Sağlamlıqla bağlı ən çox rast gəlinən 9 yanlış fikir və doğruları

1- Gündə ən azı 8 stəkan su için
İçdiyiniz hər stəkan suyu saymağa ehtiyac yoxdur. Tədqiqatlar susadıqca su içməyin ehtiyacınızı qarşılayacağı və sağlam qalacağınız istiqamətindədir. Bundan əlavə, gün ərzində şorba, çay, qəhvə, mineral su kimi mayelər də içdiyiniz suya əlavə olaraq maye ehtiyacınızı kifayət qədər qarşılayır. Yaxud 8 stəkandan çox suya da ehtiyacınız ola bilər. Bu, hava şəraiti və fiziki aktivliyə görə dəyişə bilən ehtiyacdır. Sidiyinizin rəngi sarı və daha tünd tonda olarsa, bu, susuz qaldığınızın əlamətidir. Daha çox suya ehtiyacınız vardır. Həmçinin bəzi xəstəliklərdə içilən su miqdarı məhdudlaşdırılmalıdır; məsələn, ürək və xroniki böyrək çatışmazlığında. Əksinə, böyrək köçürülməsi keçirmisinizsə, həkiminiz daha tez-tez su içməyi tövsiyə edə bilər.
2- Yumurta ürək sağlamlığına pis təsir edir
Yumurta sevənlər üçün bu yaxşı xəbərdir. Sağlam şəxslərdə yumurta ürək xəstəliyi riskini artırmır. Bəli, yumurtanın sarısında xolesterin var. Lakin bu, istehlak etdiyiniz digər hazır qidalar və qeyri-sağlam yağlar qədər zərərli deyil. Üstəlik, yumurta omega 3, zülal, dəmir kimi qidalı xüsusiyyətlərə malikdir və hətta ürək-damar xəstəlikləri riskini azaltmağa da təsir göstərə bilər.
3- Antiperspirant dezodorantlar süd vəzi xərçəngi yaradır
Rahat olun. Dezodorantların tərkibindəki kimyəvi maddələrin qoltuqaltından sorularaq süd vəzi xərçənginə səbəb olduğunu sübut edən elmi məlumat yoxdur. İntuisiyalar elmi sübutların yerini vermir!

4- Soyuq hava qripə səbəb olur
Soyuq havanın özü qrip və ya zökəm səbəbi deyil. Qış aylarında bu xəstəliklərin daha çox görülməsinin səbəbi insanların daha çox qapalı məkanlarda olması və qripə, zökəmə səbəb olan virusların insandan insana daha asan keçməsidir. Hətta bəzi tədqiqatlar immun sisteminin soyuq hava ilə aktivləşdiyini düşündürür. Yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolunun əl yumaq olduğunu yenidən xatırladaq.
5- Gündəlik multivitaminə ehtiyacınız vardır
Gündəlik vitamin əlavəsi qəbul etməli olduğunuzu düşünə bilərsiniz. Lakin tədqiqatçılar bu barədə eyni fikirdə deyillər, hətta vitamin əlavələrinin faydadan çox zərər verə bildiyini göstərən tədqiqatlar mövcuddur. Yalnız həkiminiz ehtiyacınıza görə vitamin verərsə, əlbəttə istifadə edin. Bol meyvə, tərəvəz, taxıl, sağlam yağlar kimi müxtəlif qidaların birlikdə istehlak edildiyi balanslı pəhrizlə əlavə qəbul etmədən sağlamlığınızı qoruya bilərsiniz.

6- Unitaz oturacağı sizi xəstələndirə bilər
Çöldə tualet ehtiyacınız olduqda unitaz oturacağı örtüyü yoxdursa, stresə girməyin. Lakin daha çox diqqət edilməli yerlər su buraxma düyməsi, qapı dəstəyi və döşəmədir. Bu yerlər müxtəlif virusları və E.coli kimi bakteriyaları yoluxdura biləcəyinə görə heç bir yerə çılpaq əllə toxunmamağa çalışın. Əlinizə tualet kağızı sarıyaraq lazım olan yerlərdən tuta bilərsiniz və sonra əlləri bol sabunlu su ilə yumaq lazımdır.
7- Barmaq çırtlatmaq oynaq iltihabına səbəb olur
Barmaqları çırtlatmağın kirəcləşmə və oynaq iltihabı yaratdığına dair ağızdan-ağıza keçən fikir vardır. Kimsə bu hərəkəti etdikdə çıxan səsdən narahat olanlar da var. Mənbələrə görə bu səsin verdiyi narahatlıqdan başqa mənfi nəticəyə səbəb olmadığı deyilir. Əgər bu hərəkət sizə zövq verirsə, problem yoxdur; ağrıya səbəb olursa, həkiminizə müraciət edin.
8- Elektron siqaret zərərsizdir
Elektron siqaretdə olan kimyəvi maddələrin də müxtəlif DNA mutasiyalarına səbəb olduğu göstərilmişdir. Bu da uzun müddətdə bir çox xərçəngin riskini artıra bilər. Elektron siqaretin ağız və ürək-damar sağlamlığı üçün problemli nəticələrinin ola biləcəyi artıq tədqiqatlarla ortaya qoyulmağa başlamışdır. Həmçinin həm adi, həm də elektron siqaretdə olan nikotin çox qəbul edildikdə sanki zərərsizmiş kimi göstərilir, lakin nikotinin diş əti hüceyrələrinə də zərər verdiyi məlumdur.
Elektron siqaret haqqındakı bütün tədqiqatlara bu bölməmizdən baxa bilərsiniz.

9- Bitki məhsulları ilə xərçəng müalicə edilə bilər
Təbii bitki məhsullarının alternativ yol kimi xərçəng müalicəsində istifadəsinə dair çoxlu tədqiqat aparılmış, lakin müsbət cavab alınmamışdır. Yəni indiyədək heç bir fitoterapiya məhsulunun insanlarda xərçəngi müalicə etdiyi (şişləri kiçiltdiyi və ya məhv etdiyi) görülməmişdir. Şəfaçılığın ənənəvi olaraq davam etdiyini hələ də görürük. Lakin xərçəng müalicəsində elmi şəkildə hazırlanmış müalicə üsullarının və aparılmış genişmiqyaslı tədqiqatların faydaları bu cür əlavələrlə müqayisə edilə bilməz.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.