Sosial mediada paylaşılan hər 3 yazıdan birində yanlış məlumat var

Bu məqalədə
Yeni təhlilə görə ən populyar xəbər və sosial media səhifələrində dərc edilən hər üç yazıdan birində yanlış məlumat var və bunlar arasında xəstələrə ciddi zərər vermək potensialı olan yazılar da mövcuddur.
Ən populyar 200 xəbər məzmununun (prostat, ağciyər, süd vəzi və kolorektal xərçəng — hər biri üçün 50 yazı) təxminən üçdə birində (%32,5) yanlış məlumat var. Həmçinin yanlış məlumatlı bu yazıların %76,9-da zərərli məlumat var.
Təhlildə iştirak edən tədqiqatçılar "İnternet sağlamlıqla bağlı yanlış məlumatların aparıcı mənbəyidir. Bu, yanlış məlumatın təsdiqlənmiş məlumatdan daha sürətli və geniş yayıldığı sosial media üçün xüsusilə doğrudur." deyə açıqlama verdilər.
Tədqiqatın aparıldığı ABŞ Yuta Universiteti Huntsman Xərçəng İnstitutundan Skyler Johnson “Bu problemləri birbaşa həll etməliyik" deyir.
"Tibb ictimaiyyəti olaraq sosial mediadakı xərçəng barədə yanlış məlumat problemini görməzdən gələ və ya xəstələrimizdən bunu istəyə bilmərik. Xəstələrimizlə empatiya qurmalı və belə məlumatla qarşılaşanda onlara kömək etməliyik. Məqsədim suallarını cavablandırmağa kömək etmək və xərçəng xəstələrinə ən yaxşı nəticəyə çatmaq üçün ən yaxşı şans verəcək doğru məlumatı təmin etməkdir."
Sosial media: doğruluq yerinə populyarlıq və möcüzə axtarışı
22 iyulda Journal of the National Cancer Institute jurnalında onlayn dərc edilmiş tədqiqat, 2018-2019 arasında Facebook, Reddit, Twitter və Pinterest sosial media platformalarında yayımlanan məqalələri nəzərdən keçirdi. Məqalənin populyarlığı müsbət səslər, şərhlər, reaksiyalar və paylaşımlar kimi oxucu qarşılıqlı əlaqələri ilə qiymətləndirildi.
Johnson yanlış məlumat nümunəsi kimi "44 yaşlı ana CBD (kannabinoidol, kannabis) yağının süd vəzi xərçəngini 5 ayda müalicə etdiyini iddia edir" başlıqlı məqaləni göstərdi. Müəllif fevral 2018-də truetheory.com saytında dərc edilən məqaləsini "fikir" kimi təqdim etdi. Yazının sonunda eyni müəllifin Daily Mail qəzetində çıxan başqa məqaləsinə də keçid verilmişdi.
Bu cür məqalələrdə fikirlər və iddialar çox təsirli ola bilər. Onkoloq kimi 20 ildən sonra xəstənin müalicə tövsiyələrini rədd edib yerinə "alternativ" müalicə seçməsi təəssüf ki, artıq təəccüblü deyil. Xəstələr və yaxınları üçün başqa "tələ" isə möcüzə axtarışıdır. Göründüyü kimi bundan faydalanmaq istəyənlərin payı heç də az deyil.
Xəstələr və yanlış məlumatlar barədə araşdıran Duke Universitetindən Brian Southwell deyir ki, yanlış məlumat bəzən sensasiyalı deyil, amma yenə də ağıllı qurulmuş ifadələr və təqdimatlarla təsirli olur. “Sehirli şəkildə cəlbedici olan yalan deyil; yanlış məlumatın adətən təqdimedilmə forması onu cəlbedici edə bilər.” Southwell həkimlərə tibbi yanlış məlumata qarşı mövqedə qabaqlayıcı davranmağı tövsiyə edir.
Southwell Amerika İctimai Sağlamlıq Jurnalında bu yaxınlarda dərc edilmiş məqalədə "Xəstələrin narahatlıqlarını soruşmadan bildirmələrini gözləmək əvəzinə səhiyyə işçiləri onlarla mümkün yanlış məlumatlar barədə danışmalıdır" deyir. Qısası, xəstələrdən xərçəng müalicələri barədə nə bildiklərini soruşmağı tövsiyə edir. "Xəstələr qarşılaşdıqları yanlış məlumatın yanlış olduğunu ümumiyyətlə bilmirlər. Onlara şəfqət və empatiya ilə yanaşmaq yaxşı ilk addımdır."
Tədqiqatın təfərrüatları
Johnson və həmkarlarının dərc etdiyi tədqiqatda dörd xərçəngin hər biri üçün məzmun mütəxəssisi olaraq Milli Hərtərəfli Xərçəng Şəbəkəsinin iki panel üzvü seçildi. Onların vəzifəsi hər məqalədəki əsas tibbi iddiaları nəzərdən keçirmək idi. Sonra mütəxəssislər hər məqalədə yanlış məlumat və potensial zərər göstəricisini tapmaq üçün bir sıra dərəcələndirmələr apardılar.
200 məqalənin %41.5-i qeyri-ənənəvi xəbərlərdən (yalnız rəqəmsal), %37.5-i ənənəvi xəbərlərdən (çap və/və ya yayım mediasının onlayn versiyaları), %17-si tibb jurnallarından, %3-ü kütləvi maliyyələşdirmə saytlarından və %1-i şəxsi bloqlardan idi.
Mütəxəssislərin bu qiymətləndirməsində məqalələrin təxminən üçdə birinin yanlış məlumat ehtiva etdiyi nəticəsinə gəlindi. Yanlış məlumat yanıltma (mətn və ya statistika/məlumatla dəstəklənməyən başlıq nəticəni də dəstəkləmir — %28.8), sübut gücünün yanlış təsviri (güclü və ya əksinə zəif göstərilən sübutlar — %27.7) və sübutsuz müalicələr (araşdırılmamış və ya sübutu yetərsiz — %26,7) kimi müəyyən edildi.
Təəssüf ki, yanlış məlumatlı məqalələrin qarşılıqlı əlaqə sayı doğru məqalələrdən çox idi. Məsələn, Twitter bəyənmələri kimi qarşılıqlı əlaqələrin median sayı müvafiq olaraq 2300 və 1600 idi. Ümumilikdə 200 məqalənin %30,5-də zərərli məlumat vardı.
Tədqiqatda bu zərərli məlumatlar belə müəyyən edildi;
- Vaxt itkisinə bağlı zərər (müalicəolunan vəziyyətdə gecikməyə və ya tibbi yardım alınmamasına səbəb ola bilər — %31,0)
- İqtisadi zərər (müalicə və ya ona çatmaq üçün səfər xərcləri — %27,7)
- Ediləcək prosedura bağlı zərər (tövsiyə edilən test/müalicənin potensial zəhərli təsirləri — %17.0)
- Zərərli qarşılıqlı təsirlər (sağqalım verə biləcək müasir müalicələrlə məlum/naməlum tibbi qarşılıqlı təsirlər — %16.2)
Tədqiqatın bir məhdudiyyəti yalnız ingiliscə dərc edilmiş ən populyar xərçəng məqalələrini əhatə etməsidir. Yenə də bu iş internetdə çatdığımız hər məlumatın doğru olmadığının, hətta üçdə birinin yanlış ola biləcəyinin və xüsusilə sensasiyalı xəbərlərə diqqət etməli olduğumuzun aydın göstəricisidir. Hər insanın eyni olmadığını və müalicələrin şəxsə görə dəyişə biləcəyini unutmamaq xüsusilə vacibdir. Ümumi məlumatdan çox həkiminizdən və etibarlı mənbələrdən alacağınız fərdi qiymətləndirmələr daha doğrudur.
Mənbələr
2. Nick Mulcahy. One in Three Cancer Articles On Social Media Has Wrong Info - Medscape - Jul 29, 2021.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.