyə davam edir.
Polşa 19/03/2020
Polşanın Rəqəmsal İşlər Nazirliyi karantində olan vətəndaşlar üçün yeni tətbiq istifadəyə verdi. Tətbiq istifadəçilərdən günün təsadüfi vaxtlarında coğrafi məkan göstərilən selfi göndərməyi istəyir ki, rəsmilər karantin tədbirlərinə əməl olunub-olunmadığını bilsinlər. Qaydaya əməl edilməsə, şəxslər 5.000 PLN cərimə ala bilər. Privacy International-a görə: “Sistem həm şəxsi (üz tanıma ilə), həm də onun yerini müəyyənləşdirir. Bu, polis əməkdaşının karantindəki şəxsə baş çəkməsinə oxşar tətbiqdir.”
İngiltərə 19/03/2020
Sky News İngiltərə hökumətinin istifadəçilərin məkan məlumatlarını təhlil etmək üçün 02 nömrəli böyük mobil şəbəkə ilə işlədiyini bildirdi. Sky News yazısına görə, “Layihə istifadəçiləri izləməyəcək və bu məqsədlə hazırlanmayacaq.” The Guardian-ın həmin gün yayımladığı yazıda ölkənin ən böyük mobil şirkəti EE-nin istifadəçi məkan məlumatlarını hökumətlə ən yaxşı necə bölüşmək barədə müzakirə apardığı bildirildi. Məxfilik müdafiəçiləri belə şəxsi məlumatları böyük miqdarda təhvil verməyin, işlər normallaşanda geri qayıtmağın çətin olacağı həddi keçməsindən narahatdırlar.
Honq Konq 19/03/2020
Honq Konqda bütün beynəlxalq səfərlərdən gələnlər virusun yayılmasını ləngitməyə kömək üçün 14 gün evdə qalmalıdır. Yeni gələnləri izləmək üçün rəsmilər istifadəçinin yerini qeydə alan və aidiyyəti qurumlarla bölüşə bilən qolbaqlar verirlər. Karantin pozuntusuna görə şəxs 6 ay həbs və 25.000 HK cərimə ala bilər.
İtaliya 18/03/2020
Vodafone 18 martda Oto-ya COVID-19-un yayılmasına cavab vermək üçün beş bəndlik plan başlatdı. Mətbuat açıqlamasına görə şirkət İtaliyanın Lombardiya bölgəsində COVID-19 yayılmasını önləmək üçün əhali hərəkətlərini daha yaxşı anlamağa kömək edən birləşdirilmiş və anonim istilik xəritəsini artıq hazırlayırdı.
İsrail 17/03/2020
İsrail hökuməti rejimə mobil telefonları izləməklə vətəndaşları müşahidə etməyə imkan verən yeni tədbirləri təsdiqlədi. Əslində terrorla mübarizə əməliyyatlarına kömək üçün hazırlanmış texnologiyanın ölkədəki bütün mobil telefonların fiziki yerini, həmçinin zəng və mesajlarını izləyə bildiyi düşünülür. Fələstin vətəndaşlarının rəqəmsal hüquq qrupu 7amleh-yə görə rejim vətəndaşların kameralarına və qulaqlıqlarına da daxil ola bilir.
Almaniya 17/03/2020
Almaniyanın Deutsche Telekom mobil operatoru istifadəçilərin anonimləşdirilmiş məkan məlumatlarını xəstəliklərə nəzarət və profilaktikaya cavabdeh tədqiqat institutu və dövlət qurumu Robert-Koch İnstitutuna ötürdüyünü açıqladı.
Cənubi Koreya 16/03/2020
16 martda Koreya telekommunikasiya və kredit kartı şirkətlərinin vətəndaşların hərəkətlərini izləməyə kömək üçün hökumətlə məlumat bölüşdüyü bildirildi. The Guardian xəbərində Cənubi Koreyada səhiyyə rəsmiləri və yerli ofislərin göndərdiyi mesajların “şəxsi məlumat yığılmasına və sosial damğalanmaya səbəb olduğunu” bildirdi.
İtaliya 14/03/2020
Almaniya, İngiltərə və Avstriya kimi İtaliya mobil operatorlarının da toplu məkan məlumatlarını səhiyyə nazirlikləri ilə bölüşdüyü görüldü. Hazırda Çindən daha çox koronavirus ölümü qeydə alan ölkədə virusu nəzarətə götürmək üçün məkan məlumatlarının yerli rəsmilərə vətəndaşların qapanma tədbirlərinə reaksiyasını izləməkdə kömək etməli olduğu düşünülür. The Guardian hesabatına görə, 40.000-dən çox italiyalının küçəyə çıxma qadağasına əməl etmədiyi müəyyənləşdirildi.
Belçika 12/03/2020
Belçika hökuməti yerli mobil operatorlara virusun yayılmasını izləmək üçün anonimləşdirilmiş məlumatları üçüncü tərəflə bölüşməyə icazə verəcəyini təsdiqlədi.
İran 03/03/2020
İran vətəndaşları Səhiyyə Nazirliyindən yeni tətbiq barədə bildiriş aldılar. AC19 adlı tətbiqin istifadəçilərin hərəkətlərini rejimlə bölüşmək üçün onların canlı məkanlarını topladığı düşünülür.
Sinqapur 01/03/2020
Fevralın sonunda Sinqapur Səhiyyə Nazirliyi virus qurbanları barədə ictimaiyyətə məlumat verdi. Sonra bunu interaktiv xəritəyə çevirdi ki, vətəndaşlar yoluxanların yerini izləyə bilsinlər. Xəritə sürətlə yayıldı və ayrı-seçkilik, damğalanma və ciddi rəqəmsal məxfilik pozuntuları yarada biləcəyi qorxusunu artırdı.
Fiziki müşahidə tətbiqləri
COVID-19 yayılmasını ləngitmək üçün bir çox hökumət getdikcə daha geniş fiziki müşahidə tədbirləri görür. Bunlara istilik sensorlu üz tanıma kameralarının yerləşdirilməsi, vətəndaşların hərəkətlərini izləyən dronlar və küçəyə çıxma qadağasının tətbiqinə kömək edən geniş CCTV kamera şəbəkələri daxildir.
Avstraliya 30/03/2020
Avstraliyanın 9 News qəzeti Qərbi Avstraliya polisinin qapanma tədbirlərini tətbiq etməyə kömək üçün pilotsuz uçuş aparatlarından istifadəyə başlayacağını bildirdi. Məqaləyə görə: “Yanıb-sönən polis işıqları və sirenlərlə təchiz edilmiş pilotsuz aparatlar çimərliklərdə, parklarda və digər ərazilərdə patrul üçün istifadə olunacaq və sosial məsafə qaydalarına əməl etməyənlərə xəbərdarlıq edə biləcək.”
ABŞ 27/03/2020
Spectrum News NY1-in tvitinə görə, Nyu-York Polis Departamenti məhdudiyyətləri tətbiq etməyə kömək üçün havadan görüntülərdən istifadə edir.
Belçika 26/03/2020
Avropa Komissiyasının Onlayn Əlaqələr Məsulu Raphael-Antonis Stylianou tvitində 21 martda Brüsseldə müşahidə dronunun istifadəsini göstərdi.
İspaniya 14/03/2020
Madrid polisi tvit paylaşdı: “Təhlükəsizliyinizi təmin etmək üçün lazım olan bütün vasitələrdən istifadə etməkdən çəkinmirik.” Tvitdə müşahidə dronlarının videoları da vardı. Dronlar səsgücləndiricilərlə təchiz edilmişdi və vətəndaşları evdə qalmağa çağırırdı.
Rusiya 21/02/2020
Reuters Moskva merinin insanların evdə qalmasını təmin etmək üçün üz tanımadan istifadə etdiyini açıqladığını bildirdi. Məqaləyə görə mer saytında belə yazdı: “Üz tanıma sistemləri və digər texniki tədbirlər daxil olmaqla tədbirlər rejimə uyğun olaraq davam edir.” Bir hesabata görə, 200-dən çox insanın karantin əmrlərinə əməl etmədiyi Təhlükəsiz Şəhər adlı müşahidə sistemi ilə müəyyənləşdirilib.
Çin 20/01/2020
Çində dronlar, üz tanıma və mobil telefon izləmə kimi çoxlu müşahidə tədbirləri var. Ən böyük telekommunikasiya operatorlarından ikisi olan Çin Unicom və China Telecom Wuhan vətəndaşlarından cihazları ilə əlaqələndirmək və daha effektiv izləmək üçün şəxsi məlumatlarını istədi. Bir çoxu bu yeni tədbirlərin adiləşəcəyindən və virus azalandan sonra da eyni şəkildə işlədiləcəyindən narahatdır. Guangzhou-da yaşayan fəal Wang Aizhong-un The Guardian-a “Bu epidemiya şübhəsiz hökumətin insanları daha çox izləməsinə fürsət yaradır. Rəsmilərin epidemiyadan sonra da bunu davam etdirə biləcəyini düşünürəm.”
Senzura tətbiqləri
Yeni koronavirus epidemiyası özü ilə yanlış məlumatları da gətirdi. Doğruluğu bilinməyən və qəsdən yayılan məlumat insanları və cəmiyyətləri yanlış məlumatlandırmaq və yönləndirmək üçün sosial sahədə istifadə olunan əsas vasitələrdəndir. Buna nəzarət üçün hökumətlər və sosial media platformaları onlayn məzmunu ciddi tənzimləməyə və beynəlxalq səhiyyə qurumlarının rəsmi fakt və rəqəmlərini çatdırmağa çalışdılar. Lakin bəzi hökumətlər müəllifləri susdurmağa və məlumat axınını idarə etməyə çalışan senzura tətbiqlərinə haqq qazandırmağı seçdilər.
İran 25/03/2020
Voice of Amerika xəbərinə görə: “İranda koronavirus yayıldıqca rəsmilər jurnalistləri və sosial media istifadəçilərini təqib, həbs və senzura edərək müstəqil hesabatları da əhatə edən sürətli və aqressiv addımlar atdılar.” Xəbərin davamına görə, “Tehran rəsmi hesabatlara zidd çıxan və ya onları sorğulayan jurnalistləri dindirdi və ya saxladı, hökumət rəqəmlərindən fərqli statistika yayanların həbs ediləcəyini bildirdi və xəbər redaksiyalarına senzura əmrləri verdi.” Həmçinin 2 mart 2020-də İranda Wikipedia-nın farsca nəşrinə giriş bağlandı. Səbəb dövlətin koronavirus epidemiyasına yanaşması barədə yanlış məlumat ehtiva etdiyinin düşünülməsi idi.
Tailand 25/03/2020
Human Rights Watch Tailand rəsmilərinin “hökumətin COVID-19 epidemiyasına reaksiyasını tənqid edənləri məhkəməyə vermək üçün ‘saxta xəbər’ qanunlarından istifadə etdiklərini” bildirdi.
Rusiya 25/03/2020
Jurnalistləri Müdafiə Komitəsi Rusiya rəsmilərini virus barədə media yayımlarına senzuranı dayandırmağa çağıran bəyanat yayımladı. Qrupun açıqlamasına görə: “Rusiyanın media tənzimləyicisi Roskomnadzor bəzi yazıların saytlardan və sosial mediadan silinməsini əmr edib və cərimələrlə hədələyib.”
Kamboca 24/03/2020
Human Rights Watch Kambocada COVID-19 barədə məlumat paylaşdığına görə həbs olunan 17 sosial media istifadəçisini sənədləşdirdi. Hüquq müdafiəçisinə görə, həbs edilən və dindirilən 14 yaşlı qız da vardı, çünki “məktəbində və əyalətində COVID-19 müsbət halları barədə şayiələrlə bağlı qorxularını sosial mediada ifadə etmişdi”.
Niger 24/03/2020
Jurnalistləri Müdafiə Komitəsinin 24 martda yayımladığı hesabata görə, Nigerdə rəsmilər virus barədə şərhlərinə görə tanınmış jurnalisti həbs etmişdilər.
Uqanda 23/03/2020
Rəqəmsal hüquq müdafiə təşkilatına görə, 23 martda Uqandada COVID-19 barədə məzmun paylaşdığı üçün sosial media istifadəçisi həbs edildi. Qrupun hesabatına görə: “Ölkənin telekommunikasiya tənzimləyicisi Uqanda Rabitə Komissiyası (UCC), Uqandada COVID-19 halının qeydə alınmasından sonra sosial media senzurasını sərtləşdirdi.”
Misir 18/03/2020
18 martda Al Jazeera xəbəri: “Misir bir İngiltərə qəzetinin və britaniyalı jurnalistin mətbuat vəsiqələrini ləğv etdi və ölkədəki koronavirus halları barədə ‘pis niyyətli’ xəbərə görə New York Times-ın Qahirə bürosunun rəhbərinə senzura tətbiq etdi.”
Guardian-da Ruth Michaelson ölkədəki koronavirus hallarının sayının rəsmi məlumatların göstərdiyindən yüksək olduğunu bildirən xəbər yayımladı.
Sinqapur 16/03/2020
Washington Post Sinqapur hökumətinin Facebook-a məşhur bir səhifəyə yerli girişi bağlamağı əmr etdiyini bildirdi. State Times Review səhifəsi sosial media nəhənginin mənfi qərarı ilə şirkətin gündə 14.000 dollardan çox cərimə riski qarşısında olması səbəbindən sürətlə bağlandı. Rəsmilər səhifənin koronavirus epidemiyası barədə yanlış məlumat yaydığını iddia etdilər. Səhifəni açıq və tənqidi yazıları ilə tanınan sinqapurlu müxalif Alex Tan idarə edirdi.
Çin 31/12/2019
Citizen Lab-ın yaxın tarixli hesabatına görə, canlı yayım platforması YY 31 dekabr 2019-da epidemiyaya dair sözləri senzura etməyə başladı. WeChat də COVID-19 məzmununu sürətlə senzura etməyə başladı və fevralda fəaliyyətini genişləndirdi. Citizen Lab-a görə: “Senzura qaydalarının çoxu genişdir və virus adları və ya onunla bağlı məlumat mənbələri olan mesajları effektiv bloklayır. Belə qaydalar xəstəlik və profilaktika barədə həyati ünsiyyəti məhdudlaşdıra bilər.” Beynəlxalq hüquq müdafiə təşkilatı Human Rights Watch da bu fikri bölüşür. Son hesabatına görə: “Çin hökuməti əvvəlcə koronavirus barədə əsas məlumatları xalqdan gizlətdi, yoluxma hallarını bildirmədi, infeksiyanın ağırlığını kiçiltdi və insanlar arasında yoluxma ehtimalını inkar etdi.”
İnternet məhdudiyyəti
Access Now yazdı: Dünya COVID-19 yayılması ilə mübarizə apararkən etibarlı və doğru məlumat insanların özlərini qorumasının ən vacib vasitələrindəndir. Lakin mühüm səhiyyə məlumatlarının sərbəst axınına təcili ehtiyac olsa da, dörd hökumət bəzi bölgələrində internetə girişi məhdudlaşdırmağa davam edir.
Efiopiya
Uzun müddətdir internet kəsintiləri tətbiq edən Efiopiya hökuməti yanvardan Oromia bölgəsinin girişini məhdudlaşdırıb.
Hindistan
Hindistanın Jammu və Kəşmir bölgələrində vətəndaşlar yalnız 2G bağlantısına daxil ola bilirlər. Məhdudiyyətlər avqust 2019-da başlayıb və bağlantılar bərpa edilsə də, 2G-nin aşağı sürəti həyati səhiyyə məlumatlarının axınını xeyli məhdudlaşdırır. Bunun həmçinin insanların güclü narahatlıq dövrlərində ailələri ilə ünsiyyət imkanlarını məhdudlaşdırdığını demək olar.
Banqladeş
Banqladeş hökuməti 2019-dan mobil internet bağlantılarını bağlayıb və qaçqınların Rohingya düşərgələrində SIM kart istifadəsinə mane olub. Human Rights Watch-a görə bu məhdudiyyətlər “mühüm humanitar və təcili xidmətləri pozur. Qaçqın düşərgələrində internetə girişi məhdudlaşdırmaqla Banqladeş rəsmiləri onsuz da müdafiəsiz qrupu daha böyük riskə atırlar.
Myanma
Bu gün davam edən şiddətli silahlı münaqişə şəraitində 2019-dan Rakhine və Chin ştatlarının doqquz rayonunda internet bağlanıb. Ölkədə internet məhdudiyyətləri davam etdikcə ən müdafiəsiz insanların çoxu virus barədə həyati məlumatlara çata bilməyəcək. Myanmada internetin bağlanması dünyada ən uzunmüddətli hallardan biridir.
Ümumi qiymətləndirmədə indiyədək Avropa ölkələri rəqəmsal izləmə tədbirlərindən istifadə edərkən, Asiya ölkələrində rəqəmsal məzmunun senzurası daha ön plana çıxır.
Nəticə
Nəticədə epidemiya başlayandan bu günədək yaxşı və pis bir çox üsul sınanıb və sınanır. Hansının işə yarayacağı zamanla aydınlaşacaq. Belə dövrlərdə müxtəlif elm sahələrinin birlikdə işləməsinin nə qədər vacib olduğunu bir daha gördük.
- BÜTÜN KORONAVİRUS YAZILARIMIZ -
Mənbələr
top10vpn.com - 20 Mart 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.